Bia.Az

XALQA XİDMƏT EPOXASI: Gənclik və müdrikliyin vəhdətində

Siyasət
 23-12-2021, 13:36     422


Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Bu yazıma şərəfli bir ömür yolu keçmiş, müxtəlif təbəddülatlardan, keşməkeşlərdən, təlatümlərdən keçmiş Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ömür səhifələrinin məna çalarlarına nəzər salmaqla başlamaq istəyirəm. O, hazırda Müzəffər Ali Baş Komandan ünvanı daşıyan qalib Sərkərdə və QALİB xalqın lideridir! Onun ömür yolunda bu ünvanı ona tarixi qələbələrdən irəli gələn zərurət, eyni zamanda genetik amillər bəxş etmişdir.
Məsuliyyət ailədən başlayır desək, yanılmarıq. Belə ki, bu, atanın evin başçısı, ananın evin xanımı kimi, övladların isə övladlıq borcunun nədən ibarət olduğunu dərk etməsidir. Qeyd etdiyimiz bu ibtidai məsuliyyət cəmiyyətin bütün təbəqələrində və vəzifələrində görünənlərin məsuliyyətinə qədər əhatəli olur.
Dövlətçilikdə məsuliyyət anlayışı
ƏTRAFLIcitynet.azDövləti idarə edən rəhbərin məsuliyyəti isə millət və dövlət qarşısında özünün təsdiqini tapır. Burada siyasi məsuliyyətin ancaq güclü ağıldan, əhatəli zəkadan güc aldığını qeyd etmək vacib şərtlərdəndir. Sözsüz ki, bu şəxsi amillər olmasa, siyasətin zərrə qədər incəliyi ilə tanış olmaq da mümkün olmaz.
Yəni siyasət - bəşəri ideyaları zərrə-zərrə qavramaqla, zəkaların gücünü duymaqla və düşüncələrin qüdrətini dərk etməklə ölçülən sistemdir. Dövlətçiliyi qoruyub saxlamaq, qüdrətləndirmək strategiyasının özü də olduqca güclü siyasi məsuliyyət tələb edir. Danılmaz faktdır ki, Ulu Öndər Heydər Əliyev tarixi şəxsiyyət, dövlətçilik taktikalarını tam siyasi məsuliyyətlə həyata keçirən sərkərdələrimizdən biri kimi qürurumuzu gözümüzün işığı kimi qoruyan siyasi müdrikliyi, milli, mənəvi dəyərlərimizi dövlətimizin gücü ilə bəşəriyyətdə təsdiqləyən, siyasi məsuliyyəti isə dərindən dərk edərək heç bir səhvə yol verməyən siyasi liderimiz olub.
İlham Əliyev məhz bu cür xarakterik xüsusiyyətlərə malik dünya lideri olan Heydər Əliyevin ailəsində dünyaya göz açıb. Azərbaycan boyda bir məmləkətin ağırlığını öz çiyinlərində daşıyan Heydər Əliyevin ailəsində böyüyüb.
İlham Əliyev bu məsuliyyəti dərindən dərk edirdi. O, çıxışlarından birində deyir: “Mən fəxr edirəm ki, Heydər Əliyevin oğluyam. Mən bu duyğu ilə erkən yaşlarımdan yaşayıram və bu hiss mənim bütün ömrümdən keçib. Onun haqqında siyasətçi, şəxsiyyət, qeyri-adi qabiliyyətlərə, yüksək insani keyfiyyətlərə malik bir insan kimi çoxlu sayda kitablar, məqalələr, elmi araşdırmalar yazıblar. Amma məndən ötrü o, ilk növbədə, istəkli atadır, övladlarımın babasıdır. Heydər Əliyevin oğlu olmaq böyük xoşbəxtlikdir və eyni zamanda böyük məsuliyyətdir. Məsuliyyət, ilk növbədə, ona görədir ki, onun adına layiq olasan. Mən uşaq yaşlarımdan anlayırdım ki, nə isə bir ədalətsizliyə yol versəm, və ya nəyi isə düz eləməsəm, adamlar deyəcək: “Bunu Heydər Əliyevin oğlu törədib”. Mənim yanlış hərəkətim mənim atama ünvanlanacaq. Amma mən buna heç zaman yol verə bilməzdim. Həmçinin mənim uğurlarım da Heydər Əliyevin adı ilə bağlıdır. Bəli, mən həyatda nəyə nail olmuşamsa, bu, atamın mənə verdiyi tərbiyənin nəticəsidir. Heydər Əliyev qalibdir. O, bütün zamanlarda qələbələr qazanıb və qazanır.
Bunu hamı etiraf edir. Ancaq bəziləri heyrətə gəlib soruşurlar ki, o buna necə nail olur? Əlbəttə, bu suala tamamilə müfəssəl cavab vermək olar. Amma belə bir müxtəsər cavab yerinə düşər: “Xeyirxahlıq həmişə qalib gəlir”. Heydər Əliyevin qələbəsi ədalətin və həqiqətin təntənəsidir. Həqiqət onun varlığında, təbiətində, naturasındadır”...
“Heydər Əliyev xalqın, millətin lideridir, Azərbaycanın simasıdır. Bu gün də Azərbaycanın bir lider kimi ona ehtiyacı var, sabah da olacaqdır!”
İlham Əliyevin fikirlərinə sözardı: tarix sübut etdi ki, Azərbaycanın bu gün ehtiyacı olduğu lider məhz Ümummilli Liderin davamçısı İlham Əliyev özüdür!
İlham Əliyevin ailə mühitindən danışarkən anası, görkəmli akademik Zərifə Əliyevanı xatırlamamaq mümkün deyil. Zərifə xanım özü də böyük mənada ailə ənənələri olan görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində böyümüşdür. Zərifə xanımın müdrik və nəcib ana obrazının İlham Əliyevin yetişməsində müstəsna rolu olmuşdur.
İlk ictimai mühit: orta məktəb illəri
İlham Əliyevin özü orta məktəb illərini belə xatırlayır: “Mənim üçün 6 nömrəli məktəb doğma, əziz məktəbdir. Mən on il burada, bu məktəbdə oxumuşam. Bütün bu ətraf ərazilər mənim üçün doğmadır. Mənim uşaqlıq yaşlarım elə bu məhəllədə keçibdir. Hər bir insan kimi mənim üçün də məktəb illəri unudulmaz illərdir. Burada, məktəbdə mənə verdikləri biliklərə görə müəllimlərimə minnətdaram və o xatirələri həmişə ürəyimdə saxlayıram”.
6 saylı məktəbin müəllimi Emma Kazımova Prezident İlham Əliyevin orta məktəb illərini belə xatırlayır: “O, sinfin gözü idi, hər şeyi o dəqiqə başa düşən, enerjili, qaynar təbiətli, ünsiyyətcil, həm də atasının yüksək mənsəbindən sui-istifadə edən bəzi uşaqlardan fərqli olaraq sadə və mehriban. Yaşıdlarından hündür, yaraşıqlı, sinifdə hamı ilə dostluq edən, həssas, eyni zamanda da bütün tapşırıqları məsuliyyətlə yerinə yetirən yaxşı şagrid təsəvvür edə bilirsinizmi? Bax, bu, İlham Əliyev idi”.
Maraq doğuran hadisə
6 saylı məktəbin fizika müəllimi 10-cu sinifi bitirən İlham Əliyevə 4 qiyməti verdiyi üçün o, qızıl medal ala bilmir. Həmin vaxt o, Azərbaycana rəhbərlik edən atası Heydər Əliyevə bu barədə heç bir söz demir və aldığı bu qiyməti haqlı hesab edir.
6 saylı məktəbin başqa bir müəllimi Lüdmila Konstantinovna İlham Əliyevi belə xatırlayır: “Mən İlham Əliyevə 1972-1977-ci illərdə tarix və ictimaiyyət fənlərindən dərs demişəm. Enerjili, son dərəcə diqqətli İlham Əliyev öz yaşıdlarından seçilirdi. O, sinifdə yaşca kiçik olsa da, oxumaqda hamını üstələyirdi. Tarixi mövzulara, tarixi hadisələrin axarına maraqla qulaq asardı”.
Prezident İlham Əliyevin ali təhsili haqqında
“Məni ali məktəbə beş ay sonra 16 yaşımın tamam olacağını rəsmi təsdiq edən arayışla qəbul ediblər. Təhsilin birinci ili daha məsuliyyətli idi. Bakıda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibinin oğlu kimi təhsil almaq bir şeydir, Moskvada bu cür cavan yaşda tamamilə fərqli mühitdə təhsil almaq isə tamamilə başqadır. Amma mən atamı pis vəziyyətdə qoymadım, əvvəlcə institutda, sonra isə aspiranturada yaxşı oxudum”.
İlham Əliyevin tələbə yoldaşı Teymur Yəhyayev Prezidentin tələbəlik illəri haqqında maraqlı xatirələrini paylaşır:
“İlham Əliyev polemik söhbətlər zamanı əsəbləşmir, tutarlı dəlillərə əsaslanaraq opponentlərini başa salırdı. Yadımdadır ki, bir dəfə Volodya adlı bir tələbə yoldaşımız mədəniyyətcə bizdən irəlidə olduqlarını söylədi. Cavab kəskin də ola bilərdi. Mən onda İlham Əliyevin təmkininə heyran qaldım. Təhqiredici ifadəyə qarşı heç bir qəlbsındıran söz işlətməyərək, sadəcə tarixlərin müqayisəsini verdi. “İqor polku haqqında dastan”la “Kitabi-Dədə Qorqud” dastanının əsr fərqlərini misal gətirdi, Xaqaninin, Məhsətinin, Moskva şəhəri ilə yaşıd Nizami Gəncəvinin adını çəkdi, şeirlərindən parçalar söylədi. Diqqətlə qulaq asan Volodya işlətdiyi ifadəyə görə üzrhaqlıq əvəzi kimi, Nizaminin əsərlərini ona verməsini xahiş etdi. Sonralar həmin Vladimir Ştol xalqımızın dostuna, təəssübkeşinə çevrildi”.
Moskva həyatı və ilk siyasi fəaliyyət
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Yuri Dubinin: “O, institutu bitirəndən sonra siyasi işlə məşğul olmaq istəyirdi. Bunu özü bizə söyləmişdi. O zaman institutda rayon komitəsi hüququna malik çox güclü, böyük partiya komitəsi fəaliyyət göstəriridi.
İlham Əliyev bizim institutun partiya komitəsində təlimatçı kimi fəaliyyətə başladı. O, işlərinə çox böyük məsuliyyətlə yanaşırdı. Çoxlu təşəbbüslər irəli sürürdü. Hiss olunurdu ki, siyasi işlər onun xoşuna gəlir.
İlham Əliyev heç bir zaman bildirmirdi ki, o, məşhur ailədəndir. Baxmayaraq ki, atası SSRİ boyda dövlətin rəhbərlərindən biri idi”.
İlham Əliyevin elmi rəhbəri ali təhsil ocağının sabiq rektoru Nikolay Lebedev: “Gənc aspirant olan İlham Əliyevin namizədlik dissertasiyasının mövzusunu o dövr üçün bəlkə də qəribə saymaq olar. Qapalı və totalitar bir dövlət olan SSRİ-də əsas mesajı azad cəmiyyət olan ingilis liberalizmi barədə dissertasiya müdafiə etmək standartlardan kənar görünürdü. İlham Əliyev məhz belə bir mövzunu-Böyük Biritaniyanın Liberal Partiyası haqqında dissertasiya mövzusu götürdü. Mövzunu müstəqil seçən gənc İlham Əliyevin seçimi məni bir qədər təəccübləndirdi. Mən əvvəl bu mövzunun aktual olacağına əmin deyildim. Lakin aspirant məni seçiminin düzgünlüyünə inandıra bildi".
Yeni Azərbaycan Partiyasındakı fəaliyyəti

Yeni Azərbaycan Partiyasının 21 noyabr 2001-ci il tarixində keçirilən II qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir. Partiyanın nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilmişdir.
15 oktyabr 2003-cü il tarixində prezident seçkilərində YAP Sədrinin birinci müavini, 26 mart 2005-ci il tarixdə keçirilən III qurultayda isə yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir.
Xüsusi vurğulamaq gərəkdir ki, cənab İlham Əliyevin 1999-cu ildə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, 2001-ci ildə Sədrin birinci müavini, 2005-ci ildə isə Sədr seçilməsindən sonra partiyanın fəaliyyətində yeni mərhələ başlanmışdır.
“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. 18 il əvvəl böyük dövlət adamı Heydər Əliyevin dilindən səsləndirilmiş bu fikirlərin Azərbaycan tarixinə Müzəffər Ali Baş Komandan ünvanını qızıl hərflərlə yazmış İlham Əliyev haqqında deyilməsi təsadüfi deyil.
Siyasi varislik, ata-oğul münasibəti dövlətçilik kontekstində
İlham Əliyev müsahibələrinin birində deyir:
- Atam öz siyasi təcrübəsini addım-addım mənə ötürür, bu və ya digər vəziyyətdə özünün necə hərəkət edə biləcəyini mənə izah edirdi.
- Neçə dəfə eşitmişəm ki, arxamca deyirlər: “Onu atası qabağa çəkir”, yaxud “Heydər Əliyev Prezident olmasa, İlham bu nailiyyəti əldə edə bilməzdi”. Belələrinə nə cavab verəsən? Bir neçə il əvvəl müsahibələrimin birində mən belə cavab vermişəm:
- Belə şayiələr danışırlar ki, Heydər Əliyev öz oğlunu prezidentliyə hazırlayır. Niyə də hazırlamasın? Hər ata istəyər ki, onun övladları əlçatmaz zirvələrə yüksəlsin. Bu, tamamilə normal arzudur. Prezident öz oğlunu elə tərbiyə etmişdir ki, o, həyatda şəxsiyyət ola bilsin və xalqın rifahı naminə onun işini davam etdirsin. Əgər İlham Əliyev belə bir pilləyə qalxıbsa, deməli, atasının əməyi boşa getməyib. Bu da yenə onun siyasətidir.
Hər bir ölkə üçün hakimiyyət varisliyi çox aktualdır. Yaxşı məlumdur ki, sabitlik cəmiyyətin məqsədyönlü və dinamik vəziyyətinin rəhnidir. Bu tarix boyu dəfələrlə təsdiqini tapıb.
Ona görə də Heydər Əliyevin öz xələfi barədə narahatçılıq keçirməsi təbiidir. Bundan əlavə, o, öz xələfini əvvəlcədən hazırlamağa başlamışdır: “Atam öz siyasi təcrübəsini addım-addım mənə ötürür, bu və ya digər vəziyyətdə özünün necə hərəkət edə biləcəyini mənə izah edirdi. Ancaq o, əvvəlcə məni dinləyir, bəzən razılaşır, bəzən də etiraz edirdi. Mən getdikcə daha tez-tez Azərbaycan Prezidentinin rəsmi danışıqlarında iştirak edirdim. Adətən susur, baş verənləri əxz edirdim.
İndi mən tam əminəm ki, Heydər Əliyevin tutduğu yol Azərbaycanın uğurlu və təhlükəsiz inkişafının ən mühüm amilidir. Təbii ki, bu yol müəyyən düzəlişlərlə davam etdirilməlidir. Uzun illər və onilliklər boyu. Mən qətiyyətlə bunu gerçəkləşdirməyə çalışacam”.
Siyasi varisliyin ən parlaq nümunəsi olan İlham Əliyev fenomeninin sirri onun yüksək diplomatik bacarığı, çevik düşüncəsi və müdrikliyindən doğan uğurlu fəaliyyətidir.
Yeniliklərə doğru addımlar
İlham Əliyev daim məmurları sadə olmağa, həmçinin vətəndaşların xidmətində dayanmağa təşviq etmiş, həmçinin vətəndaşlara yüksək xidmətin təmin olunması məqsədi ilə əməli fəaliyyət göstərmişdir. Bu sırada Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin yaradılması şəffaflığın təmin olunması və vətəndaşlara yüksək xidmət göstərilməsi ilə bağlı ən gözəl nümunədir. Əvvəlcə paytaxtda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri artıq rayonlarda öz fəaliyyətini genişləndirməkdədir.
İlham Əliyevin hakimiyyəti dönəmində ÜDM artım tendensiyasına görə Azərbaycan dünya ölkələri sırasında öncül yerlərdə qərar tutmuşdur. Onun hakimiyyəti dönəmində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran “Cənub qaz dəhlizi”, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu gerçəkləşmiş, “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizləri yaradılmış, ölkəmizdə energetika və nəqliyyat infrastrukturunun tərkib hissəsi olan transmilli layihələr icra edilmiş və hazırda da bu istiqamətdə işlər görülməkdədir.
İlham Əliyevin dönəmində “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peyklərinin kosmosda uğurlu fəaliyyətinə nail olumaqla ölkəmiz dünyada az sayda orbitdə peyki olan ölkələr sırasına daxil olmuşdur.
Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində atılan ardıcıl addımlar nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer almışdır. 27 sentyabr 2020-ci il əks-həmlə əməliyyatından sonra isə Azərbaycan Ordusunun apardığı əməliyyatlar hərbi mərkəzlərdə öyrənilməyə başlanmışdır. 30 illik işğala 44 gün ərzində son qoyan Ali Baş Komandan İlham Əliyev məhz bu müharibədə Müzəffər Ali Baş Komandan adı qazanmışdır. Bu ad ona Azərbaycan tarixinin son iki yüz ilində işğal edilmiş torpaqlarımızı düşməndən hərbi gücü ilə geri alan yeganə sərkərdə olaraq verilmişdir.
Vətən müharibəsi onun sərkərdəlik məharətini qabarıq şəkildə üzə çıxartdı. Diplomatik gedişlər, açıqlamalar, görüşlər və xarici KİV-ə verilən geniş müsahibələr onun nə qədər bacarıqlı diplomat və siyasətçi olduğunu göstərdi. BMT-dən sonra dünyada ən böyük siyasi qurum olan Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin sədrlik müddətinin daha bir il artırılması onun qlobal liderlik səylərinə verilən yüksək dəyərdir.
İlham Əliyevin tarixi qələbəsinin təntənəsi olaraq Azadlıq meydanında keçirilən Zəfər paradı bu şanlı qələbənin ən gözəl təcəssümüdür. Azərbaycan xaqlının qalib xalq kimi, böyük xalq kimi yaşamağa haqqı olduğunu söyləyən İlham Əliyevin Bakının mərkəzində yaratdığı Hərbi Qənimətlər Parkı zəfər müjdəli Prezidentin qələbəsinin daha bir simvoludur.
Bu tarixi qələbədən sonra cənab İlham Əliyev ölkəmizin inkişafında yeni quruculuq dönəminin başladığını elan etdi. Bu siyasəti prioritet istiqamətlərinə görə 3 qrupa bölmək olar: ordu potensialının daha da gücləndirilməsi; işğal olunmuş ərazilərin təhlükəsizliyinin təmin olunması; işğal olunmuş ərazilərin yeni infrastrukturunun formalaşması.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu siyasət Azərbaycan xalqını etibarlı gələcəyə aparan ən doğru yoldur!
Türk dünyasına xidmət və türk dünyasının gücləndirilməsi
İlham Əliyevin tələbə yoldaşı T.Yəhyayev: “O zamanlar (sovetlər dönəmində) bizə düşmən obrazı kimi təqdim olunan Türkiyənin qardaş olduğunu İlham Əliyevin söhbətlərindən bilmişdim...”
Türkdilli dövlətlərin siyasi-iqtisadi və mədəni kontekstdə birləşdirilməsi ideyasının gerçəkləşməsində Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Məhz sözügedən qurumun təsis edilməsi ilə bağlı ilk toplantının da Azərbaycanın qədim yaşayış məskənlərindən olan Naxçıvan şəhərində keçirilməsi təsadüfi deyildi. 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlətlərinin iştirakı ilə tarixi bir addım atıldı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi imzalandı. Türk dünyasının və türk xalqlarının inteqrasiyasının təmin olunmasında bu qurumun təsis edilməsi çox böyük addım oldu. Saziş Azərbaycan Respublikası parlamenti tərəfindən təsdiq edilərək beynəlxalq müqavilə statusu qazandı.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi isə siyasi əhəmiyyət daşıyır. Bir məsələni də qeyd etmək lazımdır ki, Türk Dövlətləri Təşkilatının üzvü olan dövlətlərin hər birinin digərləri ilə müxtəlif sahədə ikitərəfli münasibətləri mövcuddur. Lakin bu dövlətlərin bir təsisat altında birləşdirilməsi onların ümumtürk xalqlarının müxtəlif istiqamətlərdə birgə inkişaf strategiyasının müəyyənləşdirilməsinə səbəb olacaq.
Türk Dövlətləri Təşkilatının ilk təsis toplantısının məhz Naxçıvanda keçirilməsi də rəmzi xarakter daşıyır. Naxçıvan Muxtar Respublikası Türkiyə-Azərbaycan münasibətlərində Qars müqaviləsi kontekstində xüsusi əhəmiyyət daşıdığı kimi, Ali Baş Komandan cənab İlham Əliyevin Ali Orden aldığı son toplantı da təsadüfi deyil ki, Türkiyənin müstəqlillik və demokratiya adasında keçirilmişdir. Həmin toplantıda çıxış edən Prezident İlham Əliyev qurumun təsis toplantısındakı çıxışına istinad edir. Bu yaddaş xatırlatması təsadüfi xarakter daşımır. Cənab Prezident tarixi yaddaşı bir daha təzələyərək bu təşkilatın üzunmüddətli məqsədlər üçün qurulduğunu vurğulayır. Həmin toplantıdan Prezident İlham Əliyevin çıxışına diqqət edək. “Biz beynəlxalq təşkilatlarda əməkdaşlıq edirik. BMT-də, İslam Konfransı Təşkilatında, ATƏT-də və digər təşkilatlarda bizim ölkələrimiz bir-birinə həmişə dəstək verir və bu, belə də olmalıdır. Çünki bizi müştərək tarix birləşdirir, tarixi-mədəni köklər birləşdirir. Biz öz işimizi bu möhkəm təməl üzərində qururuq. Bizim birliyimiz təkcə ölkələrimizi gücləndirmir, bizim birliyimiz böyük mənada regional əməkdaşlığın da çox vacib amilidir”.
Həmçinin Prezident İlham Əliyev ilk toplantıda əməkdaşlığın istiqamətlərini müəyyən edərək bu fəaliyyətin spektrlərini göstərir. Prezident İlham Əliyev əməkdaşlıq istiqamətlərini 4 kateqoriyaya ayırır - iqtisadi və neft-qaz sənayesi, beynəlxalq münasibətlər, hümanitar-mədəni, nəqliyyat-logistika.
Göründüyü kimi, bu kateqoriyalar iqtisadi və siyasi münasibətlərin bütün spektrlərini əhatə edir. Prezident İlham Əliyevin ilk toplantıda strateji olaraq səsləndirdiyi fikirlərin artıq bir çoxu gerçəkləşib. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin reallaşmasını, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişini, TÜRKSOY təşkilatının fəaliyyətini buna misal çəkmək olar. Türk xalqlarının mədəni inteqrasiyasında bu qurumun böyük rolu danılmazdır.
Bu müddət ərzində üzv dövlətlərin 4-dən 7-yə qalxması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi, həmçinin “Türk dünyasına baxış - 2040” sənədinin qəbul edilməsi bu qurumun uzunmüddətli perspektivə hesablandığının göstərcisidir.
Dünyanın siyasi və iqtisadi sferasında böyük potensiala malik olan türk xalqlarının gələcək strategiyasının müəyyənləşdirilməsində Türk Dövlətləri Təşkilatının müstəsna rol oynayacağına böyük ümidlərlə “Tanrı türkü qorusun” deyirik!
Prezident İlham Əliyev və ailə dəyərləri

Ailə dəyərlərinə cənab Prezidentin öz sözləri ilə başlamaq istəyirəm. Cənab Prezident deyir: “Mən qəti inanıram ki, ailə hər şeydən əvvəl həmfikirlər deməkdir. Ailə - kişi və qadın bənzər həyat prinsipləri və mənəvi dəyərləri olan iki adamdır. Ona görə də mənim fikrimcə, ailədə bu sözün radikal mənasında “müxalifət” olmamalıdır.
Bir çox məsələdə Mehribanla mənim baxışlarım ümumidir. Biz təxminən oxşar mühitdə böyümüşük. Ötən əsrin bütün çətinliklərinə baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərinə, milli ənənələrinə sədaqəti qoruyub saxlamış Azərbaycan ziyalılarının ailəsindənik. Belə köklərə mənsub olmaq əsl xoşbəxtlikdir. O, Prezidentin həyat yoldaşı olsa belə, qadındır, o, ailədə dincliyin, həmahəngliyin, sevginin qarantıdır. Mənim üçün çox vacibdir ki, inanılmaz dərəcədə dolğun və gərgin iş günündən sonra evə gələndə məni başa düşür və dəstəkləyir. Mehriban ictimai fəaliyyətlə də məşğul olmağa macal tapır.
Mehriban Əliyeva azad düşüncəyə, ülvi məqsədə, böyük qəlbə malik nəslinin ailəsinin ən nəcib kefiyyətlərini özündə birləşdirən, cəmiyyətin inkişafına dəyərli töhfələr verən, fəaliyyəti ilə müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilən qətiyyətli və ciddi rəhbər, eyni zamanda Şərq gözəlliyini təcəssüm etdirən zərif və məlahətli qadın, xeyirxah və müdrik şəxsiyyətdir...
O, uzun illərdir ki, ictimai-siyasi, mədəni və beynəlxalq sferalarda fəaliyyətdə vacib rol oynayır, ümumilikdə çoxtərəfli və uğurlu fəaliyyət göstərir. Mən onun Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsində məhz bu amilləri rəhbər götürmüşəm... O, peşəkar, təcrübəli və prinsipial insandır, humanistdir”.
Əlbəttə, Mehriban xanımın fəaliyyəti uğurlu bir azərbaycanlı qadının nümunəsidir və hər kəsdə qürur hissi doğurur. Onun “dövlət başçısının xanımı kimi mənim üçün ən vacibi o olmuşdur ki, mən öz ölkəm üçün nə edə bilərəm” fikri təkcə daxili gözəllik, zənginlik və ya təvazökarlıq kimi deyil, Azərbaycan qadınlarına bir çağrış kimi qiymətləndirilməlidir. Eyni zamanda bu fikirlər “Şərq ölkələrinə xas olan siyasət yalnız kişilərin işidir” kimi stereotipləri dağıdaraq Azərbaycan qadınının və ailəsinin möhtəşəm obrazını yaradır.
Oğlu Heydər Əliyevə münasibətdə cənab İlham Əliyev bildirir ki, “mən çalışıram ki, oğlumla imkan daxilində daha çox birlikdə vaxt keçirim. Oğlan uşağı üçün çox vacibdir ki, atası təsadüfdən-təsadüfə deyil, həmişə yanında olsun”.
Cənab Prezidentin belə bir nümunəvi ailə dəyərlərinə mənsub olması cəmiyyətdə humanizim ideyalarının bərqərar olmasına sirayət edir və cəmiyyəti bütövləşdirərək yeni inkişaf perspektivlərinin təməlini yaradır.скачать dle 12.1