Bia.Az

"Sabirabadda icra başçısı torpaqları satır" - NARAZILIQ!

Bölgə
 22-12-2021, 11:49     664

Bir qrup sahibkar Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovdan şikayətçidir.

Onlar deyirlər ki, icra başçısı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək sahibkarları incidir.

Şikayətçilər bildiriblər ki, icra başçısından edilən şikayətlərə heç bir qurum baxmır.

BİA.az-ın məlumatına görə, "Arqument.az"a göndərilən şikayətdə qeyd olunur ki, icra başçısı sahibkarların otlaq və digər məqsədlərlə istifadə etdiyi qanuni torpaqları satır.

Şikayətdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Əmənov və başçının katibəsi Aybəniz Həsənovanın adı da xüsusilə qeyd olunur. Bildirilir ki, rayonun idarəçiliyi adıçəkilən şəxslərin ixtiyarına buraxılıb.

Onların sözlərinə görə, Siraqəddin Cabbarov Saatlı və Binəqədidə tətbiq etdiyi talançılıq missiyasını indi də Sabirabadda davam etdirir.

Məktubda qeyd olunur ki, o, hələ illər öncə Saatlının icra başçısı olarkən rayon sakini Ağabəli adlı şəxsin sahibkarlıq obyektini sökdürüb, bu hadisədən dolayı sahibkar ürək tutmasından vəfat edib.

Digər bir məlumat isə ondan ibarətdir ki, icra başçısı başqa bir rayon sakini, iş adamı, "Beko" mağazalar şəbəkəsinin Saatlı rayon şöbəsinin sahibi Eyvaz adlı şəxsin barəsində isə Azərbaycan CM-nin 147 və 315-ci maddələri ilə cinayət işi başlatmağa nail olub, günahsız yerə təqsirləndirilən həmin şəxs Azərbaycan ərazisindən xarici ölkəyə qaçaraq canını həbsdən qurtarıb.

Bir neçə ay öncə də Sabirabad sakinləri - Yengibar Mirzəyev və Vüqar Məmmədov da icra başçısının fəaliyyətindən şikayətçi idilər. Amma şikayətçilərin "Təzadlar"a göndərdiyi videoçıxışları və fotoşəkilləri icra hakimiyyəti münasibət bildirməmişdi.

Şikayətlərdə bildirilir ki, Sabirabad rayon ərazisində 20 min hektardan çox dövlət fondunda olan torpaqlar heyvandarlığın inkişafında böyük rol oynayan maldarlıq sahəsi üçün sahibkarlara icarəyə verilməsi nəzərdə tutulub: "Lakin Sabirabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Nazim İsmayılov Saatlı rayon İcra Hakimiyyətinə, Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov isə Sabirabad rayon İcra Hakimiyyətinə başçı vəzifəsinə dəyişdirildikdən sonra Cabbarov dövlət ehtiyat fonduna aid torpaqların təyinatını qanunsuz dəyişməklə heyvandarlıq və qoyunçuluq üçün nəzərdə tutulan torpaq sahələrini əkin və balıqçılıq gölü yaratmaq üçün yuxarı dairələrdə arxaları olan şəxslərə icarəyə verib. Beləliklə, Sabirabad rayonu ərazisində 20 min hektar dövlət ehtiyat fonduna aid torpaqlardan 10 min hektara yaxınını Siraqəddin Cabbarov təyinatını pozmaqla əkin və balıqçılıq sahəsinə çevirmiş, heyvandarların vəziyyətini ağırlaşdıran hallara yol verib".

Şikayətçilər deyirlər ki, dəfələrlə bu problemlərlə bağlı dövlət qurumlarına, Preizdent Adminstrasiyasına müraciət ediblər, ancaq Siraqəddin Cabbarov bu əməllərini dayandırmayıb.

Başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilovaya edilən zənglər cavabsız qalıb.

Şöbə müdirinin müavini Əliabbas Həsənov isə iddiaları şərh etmək istəməyib: "Bu məsələ ilə bağlı icra başçısının köməkçisi ilə əlaqə saxlayın".

İcra Hakimiyyətinin rəsmi saytında adı başçının köməkçisi kimi qeyd olunan Zaur Əsədov isə bildirib ki, o, bu vəzifədən çoxdan çıxıb. Maraqlıdır ki, adı hələ də İcra Hakimiyyətinin rəsmi saytında qalır.


скачать dle 12.1