Bia.Az

SSRİ-nin dağılması əsrin geosiyasi fəlakətidirmi? – Arif Hacılı

Siyasət
 21-12-2021, 18:30     367

"Dövlət Dumasının bu populist hərəkəti Rusiyadakı siyasi qüvvələrin velikorus şovinizmi kimi millətçi şüarlar, imperiya ambisiyalarından çıxış etməklə, diqqəti daxili problemlərdən yayındırmaqla daha çox seçicinin səsini qazanmaq məqsədi daşıyır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı SSRİ-nin dağılmasının əsrin geosiyasi fəlakəti kimi tanınması haqqında Rusiya Dövlət Dumasına təqdim olunan layihənin məqsədini dəyərləndirərkən deyib.

Hacılı qeyd edir ki, süni surətdə və zor gücünə yaranmış Rusiya imperiyası və Sovet imperiyası dağılmağa məhkum idi:

"Bu imperiya heç də Rusiyanın velikorus şovinistlərinin bəyan etdiyi kimi, Beloveşskaya Puşada imzalanan bəyanatla yox, xeyli əvvəl dağılmışdı. Bakıda 20 yanvar, Gürcüstanda 9 aprel, Vülnüsdə 13 yanvar hadisələri, Baltik respublikaları, Ukrayna, Gürcüstan və Azərbaycanda gedən xalq hərəkatları keçən əsrin 90-cı ilindən başlayaraq SSRİ-nin dağılması prosesini sürətləndirdi. Belaveşskaya Puşa sənədindən xeyli əvvəl, 1991-ci ilin avqustundan başlayaraq, demək olar, bütün keçmiş sovet respublikaları ayrılaraq öz müstəqil dövlətlərini yaratmaq barədə qərarlar qəbul ediblər”.

Həmsöhbətimiz bildirir ki, SSRİ-nin dağılması orada yaşayan xalqların iradəsilə baş verib:

"Xalqların iradəsilə baş verən və təbii müstəqil dövlətlərin yaranmas ilə nəticələnən hər hansı bir hadisə XX əsrin ən uğurlu və möhtəşəm hadisələrindən biridir. Məhz SSRİ-nin dağılması ilə dünyada soyuq müharibəyə müvəqqəti də olsa son qoyuldu. Bəşəriyyətin sülh və demokratiya, əmin-amanlıq içində yaşaması üçün bu, bir bazaya çevrildi”.

Qeyd edək ki, SSRİ-nin dağılmasının əsrin geosiyasi fəlakəti kimi tanınması haqqında Dövlət Dumasına təqdim olunan layihə Vladimir Jirinovskinin rəhbəri olduğu Liberal-demokratik Partiyası tərəfindən təqdim olunub. Layihə qəbul olunarsa, sənəd Pusiya Prezidenti Vladimir Putinə, Federasiys Şurasına, KTMT Parlament Assambleyasına, MDB dövltlərinin Parlamentlərarası Assambleyasına göndəriləcək.

BİA.AZ
скачать dle 12.1