Bia.Az

BRÜSSEL GÖRÜŞÜNDƏN KİM NƏ İLƏ AYRILDI? – Şarl Mişel Əliyev və Paşinyanı təkbətək qoyaraq otaqdan çıxdı...

Gündəm
 16-12-2021, 13:12     258

Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə görüşü, eləcə də iki ölkə liderinin təkbətək görüşünün nəticələrinə ilkin münasibət Azərbaycanda və Ermənistanda bir-birindən müəyyən dərəcədə fərqlənir. Belə ki, görüşdən sonra Şarl Mişelin yaydığı bəyanatda qeyd olunan bir sıra müddəalara fərqli yanaşmalar və qiymətləndirmələr mövcuddur.

Ermənistan mətbuatında yer alan ilkin dəyərləndirmələr göstərir ki, artıq erməni cəmiyyəti və müxalifəti belə görüşlərin nəticələrinə, orada erməni tərəfinin məğlub ölkə statusunda iştirakına, hansısa razılaşmalara və güzəştlərə getməsinə əvvəlki kimi isterik münasibət göstərmir. Bununla yanaşı, Ermənistanda Brüssel görüşünün əsas nəticəsi olaraq yekun bəyanatda Zəngəzur dəhlizi də daxil olmaqla, kommunikasiyaların fəaliyyət şərtlərilə bağlı qeyd olunanlar daha çox müzakirə edilir və qabardılır.
Məlum olduğu kimi, Şarl Mişel, bəyanatında bütün ölkələrin suverenliyinə tam hörmət şəraitində Ermənistanla Azərbaycan arasında Cənubi Qafqaz kommunikasiya infrastrukturunun bərpasının vacibliyini vurğulayıb. Qarşılıqlı prinsip əsasında sərhəd və gömrük nəzarəti üçün müvafiq tədbirlər görülməklə, dəmir yolu xətlərinin bərpasına davam etmək razılaşdırılıb. 
Ermənistanda bunu Zəngəzur dəhlizi üzərində İrəvanın suverenliyinin saxlanmasının təsdiqi kimi qəbul edirlər. Qeyd olunur ki, bununla da Avropa İttifaqı Azərbaycanın üzərində durduğu dəhliz anlayışına yox, sadəcə kommunikasiyaların açılması və suverenliyin qorunması prinsipinə üstünlük verdiyini nümayiş etdirib.

Lakin məsələ ondadır ki, bəyanatda göstərilənlər yalnız Zəngəzur dəhlizinə deyil, bütünlükdə regiondakı kommunikasiyalara aid edilir. Bu, o deməkdir ki, bəyanatda Zəngəzur dəhlizində hərəkət rejimi faktiki olaraq Laçın dəhlizi ilə eyniləşdirilir. Azərbaycan Prezidentinin bu mövzuyla bağlı dünən Brüsseldə verdiyi açıqlama da bunu təsdiqləyir. Və bu yanaşma erməni tərəfini narahat edir.
Xatırladaq ki, İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib: “Zəngəzur dəhlizi və Laçın dəhlizindən istifadə rejimi eyni olmalıdır. Çünki üçtərəfli bəyanatda çox aydın şəkildə Azərbaycanın (Laçın dəhlizində-red.) təhlükəsizliyi və maneəsiz çıxışı təmin etməsi vurğulanır. Təbii ki, Ermənistan da eyni şəraiti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında təmin etməlidir. Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır.”
Prezidentin bu fikirləri hazırda Ermənistan mətbuatında ən çox müzakirə olunan mövzulardandır. Dünən ölkə başçısının bu açıqlamasından dərhal sonra Nikol Paşinyan da öz sosial şəbəkə səhifəsində Əliyevin fikirlərinə etiraz edib. Bu, təkbətək görüşdən və Şarl Mişelin yekun bəyanatla çıxış etməsindən öncə baş verib.

Təkbətək görüşün nəticələrilə bağlı açıqlamasında isə Paşinyan yalnız Azərbaycanla dəmir yolu əlaqəsinin bərpası məsələsinə toxunub və təmasların davam etdirilməsinin razılaşdırıldığını deyib. Bəyanata gəlincə, orada məxsusi olaraq, yalnız Zəngəzur dəhlizi deyil, bütün kommunikasiya xətləri üzərində dövlətlərin suverenliyinin saxlanılmasının vacibliyi vurğulanır. Bu isə avtomatik olaraq, eyni yanaşmanın Laçın dəhlizinə də aid edilməsi deməkdir. Paşinyan isə ikitərəfli görüşdən öncə öz sosial şəbəkə səhifəsində bunun qəbuledilməz olduğunu və indiyə qədər qəbul olunan birgə bəyanatlara uyğun olmadığını yazıb. 
Lakin Azərbaycan Prezidenti Ermənistan Baş nazirinin bu arqumentini 10 noyabr sazişinə əsaslanaraq sıradan çıxarıb və Laçın dəhlizilə bağlı deyib ki, üçtərəfli bəyanatda çox aydın şəkildə Azərbaycanın Laçın dəhlizində təhlükəsizliyi təmin etməsi vurğulanır. Bütün bunlar o deməkdir ki, erməni tərəfi hər nə qədər Brüssel bəyanatındakı kommunikasiyalar üzərində suverenlik bəndini öz uğuru kimi təqdim etsə də, bunun Laçın dəhlizinə də şamil olunması məsələsi və Azərbaycan Prezidentinin bununla bağlı qəti mövqeyi rəsmi İrəvanı düşünməyə və nəticələri ayıq başla müzakirə etməyə vadar edir. Əks halda, Laçın dəhlizində gömrük-nəzarət və sərhəd postları, Azərbaycan tərəfinin tam nəzarətini istəmirsə, eyni şərtləri də Zəngəzur dəhlizi ilə bağlı qəbul etməli olacaq.
Həmçinin, bəziləri Azərbaycanın Laçın dəhlizilə Zəngəzur dəhlizini eyniləşdirmə tələbini Naxçıvanla Qarabağın “status”unun eyniləşdirilməsi kimi qələmə verməyə çalışır. Lakin bu yanaşma da reallığa uyğun deyil. Çünki artıq Azərbaycanın “status” məsələsi və münaqişənin bitməsilə bağlı dəqiq və qəti mövqeyi var. Bu mövqe qondarma statusla bağlı hər hansı müzakirələri istisna edir.

Yeri gəlmişkən, erməni mətbuatında Azərbaycan Prezidentinin Brüsseldə İspaniyanın “El Pais” qəzetinə müsahibəsində “status”la bağlı dedikləri də geniş şərh olunur: “Biz müharibədə qalib gəlmişik, biz qalibik və bu reallığı nəzərə almaq lazımdır. Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, Dağlıq Qarabağ münaqişəsi bitib…” 
Qarabağdakı separatçıların tör-töküntüləri və Ermənistandakı revanşistlər növbəti dəfə Azərbaycan tərəfinin bu mövqeyi ətrafında vay-şivən qoparmaqdadırlar…
Əslində, Şarl Mişelin bəyanatındakı başlıca məqamlardan biri çoxlarının nəzərindən qaçıb. Belə ki, bəyanatda ATƏT-in Minsk Qrupunun danışıqlarda və tənzimlənmə prosesində iştirakı barədə bir kəlmə də yoxdur. 
Unutmayaq ki, “status” məsələsini qabardan da məhz elə bu qurumdur və Azərbaycan bu təşkilatın prosesdən kənarda qalması üçün bir çox vacib addımlar atıb. Bəyanatda Minsk Qrupunun adının çəkilməməsi isə bu addımların effektliyindən xəbər verir.
Nəhayət, Brüssel görüşündəki bir simvolik məqama da diqqət yetirməyə dəyər. Şarl Mişel Əliyevlə Paşinyanı təkbətək qoyaraq, danışıqlar aparılan otaqdan çıxarkən jurnalistlərin suallarına cavab olaraq deyib: “Bəli, bu doğrudur. Onların birbaşa, bir-birilə danışmasına ehtiyac var…” 
Doğrudan da, əvvəldən Rusiya və Minsk Qrupu kimi regionda öz maraqları olan və yerli xalqların, dövlətlərin rifahından daha çox öz maraqlarını güdən güclər ortaya girməsəydi, tərəflər bəlkə də bir-birilə daha tez dil tapar və hər şey başqa cür ola bilərdi… /“AzPolitika.info”скачать dle 12.1