Bia.Az

RUSİYA ÜÇÜN SÜRPRİZ ƏLİYEV-PAŞİNYAN RAZILAŞMASI – Moskva Laçın dəhlizinə nəzarəti Azərbaycana verəcəkmi?

Gündəm
 16-12-2021, 13:09     261

Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən Azərbaycan-Ermənistan liderlərinin dialoqu gözlənildiyindən daha səmərəli alınıb. Bunu həm Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın, həm də Ş.Mişelin verdiyi bəyanatlardan görmək mümkündür. İlkin təəssürat bundan ibarətdir ki, Avropa İttifaqı rəhbəri nəticəli müzakirələr üçün böyük əmək sərf edib, üçtərəfli görüşün 4 saatdan artıq davam etməsi, daha əvvəl İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda keçirilən müzakirələr Avropanın Cənubi Qafqaza yüksək marağının ifadəsi sayılmalıdır.

Azərbaycan və Ermənistan liderləri üçün kifayət qədər rahat müzakirə müstəvisi yaradılmışdı. Çünki onların qarşısında sifət əzələlərini oynadan, hər şeydən əvvəl Rusiyanın maraqlarını hər fürsətdə diqtə edən Vladimir Putin deyil, regionda sülh, əməkdaşlıq prosesinə töhfə vermək niyyətində olan, bununla Kremlin müstəqil ölkələrə əzici təsirini neytrallaşdırmaq istəyini nümayiş etdirən Avropa lideri dayanmışdı.
Müzakirələr müharibədən sonra Rusiyanın diqtəsi ilə formalaşdırılmış hüquqi baza və öhdəliklər sənədi üzərində aparılıb. Söhbət 10 noyabr razılaşmasından, 11 yanvar Moskva və 26 noyabr Soçi görüşlərində verilən birgə bəyanatlardan gedir. Sərhədlərin dəqiqləşdirilməsi, kommunikasiyaların açılması Brüsseldə də əsas prioritet təşkil edib. Verilən bəyanatlardan məlum olur ki, kommunikasiyaların açılması ilə bağlı razılaşma əldə olunub.

Azərbaycan Prezidenti üçtərəfli görüşdən əvvəl - NATO Baş katibi ilə müzakirələrdən sonra keçirilən mətbuat konfransında mövqeyini açıqlayıb: “Bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik. Lakin magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb. Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə 4 saatlıq görüşdən sonra açıqladığı bəyanatda deyib: “Ermənistan və Azərbaycan arasında və daha geniş coğrafiyada – Cənubi Qafqazda bütün ölkələrin suverenliklərinə tam ehtiram etməklə kommunikasiya infrastrukturunun bərpası mühüm əhəmiyyət kəsb edir. Danışıqlarda dəmir yolu xətlərinin bərpası, qarşılıq prinsipi əsasında sərhəd və gömrük nəzarətinin yaradılması üçün müvafiq tədbirlər barədə razılıq əldə olunub”.
Ermənistanın Baş naziri: “Müvafiq olaraq dəmir yolu beynəlxalq səviyyədə qəbul edilmiş sərhəd və gömrük qaydalarına uyğun olaraq qarşılıq əsasında, ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək. Ermənistanın dəmir yolu ilə İran İslam Respublikası və Rusiya Federasiyasına çıxışı olacaq. Biz həmçinin təmasları davam etdirmək haqqında razılığa gəldik”.

Beləliklə, Ermənistan lideri Azərbaycan Prezidentinin təklif etdiyi iki yoldan birini seçib. Ümumi razılaşmaya görə, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən keçməklə dəmiryolu və avtomagistralın çəkilməsi razılaşdırılıb. Amma bu kommunikasiya xətlərinə Ermənistanın gömrük və sərhəd nəzarəti olacaq. 
Bunun qarşılığında isə Azərbaycan Laçın dəhlizinə girişə nəzarəti bərpa etməlidir. Yəni Ermənistandan Qarabağa yeganə yol indiki kimi nəzarətsiz qalmayacaq. Bu barədə əvvəllər Paşinyanın mövqeyi belə idi ki, Laçın dəhlizi ilə Zəngəzur dəhlizini eyniləşdirmək olmaz, çünki 10 noyabr sənədində bu barədə aydın yazılıb. Azərbaycan isə bu mövqe ilə razılaşmayaraq, üçtərəfli bəyanatda Naxçıvanla əlaqənin heç bir mane olmadan, təhlükəsiz şəkildə bərpa olunması barədə bəndi xatırladır. 
Brüsseldə sözügedən mübahisənin həllini tapdığı barədə konkret ifadə işlədilməsə də Ermənistanın etdiyi seçim Azərbaycana başqa bir şans qoymur – Laçın dəhlizinə və həmin istiqamətdə dövlət sərhədinə nəzarəti bərpa etməlidirƏsas məsələ Rusiyanın bu razılaşmaya münasibəti və onun icrasına mane olub-olmayacağıdır. 
Əlbəttə, Azərbaycanın öz sərhədlərinə nəzarəti bərpa etməsi onun suveren hüququdur, bu məsələ ekspertlər tərəfindən mütəmadi şəkildə qaldırılır. İndiki halda Paşinyan Zəngəzur dəhlizinə Laçın dəhlizinə bərabər status vermirsə, Azərbaycanın burada itirəcəyi bir şey yoxdur. Çünki Naxçıvana onsuz da quru yol əldə edir və başqa alternativləri də var. Əksinə, Qarabağda suverenliyini bərpa etmək istiqamətində önəmli addım ata bilər. Bu gün Qarabağın bir hissəsində yerləşən seprataçı rejimin nəfəsliyi, Ermənistanla əlaqəsinin təminatı Laçın dəhlizi vasitəsi ilə həyata keçirilir.
Azərbaycan bu yola nəzarəti bərpa edirsə, Paşinyan da buna razılaşırsa, o zaman Qarabağdakı separatçı rejimin ləğv olunması Azərbaycan-Rusiya məsələsinə çevrilir. İndiki şərtlər daxilində Moskvanın erməni sepratçılarının arxasından çəkilməsi real görünmür. Paşinyan da bundan arxayındır, Qarabağ problemini Bakı-Moskva məsələsinə çevirməklə Zəngəzur dəhlizi problemini gündəmdən çıxarmaq istəyir. Amma bu elə də sadə məsələ deyil. Çünki Zəngəzurdan Azərbaycana dəhliz verilməsini həm də Rusiya istəyir. Çünki 10 noyabr razılaşmasına görə, həmin yola Rusiya xüsusi xidmət orqanları nəzarət edəcək, əlbəttə, bu, təkcə yola nəzarət deyil, həmçinin Sünik (Zəngəzur) vilayətini - Ermənistanın bir hissəsini əlində saxlamaqdır. Bu da Moskvanın caynaqlarından yaxa qurtarmağa çalışan Ermənistanı daha möhkəm iplərlə Kremlin divarlarına zəncirləmək cəhdidir.
Beləliklə, Brüssel görüşündə təsdiq olunan razılaşmaların icrası problematikdir, çünki elan olunan şərtlər Rusiyanı əsla qane etməyəcək. Ona görə regionda münaqişənin yarımqaynar fazada saxlanması hələ bir müddət Moskvaya lazım olacaq…/“AzPolitika.info”скачать dle 12.1