Bia.Az

“UKRAYNAYA TƏCAVÜZ PUTİN ÜÇÜN TƏLƏDİR...” – “İstənilən nəticə Rusiyanın zəifləməsinə gətirib çıxaracaq”

Gündəm
 16-12-2021, 13:06     279

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Baydenin videokonfrans formatında keçirilən görüşündən sonra gözləntilər ondan ibarət idi ki, Kreml Ukrayna sərhədinə cəmləşdirdiyi qoşunlarını geri çəkəcək. Amma gələn xəbərlərdən belə məlum olur ki, əksinə, Rusiya həmin bölgədə bir qədər də fəallaşıb.

ABŞ mətbuatında çıxış edən analitiklərin fikrinə görə, ABŞ Ukraynanın müdafiəsi üçün müəyyən maliyyə yardımları ayırsa da, Ağ Evin Kremlə qarşı mövqeyi yetərincə sərt deyil və Rusiya qoşunlarının fəallaşmasında Co Baydenin bu məsələdə yumşaqlıq nümayiş etdirməsi də mühüm rol oynayır. Digər tərəfdən o da qeyd olunur ki, Ukraynaya müdaxilə Rusiyanı çox ağır vəziyyətə salacaq.

“AzPolitika.info” Ukrayna ətrafında yaşanan gərgin vəziyyəti şərh edən ABŞ mətbuatından bəzi fikirləri oxuculara təqdim edir.

ABŞ-ın “Foreign Policy” dərgisinin “Ukrayna son damla qanınadək vuruşmağa hazırdır” başlıqlı məqaləsində Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın fikirlərinə xüsusi yer verilib: ”Andrey Yermak bildirib: ”Rusiya müdaxiləyə başlayarsa, Ukrayna son damla qanına kimi döyüşməyə hazırdır”. 
Yermakın sözlərinə görə, tərəfdaş ölkələri Rusiyanın hücüm təhlükəsi barəsində Ukraynanı vaxtında xəbardar edib. Kiyev Pentaqondan hərbi yardım alıb və bu, illik müdafiə büdcəsində öz əksini tapıb. ABŞ Konqresi Ukrayna ordusuna illik hərbi yardımın həcmini 300 milyon dollaradək artırıb.”

ABŞ-ın digər tanınmış qəzeti “The Wall Street” isə “Ukraynaya qarşı təcavüz Vladimir Putin üçün tələdir” başlıqlı məqalə dərc edib. Yazıda göstərilir ki, Rusiyanın öz şərq qonşusuna hücumunun əsas səbəbi Kremlin yenidən imperiya yaratmaq istəyilə bağlıdır.
Qəzet həmçinin yazır ki, Moskva Ukraynasız bunun baş tutmayacağını anlayır. Məqalədə deyilir: ”Əgər Rusiyanın Ukraynaya qarşı təcavüzü açıq hərbi qarşıdurma şəkli alarsa, o zaman bu, Vladimir Putinin iyirmi il boyunca apardığı avtoritar eksperimentə son qoya bilər. Çünki hadisələrin gedişinin istənilən nəticəsi Rusiyanın zəiflməsinə gətirib çıxarcaq. 17-ci əsrdə Ukraynanı Reç Pospolitadan qoparandan sonra o, Rusiya istibdadından əziyyət çəkib. Ən nəhayətdə, bu ölkəni əvvəl Rusiya imperiyası, sonra isə Sovet İttifaqı tamamilə özlərinə hopdurdular. Stalinin əmri ilə Ukraynada süni aclıq -“qolodomor” təxribatı törədildi ki, bu hadisə də ukraynalıların dünya görüşündə bu günə kimi öz mənfi izlərini qoyub. Elə məhz buna görə də onlar Rusiya tərəfindən bu iki ölkənin “slavyan qardaşları” obrazında təqdim edilməsinə çox inamsız yanaşırlar.
Beləliklə, nə üçün Ukrayna? Və nəyə görə məhz indi? Analitiklərin əksəriyyəti bütün diqqətləri Ukraynanın perspektivdə NATO-ya daxil olacağına cəmləyiblər. Amma daha mühüm faktorlardan biri də Rusiyanın daxili siyasəti ilə bağlıdır. Qeyri-populyar Putin təhlükəli Putindir. 

Putinin istədiyinin əksinə olaraq, bu gün Ukrayna iqtisadi və hərbi cəhətdən 2014-cü illə müqayisədə xeyli güclənib. Krım və Donbasın ələ keçirilməsi dönəmindəkindən fərqli olaraq, Rusiya bu gün açıq şəkildə sərhədə qüvvə toplayır ki, bu da Ukraynaya cavab üçün vaxt qazandırır. Ukrayanaya yönələcək istənilən hərbi zərbə SSRİ-nin Əfqanıstandakı kampaniyasında olduğu kimi, Rusiyaya böyük ziyan gətirəcək, hələ üstəlik, indiki hadisələr yaxşı təchizat yollarına malik olan NATO ölkələri sərhədində baş verəcək. 
Düzdür, NATO-nun bu münaqişəyə birbaşa müdaxilə edəcəyinə ümüd azdır, ancaq partizan müharibəsi və uzunmüddətli qanlı toqquşmaların baş verməsi ehtimalı Rusiyanın önünü kəsəcək faktor ola bilər. Rusiyanın Ukraynasız imperiya olması mümkün deyil. Lakin əgər Rusiya Ukraynanı güc yoluyla zəbt etməyə cəhd göstərərsə, o, hətta adi böyük dövlət belə ola bilməyəcək. Ukraynaya qarşı hərbi təcavüz onsuz da zəif olan Rusiya iqtisdiyyatını müflisləşmə həddinə gətirə bilər.”

“The New York Times” qəzeti isə Ukrayna hərbi rəhbərlərinin mövcud vəziyyətlə bağlı fikirlərinə yer verib. Qəzetin “Ukrayna hərbi rəhbərləri deyirlər ki, Rusiyanın hücumu dağıdıcı olacaq” başlıqlı məqaləsində yazılıb: ”Ukrayna hərbi kəşfiyyat xidmətinin rəhbəri general Kiril Budanov deyib: ”Ukrayna indiki mərhələdə obyektiv olmalıdır. Qərbin dəstəyi olmadan Rusiyanın geniş miqyaslı hücumunu dəf etmək üçün hərbi resurslarımız kifayət qədər deyil”.
General Budanov ümumi şəkildə Rusiya müdaxiləsinin fəlakət ssenarisni təsvir edib. Bu müdaxilə aviazərbələr və raket atəşlərindən ibarət olacaq, silah anbarlarını və səngərdə yerləşmiş hərbi birləşmələri hədəfə alacaq

Onun sözlərinə görə, Ukrayna hərbçiləri çox tezliklə sıradan çıxarılacaqlar, komandanlıq isə müdafiəni koordinasiya edə bilməyəcək. Budanov bildirib ki, döyüş aparılmasının cavabdehliyi ön cərgədə duran komandirlərin üzərinə düşür: ”Onlar patron qurtaranadək duruş gətirəcəklər, üzərlərində olan silahlardan istifadə edəcəklər, ancaq əgər ehtiyat qüvvə gətirilməzsə, dünyada heç bir ordu bu miqyasdakı hücumun qarşısında duruş gətirə bilməz”.
ABŞ-ın “Politico” nəşri “Ukraynalıların qanı axacaq, rusiyalıların qanı axacaq” başlıqlı məqaləsində müharibənin böyük fəlakətlərə yol açacağına toxunub.
Məqalədə deyilir: ”Ukrayna Müdafiə naziri Aleksey Reznikov “Politico” nəşrinə verdiyi müsahibəsində deyib ki, Prezident Co Baydenlə Rusiya lideri Vladimir Putin arasında keçirilən “online” sammitdən sonra Rusiya Ukrayna ilə sərhəddəki mövqelərinə daha çox ordu yığmağa başlayıb. 

Reznikovun sözlərinə görə, hazırda Krımdan tutmuş, Belarusa qədər 100 min rus əsgəri Ukrayna sərhədi boyunca toplanıb. Bu qüvvələr artileriya, tank və aviasiya ilə eyni anda bir neçə cəbhədən Ukraynaya hücuma keçə bilər. Reznikov xəbərdarlıqla bildirib ki, istənilən təcavüz hər iki ölkə üçün fəlakət deməkdir və bu müharibə döyüş bölgəsindən xilas olmağa çalışan 5 milyon ukraynalı qaçqın və böyük sayda qurbanlar meydana gətirəcək. Aleksey Reznikov deyib: ”Ukraynalıların qanı axacaq, rusiyalıların qanı axacaq, çoxlu rus əsgəri tabutda evlərinə yollanacaq və bunu “facebook”, ”ınstagram”, ”telegram” kanalları göstərəcək. Bu, fəlakət olacaq””.
Vaqif Nəsibovскачать dle 12.1