Bia.Az

Media qanunu: layihəni geri çəkmək təklif olunur

Siyasət
 16-12-2021, 13:00     220

Bir qrup hüquqşünas, jurnalist, vətəndaş cəmiyyəti təmsilçisi Milli Məclisdə ilk oxunuşdan keçmiş “Media haqqında” qanun layihəsi ilə bağlı açıqlama yayıb. Açıqlamada layihənin media və ifadə azadlığını məhdudlaşdırmağa geniş imkanlar açdığı bildirilir, təklifin ictimai müzakirədən keçmədiyi vurğulanır, layihənin gündəlikdən çıxarılması istənir: “Media haqqında” qanun təklifinin parlament müzakirələrinə qədər qapalı tutulması bilgi açıqlığı ilə bağlı milli qanunlara, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun deyil. Layihə ölkənin media ictimaiyyətinin, habelə Azərbaycanın tərəfdaşlıq etdiyi Avropa Şurasının Venesiya Komissiyasının, ATƏT-in Media Ofisinin müsbət rəyini almayıb.

Qanun təklifi ilə Azərbaycan Konstitusiyasının, Avropa İnsan Hüquqları Konvensiyasının ifadə və media azadlığı hüququnu qoruyan müddəaları arasında ciddi uyğunsuzluqlar var.
Layihə kimlərin jurnalistika ilə məşğul ola biləcəyini müəyyənləşdirməkdə dövlətə geniş imkanlar açır. Dövlətin jurnalistlərə reyestr yaratması, reyestrlə bağlı çətin şərtlərin müəyyən edilməsi, vahid vəsiqə qaydasının tətbiqi, jurnalistlərə gizli yolla əldə edilmiş bütün məlumatların yayılmasını yasaqlamaq kimi tələblərin qoyulması ifadə azadlığı hüququnun mühüm komponenti olan media azadlığına sağalmaz yaralar vura bilər”.
Açıqlama müəllifləri layihədə internet televiziyalarının fəaliyyətinə əngəl törədə biləcək müddəaların yer almasından da narahat olduqlarını bildirirlər.
Akif Qurbanov, Alya Yaqublu, Arif Əliyev, Elçin Şıxlı, Elçin Sadıqov, Emin Hüseynov, Ələsgər Məmmədli, Əvəz Zeynallı, Fariz Namazlı, Xalid Ağalıyev, Qubad İbadoğlu, Qulu Məhərrəmli, Mehman Əliyev, Mehman Hüseynov, Osman Gündüz, Rəsul Cəfərov, Rəşid Hacılı, Rövşən Hacıbəyli, Seymur Kazımov, Şahvələd Çobanoğlu, Şəhla Hümbətova, Şəmşad Ağa və başqalarının imzaladığı açıqlama belə bitir: “Biz qanun layihəsi təklifinin ölkəmizin işıqlı, firavan gələcəyinə deyil, daha da qapalı mühitin formalaşmasına xidmət etməsindən narahatlığımızı ifadə edir, hökuməti layihəni parlamentin gündəliyindən çıxarmağa, vətəndaş cəmiyyəti təmsilçilərinin də yer aldığı işçi qrup yaratmağa və layihəni yenidən işlənməsi üçün həmin qrupa təqdim etməyə çağırırıq”.скачать dle 12.1