Bia.Az

Nə üçün EVDƏ QALmalıyıq? 2 VACİB SƏBƏB

Gündəm
 26-03-2020, 11:51     342

Nə üçün EVDƏ QALmalıyıq? 2 VACİB SƏBƏBKoronavirusdan qorunmağın ən vacib tədbiri heç də maska taxmaq və əlləri yumaq deyil. Bəli, bunlar da çox vacibdir, lakin əsas tədbir sosial kontaktlarının azaldılmasıdır.

Yəni sadə dildə desək, hamı evdə qalıb digər insanlarla ünsiyyətdən mümkün qədər qaçmalıdır. Bir çoxları bunun əsas səbəbini bilmir və yəqin məhz buna görə karantin elan olunandan sonra çöldə gəzən insanların sayı nəinki azalmır, hətta artır.

Sizə izolyasiyanın vacibliyinin 2 əsas səbəbini izah etmək istərdim.

Misal üçün, bir insan gün ərzində tez-tez evdən çıxır, çöldə gəzir, dükana, bazara və s. gedir, ictimai nəqliyyatdan istifadə edir. Bu halda onun virusla “rastlaşması” riski, təbii ki, artır. Bundan əlavə onun virusla “yüklənməsi” də artır. Bu nə deməkdir? Sadə dildə desək, biri var yanında 1 nəfər asqırıb-öskürsün, biri də var 10 nəfər. Virus, bildiyimiz kimi, əsasən hava-damcı yolu ilə keçir və asqırma-öskürmə zamanı 1-2 metrə qədər uça bilir. Yəni yanımızda nə qədər çox asqırıb-öskürən insanlar olarsa, virusun orqanizmimizdə “miqdarı” da o qədər çox olacaq və bizim immun sistemi ona tab gətirməyə bilər.

Əvvəl koronavirusa yoluxanlar yalnız xarici ölkələrdən gələnlər idi. Onlar hava limanından birbaşa karantinə götürülürdü və bununla da koronavirusun yayılması riski xeyli azalırdı. Bir neçə dün bundan əvvəl Operativ Qərargah “daxili yoluxma” haqqında məlumat yayıb. Çox güman ki, bir çoxları buna fikir verməyib. Lakin bu çox vacib məlumatdır və bu o deməkdir ki, artıq koronavirus daşıyıcıların hamısı yad ölkələrdən gələnlər və karantində olanlar deyil, onlar bizim aramızda da gəzir.

Bu birinci səbəb.

2-ci səbəb – virusa yoluxmuş və xəstə insanların sayı artdıqca səhiyyə sisteminə düşən yük də artır. Xəstəxanalarda yerlər, personal, dərmanlar, oksigen balonları, süni tənəffüs aparatları və s., təbii ki, hər ölkədə olduğu kimi bizdə də qeyri-məhdud deyil. Səhiyyə sistemi xəstələrin sürətlə artmasına tab gətirə bilməzsə, kollaps yarana bilər. Hal hazırda biz bunu inkişaf etmiş Avropa ölkəsi olan İtaliyada görürük – xəstəxanaların dəhlizlərində yatan xəstələr, sutkalarla yatmayan personal, adi dərmanların defisiti və s. İtaliya hətta rəsmi bəyat edib ki, vəziyyəti kontrol edə bilmir və koronavirusa təslim olub.

Sonda yaşlı insanlara tətbiq olunan karantin tədbirlərinə də toxunmaq istərdim. Çox düzgün və vaxtında atılmış addımdır. Lakin...

65 yaşdan yuxarı insanların çölə çıxması dövlət tərəfindən məhdudlaşdırdıqdan sonra onlar çöldə sanki daha çox gözə dəyməyə başlayıb. Bir çoxları bunu belə izah edir: “Öz həyatımı yaşadım, heç nədən qorxmuram”. Bəli, siz yaşadınız, bəs sizinlə birlikdə yaşayan uşaq və nəvələr? Axı siz onları da yoluxdura bilərsiniz!

Həmçinin bu yaşda olan insanlara anlatmaq lazımdır ki, əgər səhiyyə sistemində koronavirusla bağlı kollaps yaranarsa, həkimlər xəstələr arasında seçim etməli olacaqlar – kimi xilas edək, kimi isə yox. Buna misal kimi yenə də İtaliyanı göstərmək olar. Bu vəziyyətdə isə seçim, təəssüf ki, yaşlı insanların xeyirinə olmayacaq...

Dəyərli həmvətənlərim, dövlətimiz bu çətin vəziyyətdən çıxmaq üçün əlindən gələni edir. Biz də anlayış göstərək, EVDƏ QALaq!

Marına İsayeva,скачать dle 12.1