Bia.Az

Ramiz Rövşən – 75

Cəmiyyət
 15-12-2021, 18:05     259

Şair Ramiz Rövşənin 75 yaşı tamam olub.
Novator.az bildirir ki, 1946-cı il dekabrın 15-də doğulan Ramiz Rövşən filoloq və ssenarist ixtisasları üzrə iki ali təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında və Azərbaycan Tərcümə Mərkəzində məsul vəzifələr tutub.
Bir neçə kitabın müəllifi olan Ramiz Rövşən ədəbi aləmdə həm də nasir, tərcüməçi kimi tanınır.
Ramiz Rövşənin ssenariləri əsasında bir çox bədii və sənədli film çəkilib.
Əsərləri onlarca ölkədə, o cümlədən ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Türkiyə və İranda çap olunub.
Prezidentin 25 may 2019 tarixli sərəncamı ilə Ramiz Rövşənə xalq şairi fəxri adı verilib.

Biz sevgidən doğulanlar deyilik

Deyirlər ki, hər adam
oxunmamış kitabdı…
Əgər adamları kitablar kimi
yığa bilsəydik rəflərə –
qadınlar ayrı, kişilər ayrı;
xalalı, bibili, əmili, dayılı.
Babalar, nənələr
cildi sökülmüş,
varaqları yarpaq-yarpaq tökülmüş
kitablar kimi.
Balalar, nəvələr
üstünə qəşəng
şəkillər çəkilmiş
kitablar kimi.
Arabir götürüb varaqlasaydıq
hansınısa əvvəlindən sonuna,
hansınısa sonundan əvvəlinə –
Görərdik, hamısı necə oxşayır
bir-birinə.
Hamısının
əvvəli də eyni, sonu da eyni, –
ortası qarmaqarışıq.
Bilmək olmur
kim kimə düşməndi,
kim kimə aşiq?
Görərdik ki, ömür boyu sən demə
nənəmiz babamızı sevməyib,
babamız nənəmizi.
Amma dünyaya bir qoşun
colma-cocuq gətiriblər;
içində də bizi.
Biz sevgidən doğulanlar deyilik,
Onunçün də, pis oğlanlar deyilik.
Quzu kimi fağırıq,
bizim hay-küyümüz yox.
Bizim dəcəlliyimiz,
ərköyünlüyümüz yox.
Quzu kimi duza gedənlərdənik,
Lap bıçağın altına da
özü gedənlərdənik.
Beləcə, gedəcəyik
dərimiz soyulanacan.
Cildi qopmuş köhnə bir kitab kimi
rəfə qoyulanacan…
1967скачать dle 12.1