Bia.Az

Xalq Partiyası media qanunu layihəsinə qarşı çıxdı

Siyasət
 14-12-2021, 11:46     226

Pənah Hüseynin sədrlik etdiyi Azərbaycan Xalq Partiyasının Siyasi Şurası “Media haqqında” qanun layihəsini müzakirə edib.

Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il fərmanı əsasında hazırlanan “Media haqqında” qanun layihəsi dekabrın 10-da açıqlanaraq Milli Məclisin müzakirəsinə çıxarılıb.

Layihəyə görə, 2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin Azərbaycanın hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, Azərbaycanın hüdudlarından kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.
Media subyektləri layihədə belə sıralanır: audiovizual media subyektləri; çap mediası subyektləri; onlayn media subyektləri; informasiya agentlikləri.
Novator.az-ın məlumatına görə, Azərbaycan Xalq Partiyası bildirir ki, “Media haqqında” qanun layihəsində siyasi partiyaların audiovizual və onlayn media subyektlərinin təsisçisi olmasına qadağa nəzərdə tutulur, bu isə siyasi partiyaların media fəaliyyətinin, bütövlükdə siyasi fəaliyyət azadlığının ciddi məhdudlaşdırılmasıdır: “Dövlət və çoxsaylı tərəfdaş media orqanlarının hakim siyasi partiyanın xidmətində olduğu bir şəraitdə belə qadağa ölkədə ədalətli və azad siyasi rəqabəti mümkünsüz edir, bu cəhətdən mürtəce, antidemokratik xarakter daşıyır.
Ümumən “Media haqqında” qanun layihəsini Azərbaycanda media fəaliyyətinin məhdudlaşdırılması layihəsi adlandırmaq daha uyğundur. Layihə müasir informasiya-kommunikasiya texnologiyaları inqilablarının səviyyəsinə uyğun olmayan və bu texnologiyaların imkanlarını nəzərə almayan, faktiki gerçəkləşdirilməsi mümkün olmayan arxaik məhdudiyyətlərdən ibarətdir. Bu cür qanun layihəsinin meydana atılması mütərəqqi islahat vədlərinin üstündən xətt çəkir, qəbul ediləcəyi təqdirdə fəsadlara, gərginliklərə səbəb olacaq”.
Azərbaycan Xalq Partiyası 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Partiya sədri, 1957-ci il təvəllüdlü Pənah Hüseyn milli azadlıq hərəkatının liderlərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) əvvəl dövlət katibi, sonra baş nazir postlarını tutub. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.скачать dle 12.1