Bia.Az

Bayden Zelenski ilə saat yarım nədən danışıb?

Dünya
 10-12-2021, 15:19     216

Dekabrın 9-da ABŞ prezidenti Cozef Bayden ukraynalı həmkarı Vladimir Zelenskiyə zəng edib.

Novator.az-ın məlumatına görə, Ağ evin internet səhifəsində yer alan açıqlamada deyilir ki, telefon söhbəti saat yarım çəkib, Bayden Zelenskiyə dekabrın 7-də Rusiya prezidenti Vladimir Putinlə apardığı qapalı müzakirənin mətnini oxuyub. Vaxtın əsas hissəsinin məhz buna sərf olunduğu xəbər verilir.
Ağ ev həmçinin bildirir ki, telefon söhbəti zamanı Cozef Bayden Ukraynanın suverenliyini, ərazi bütövlüyünü birmənalı dəstəklədiyini, 7 dekabr müzakirəsində Putinə dediyi kimi Rusiya Ukraynaya növbəti dəfə hərbi hücuma keçsə, Moskvaya sərt sanksiyalar qoyulacağını deyib.
Bayden Normand formatı çərçivəsində qəbul edilmiş Minsk razılaşmaları istiqamətində etimadı möhkəmləndirəcək addımlar atmağa hazır olduğunu da söyləyib. O, Kiyevin iştirakı olmadan Ukrayna ilə bağlı heç bir qərarın qəbul edilməməsi prinsipinə sadiqliyini vurğulayıb.
ABŞ və Ukrayna prezidentləri Rusiyanı vəziyyəti gərginləşdirməməyə çağırıblar və münaqişəni diplomatik yolla həll etməyin daha yaxşı variant olduğunu bildiriblər.
2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyəndən sonra rus ordusu Ukraynanın Krım yarımadasını zəbt edib. Rusiya Krımı ilhaq etməklə bərabər Donbasda iki separatçı rejimin əli ilə Ukraynanın bu bölgəsinin də bir hissəsini işğal altına alıb.
Normand formatı 2014-cü ilin iyununda Almaniya, Fransa, Rusiya və Ukrayna liderlərinin Fransanın Normandiya şəhərində keçirdiyi yığıncaqda müəyyənləşib. 2014-2015-ci illərdə bu formatda Belarusun paytaxtı Minsk şəhərində keçirilən görüşlərdə Ukraynanın şərqində – Donbasda müharibənin dayandırılması məqsədilə razılaşmalar əldə edilib.
2021-ci il dekabrın 7-də Cozef Baydenin Vladimir Putinlə video formatında keçirdiyi görüş iki saat davam edib. Görüşdə əsasən Rusiyanın Ukraynaya qarşı təhdidləri müzakirə olunub. Məlumatlara görə, Bayden son aylar Rusiyanın yenidən Ukrayna sərhədi boyunca qoşun, hərbi texnika topladığını xatırladaraq Putinə xəbərdarlıq edib ki, Ukraynaya növbəti hərbi müdaxilə olsa, ABŞ sərt iqtisadi sanksiyalara əl atacaq.
2014-cü ildə Krımın ilhaqından sonra ABŞ Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib. Həmin sanksiyalar hazırda qüvvədədir.
Məlumatlara görə, Bayden Putini budəfəki sanksiyaların 2014-cü ildəkindən daha geniş olacağı və Rusiyaya daha böyük ziyan vuracağı haqda xəbərdar edib.
Kremlin açıqlamasında isə bildirilir ki, Putin Baydenin Ukraynanı Rusiya tərəfdən təhlükə gözlədiyinə dair xəbərdarlıqlarına qarşı çıxıb və NATO-nu gərginliyi artırmaqda ittiham edib. O deyib ki, NATO Rusiya sərhədlərində hərbi potensialını gücləndirməyə çalışır.
Kremlin açıqlamasına görə, Rusiya prezidenti bildirib ki, Moskva ABŞ-ın rəhbərlik etdiyi NATO-nun Avropanın şərqindən yeni üzvlər qəbul etməyəcəyinə və alyansın Rusiya yaxınlığında hərbi texnika yerləşdirməyəcəyinə zəmanət istəyir.
Cozef Bayden Vladimir Zelenskidən qabaq Fransa, İtaliya, Böyük Britaniya və Almaniya liderlərinə zəng edərək onları Putinlə keçirdiyi görüş haqda məlumatlandırıb.
Mənbə: Whitehouse.govскачать dle 12.1