Bia.Az

Saleh Rüstəmov üçün azadlıq imkanı

Cəmiyyət
 6-12-2021, 11:08     248

Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmovun həbsdən buraxılması üçün məhkəməyə müraciət olunub. Vəkil Aqil Layıcın yaydığı məlumata görə, həmkarı Bəhruz Bayramovla birgə ərizə hazırlayıb. Bakının Nizami Rayon Məhkəməsinə təqdim olunan ərizədə Saleh Rüstəmovun səhhətinin nəzərə alınaraq cəzanın qalan hissəsindən azad olunması istəyi yer alır: “Əlimizdən gələni edirik ki, Saleh Rüstəmovu azadlığa qovuşduraq. O, böyrək çatışmazlığından və başqa xəstəliklərdən əziyyət çəkir. Bu halları nəzərə alaraq məhkəmənin onu cəzadan azad etməsi üçün heç bir maneə yoxdur. Ümid edirəm bu hüquqi prosedur müsbət qarşılanacaq”.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı postunu 1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı tutmuş Saleh Rüstəmov noyabrın 6-dan aclıq aksiyası keçirir. Noyabrın 8-də o, Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Saleh Rüstəmov həbsdə qanunsuz saxlandığını bildirir, azadlığa buraxılmasını istəyir.
1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.
2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.
AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.
2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.
2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.
Saleh Rüstəmov Birinci Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ildə Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad edilməsi əməliyyatının rəhbərlərindən olub.скачать dle 12.1