Bia.Az

Rövşən Hacıbəyli qərarı gəlir

Siyasət
 4-12-2021, 12:23     181

Avropa İnsan Hüquqları Məhkəməsi jurnalist Rövşən Hacıbəylinin şikayəti üzrə qərar elan etməyə hazırlaşır.

 Novator.az-ın məlumatına görə, hüquqşünas Xalid Ağalıyev yazır ki, Rövşən Hacıbəyli 10 il əvvəl “Azadlıq” qəzetinin redaktoru kimi Səhiyyə Nazirliyinə və Nazirlər Kabinetinə qarşı məhkəmə davası açıb: “Jurnalist Qəbələ Radiolokasiya Stansiyasının ətraf mühitə təsiri ilə bağlı hesabatlar əldə etmək istəyib, dövlət qurumları sorğuları cavabsız qoyub, yerli məhkəmələr isə bu müstəvidə şikayətləri təmin etməyib. Avropa Məhkəməsinə üz tutan jurnalist informasiya azadlığı hüququnun pozulduğunu bildirib”.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin yurisdiksiyasındadır.
1961-ci il təvəllüdlü Rövşən Hacıbəyli Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. Jurnalist fəaliyyətinə Azərbaycan Xalq Cəbhəsinin İnformasiya Mərkəzində başlayıb. 1992-ci ildən “Azadlıq” qəzetində çalışıb. Məsul katibin müavini, informasiya şöbəsinin müdiri, məsul katib, redaktor müavini, baş redaktor, redaktor postlarını tutub.

1989-cu ildə yaradılan “Azadlıq” qəzeti 2016-cı ildən nəşr olunmur. Rövşən Hacıbəyli hazırda qəzetin elektron versiyasının – Azadliq.info saytının redaktorudur.

1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ Radiolokasiya Stansiyası 2012-ci ilin sonunadək Rusiyanın icarəsində olub. Həmin il dekabrın 10-da istismarı dayandırılan stansiya 2013-cü ilin yayında Azərbaycan hökumətinə təhvil verilib.скачать dle 12.1