Bia.Az

“Bloomberg” Navalnını “İlin 50 adamı” siyahısına salıb

Dünya
 3-12-2021, 11:31     203

Rusiyanın hazırda həbsdə olan müxalif lideri Aleksey Navalnının adı “Bloomberg” agentliyi redaksiyasının tərtib etdiyi “2021-ci ilin 50 adamı” siyahısına düşüb.

Novator.az-ın məlumatına görə, “Bloomberg”in redaksiyası öz seçimini əsaslandırmaq üçün təqdim etdiyi arayışda çoxlarının Navalnını “Rusiyanın korrupsiyaya qarşı səsi” adlandırdığını diqqətə çatdırıb. Redaksiya Navalnıya verilən bu qiymətlə razılaşdığını vurğulayıb.
Sentyabrda “Time” jurnalı Aleksey Navalnının adını “Dünyanın ən nüfuzlu 100 adamı” siyahısına daxil etmişdi.
“Bloomberg”in “İlin 50 adamı” siyahısında siyasətçilərin, iş adamlarının, iqtisadçıların, alimlərin və media nümayəndələrinin adlarına rast gəlmək mümkündür.
Siyahıda COVİD-19 infeksiyasına qarşı ən güclü peyvəndlərdən birinin hazırlanmasında iştirak etmiş “Pfizer” əczaçılıq şirkətinin baş direktoru Albert Burlanın, bu ilin fevralında ABŞ-da Konqres binasına hücumla nəticələnən iğtişaşların yatırılmasında fəallıq göstərmiş polis Yucin Qudmanın, atasının himayəsini əsarət kimi qiymətləndirərək bundan imtina etmiş müğənni Britni Spirsin, 2,7 milyard dollar məbləğində pulu xeyriyyə məqsədilə xərcləmiş amerikalı yazıçı Makkenzi Skottun və digərlərinin adları var.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib. Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib. 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzalarına məhkum edilib.
Sonrakı dövrdə fəaliyyətini əsasən Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri kimi davam etdirən Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
2021-ci il yanvarın 17-də Almaniyadan müalicədən qayıdan Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub. Yanvarın 18-də Ximki Şəhər Məhkəməsi sınaq müddəti qaydalarını pozma ittihamı ilə onun barəsində 30 sutka həbs qətimkan tədbiri seçib. Fevralın 2-də isə Moskvanın Simonov Rayon Məhkəməsi eyni ittihamla Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib. Hökm Cəzaların İcrası üzrə Federal Xidmətin iddiası əsasında çıxarılıb. Fevralın 20-də Moskva Şəhər Məhkəməsi həbs müddətini 2 il 6 ay iki həftəyə endirib. Hazırda Navalnı ona təyin edilmiş cəzanı 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.
Həbsindən sonra Rusiyada Navalnının başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondu ekstremist fəaliyyətlə və ya terrorla məşğul olan təşkilatlar siyahısına daxil edilib, fondun fəaliyyəti rəsmən dayandırılıb.
Sentyabrda Rusiya İstintaq Komitəsi Aleksey Navalnıya Cinayət Məcəlləsinin 282.1-ci (ekstremist icmanın yaradılması və ona rəhbərlik) maddəsi ilə yeni cinayət işi açıb.
Oktyabrda Aleksey Navalnı Avropa Parlamentinin Andrey Saxarov adına “Azad düşüncə mükafatı”na layiq görülüb.
Mənbə: Bloomberg.comскачать dle 12.1