Bia.Az

“HELİKOPTER YERƏ ÇIRPILDIQDAN SONRA PARÇALANIB...” – “Qəza olması ehtimalı daha çoxdur”

Siyasət
 2-12-2021, 14:02     200

"Azərbaycan müharibədə 3 min şəhid verdi, amma müharibədən sonra da şəhidlərin olması, xüsusilə son hadisə çox ağrılıdır”.

Bu sözləri "AzPolitika.info"-ya Qaraheybət faciəsinin səbəbləri barədə ehtimalları şərh edən təhlükəsizlik eksperti İlham İsmayıl deyib.
Ekspert qeyd edib ki, Qaraheybət helikopter qəzası Azərbaycan Silahlı Qüvvələri üçün böyük itkidir: "Sayseçmə, peşəkar zabit heyətini itirdik. Belə kadrlar illərlə formalaşır, yetişir. Bu tip hadisələr baş verəndə adətən iki versiya irəli sürülür: Bu qəzadır, yoxsa təxribat? Müəyyən təhlillər aparılandan sonra ilkin rəy daha çox qəza olduğu qənaətini formalaşdırır. Yerdən müdaxilə yoxdur. Həlak olanların statusu hər hansı bir qalmaqalla bağlı deyil. Bu, daimi olan reys deyil ki, düşmənin tədricən diqqətini cəlb etsin və təxribat üçün konkret hazırlıq görsün. Təlim poliqonuna getmək üçün zabit heyətini aparan nəqliyyat vasitəsidir və Mİ-17 helikopteri 24 nəfərlik ekipajı daşımaq üçün nəzərdə tutulub. Helikopterin qəza vəziyyətindəki görünüşündən də məlum olur ki, o, göydə parçalanmayıb və eniş edərkən yerə çırpılıb. Texniki vasitənin təzə-köhnəliyindən asılı olmayaraq, nasazlığı tamamilə mümkün olan variantdır. Ən böyük və keyfiyyətli avtomobil şirkətləri belə bəzən hansısa detalın uyğunsuzluğu barədə elan verib maşınları geri çağırırlar. Texniki detalın nasazlığı bəzən artıq hərəkətə başlanandan sonra yarana bilər. Ona görə də helikopteri uçuşa hazırlayan texniki heyət ola bilsin ki, uçuşdan əvvəl çatışmazlığı görməsin. Amma bütün məsələlərə ən dəqiq cavabı istintaq və əməliyyat tədbirləri verəcək. Helikopterin tam saz vəziyyətdə olmasını raport verən texniki heyətlə iş aparılmalı, təmir üçün ayrılan vəsaitin necə sərf olunduğu dəqiqləşməlidir".
İ.İsmayıl xatırladır ki, vaxtı keçmiş detalların dəyişilməməsi ucbatından 2018-ci ildə Mingəçevir SES-də böyük qəza baş verdi. O, vurğulayır ki, Azərbaycanda təmir üçün ayrılan vəsaitin mənimsənilməsi tez-tez baş verən haldır: "Yəqin istintaq buna da aydınlıq gətirəcək. "Qara qutu"nun öyrənilməsi də həqiqəti tam ortaya çıxaracaq. Sadəcə olaraq baş verən hadisə barədə zamanında məlumat verməmək bizim strukturların köhnə xəstəliyidir".
Ekspert bildirir ki, rəsmi informasiya gecikəndə şayiə, əsassız söz-söhbət sosial şəbəkəni başına alır, necə ki, bu dəfə də aldı. "İnformasiya verilmə qaydaları gözlənilmir. Hadisə barədə məlumat verib, sonra əlavə məlumat veriləcəyi barədə cəmiyyətə mesaj verilir. Fasilələrlə, yeni faktlar məlum olduqca məlumat yenilənməlidir. Olmadığı üçün ən ağılagəlməz, qərəzli informasiyalar yayılır və bu da əhalidə ruh düşkünlüyü yaradır. Düşmənin əks- təbliğatı da öz işini görür. Belə hadisələrdə ən çox mütəxəssis rəyi soruşulmalı, əhaliyə bilgi verilməlidir. Kompetensiyası uyğun olmayanların formalaşdırmağa çalışdıqları rəylər daha çox populist və qərəzli olur", - İlham İsmayıl vurğulayıb.скачать dle 12.1