Bia.Az

Üç 6-ya bir şərh

İqtisadiyyat
 1-12-2021, 01:36     325

İqtisadi Əməkdaşlıq Təşkilatının 28 noyabr 2021-ci il sammitində çıxış edən prezident İlham Əliyev Azərbaycanın strateji valyuta ehtiyatlarının xarici dövlət borcundan 6 dəfə çox olduğunu, son 18 ildə ölkədə yoxsulluq səviyyəsinin 49 faizdən 6 faizə endiyini, işsizliyin təqribən 6 faiz səviyyəsində qərarlaşdığını deyib.

Novator.az-ın məlumatına görə, iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu yazır ki, beynəlxalq metodologiya suveren rifah fondlarının aktivlərini strateji valyuta ehtiyatlarına daxil etmir: “Belə fondlar aktivlərini yalnız valyuta deyil, səhm, əmlak, qızıl bazarlarında saxlayırlar. Strateji valyuta ehtiyatları mərkəzi bankların əlində olan aktivlərdir. Noyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 7 milyard 41,1 milyon dollar, iyulun 1-nə Azərbaycan Respublikasının birbaşa xarici dövlət borcu 7 milyard 839 milyon dollar göstərilib. Yəni rəsmi valyuta ehtiyatları birbaşa xarici dövlət borcundan azdır.


Hesablamalara görə, 2020-ci il üçün işsizlik faizi rəsmən göstərildiyi kimi 4,8 faiz deyil, azı 16,5 faiz və ya 857 min nəfərdir. Rəsmi statistika 2020-ci ildə 376 min nəfəri işsiz kimi qeydə alıb, bu da 2019-cu illə müqayisədə 125 min nəfər və ya 50 faiz çox, 2003-cü ildən sonra ən yüksək göstəricidir.


Dünya Bankının son tədqiqatına görə, 2019-cu ildə Azərbaycan əhalisinin 4,8 faizi yoxsulluq səviyyəsindən aşağı yaşadığı halda 2020-ci ildə bu göstərici 6,2 faizə yüksəlib. Bu isə o deməkdir ki, 2020-ci il ərzində yoxsulların sayı 30 faizə yaxın artıb, yoxsulluq səviyyəsi 2011-ci ildən sonra ən yüksək həddə çatıb”.
скачать dle 12.1