Bia.Az

Nə AAYDA, nə də Sabunçu RİH... - NARAZILIQ!

Fakt
 26-11-2021, 11:52     494

Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ACCOPEN ilə üzbəüz, 5-10 min nəfər insanın məskunlaşdığı məhəllənin sakinlərinin yol problemi ilə bağlı şikayətləri var. AYNA-ya daxil olan şikayətdə bildirilir ki, yollar yayda toz-torpaq, qışda isə palçıq və bataqlıq içində olur. Həmçinin qeyd edilir ki, sakinlər bununla bağlı aidiyyəti üzrə müraciət etsələr də, şikayətlərinə məhəl qoyulmayıb.
Sakinlərin sözlərinə görə, yolların asfaltlanması üçün ötən il tapşırıq verilsə də, cavabdeh qurumlar tərəfindən buna əməl olunmayıb: “2020-ci ildə Birinci vitse-prezident Mehriban Əliyeva yolun təmir edilməsi barədə göstəriş verib, amma tapşırıq icra olunmayıb. Həmin vaxt Mehriban xanım əmr verdi ki, Kürdəxanının bütün yaşayış məhəllələri asfaltlansın. Amma yerli icra hakimiyyəti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) verilən tapşırığı icra etmədi”.

Yolun abadlaşdırılmasına, asfaltın çəkilməsinə kim cavabdehdir? AYNA problemlə aydınlıq gətirməyə çalışıb.

Sabunçu Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, yerli mətbuatda bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Aparatının rəhbəri Elgin Həbibullayev tərəfindən açıqlama yayımlanıb və onların bundan artıq nəsə deməyə səlahiyyətləri yoxdur. Sözügedən açıqlamada da bildirilib ki, Kürdəxanı qəsəbəsinin sakinlərinin şikayət etdiyi yolların vəziyyəti doğrudan da acınacaqlıdır, lakin sakinlərin məskunlaşdığı ərazi yaşayış üçün deyil, kənd təsərrüfatı təyinatlıdır. Buna görə də sakinlərin üzləşdiyi bu problemin həlli üçün maliyyə ayrılmayıb.

BŞİH rəsmisi qeyd edib ki, qeyri-qanuni tikinti hələ də bu günə qədər üzləşdikləri ciddi problemlərdəndir. Ona görə də vətəndaşlara tövsiyə edilir ki, ev tikərkən və ya alarkən məsələnin hüquqi tərəfinə diqqət yetirsinlər və qanuni sənədlərin əllərində olmasına əmin olsunlar...

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli sorğumuza cavab olaraq deyib ki, Kürdəxanı qəsəbəsində Agentliyin balansında iki küçə var: “Həmin küçələr Ağaverdiyev və Məşədi Adil küçələridir. Məlumat üçün qeyd edim ki, yeni salınmış ərazilər bələdiyyə və yaxud icra hakimiyyətinin balansında olur. Ümumilikdə, bəzi küçələr istisna olmaqla, qəsəbədaxili küçələr yerli icra strukturlarının balansına daxildir. Ola bilər ki, indi onlar deyirlər, təmir bizlikdir. Lakin qeyd edim ki, bu halda da biz investisiya proqramına uyğun olaraq təmir işlərini həyata keçiririk və nəzərdə tutulan küçələr üzrə də yollar asfaltlanıb”.

Kürdəxanı Bələdiyyəsindən sözügedən küçənin onların ərazisinə aid olmadığı bildirilib: “Həmin küçə bizə aid deyil. Kürdəxanın bütün küçələri asfaltlıdır. Mehriban xanım Kürdəxanıya gəlib tapşırıq verəndə ərazini tam dəqiqləşdirdilər və Kürdəxanıya aid olan bütün küçələr asfaltlandı. Qəsəbə Sabunçu rayonuna aid olsa da, ACCOPEN-lə üzbəüz küçə, yəni yolun o biri tərəfi Abşeron rayonunun ərazisidir. Tam Kürdəxanı qəsəbəsi qurtarıb, Məhəmmədi başlayan yolda, bəli, asfalt yoxdur. Bu, plana uyğun həyata keçirilib”.

Abşeron rayonu, Məhəmmədi Kənd Bələdiyyəsinin sədri Vasif Məmmədov Kürdəxanı qəsəbəsinin ərazi olaraq Abşeron rayonuna daxil olduğunu təsdiqləyib: “Ərazi Məhəmmədi Bələdiyyəsinə aiddir, amma bütün kommunal xidmətlərə Sabunçu Rayon İcra Hakimiyyəti baxır. Ərazidə tikinti işlərinə nəzarəti də Sabunçu Rayon İcra Hakimiyyəti edir. Biz sadəcə təsərrüfat torpağı olması barədə məlumat yazıb göndərə bilirik ki, burada qeyri-qanuni tikinti gedir”.

“Yol probleminə qaldıqda isə, Mehriban xanım oraya gələndə tapşırığı əsasında AAYDA-ya pul köçürüldü və yolun bir hissəsi asfaltlandı. Qalan hissəsinin isə asfaltlanması üçün gözləyirik ki, yenidən nə zaman tapşırıq veriləcək, pul ayrılacaq. Oraya asfalt çəkilməsi bələdiyyənin gücü səviyyəsində deyil”, - deyə sədr vurğulayıb.
Nə AAYDA, nə də Sabunçu RİH... - NARAZILIQ!





скачать dle 12.1