Bia.Az

DİKTATOR: ÖVLAD YETİŞDİRƏN VALİDEYN...

KÖŞƏ YAZARLARI
 15-11-2021, 09:29     1 750

Məmməd Talıblı

Osmanlı İmperiyası I Dünya savaşından məğlub çıxandan sonra, 4 dövlət (İngiltərə, Fransa, Yunanıstan, İtaliya) Türkiyəyə qarşı birləşərək, onu işğal etməyə qərar verdilər. Belə bir vəziyyətdə sadə bir insan, heç bir yüksək hərbi rütbəsi olmayan Mustafa Kamal xalqın qabağına çıxdı, Türk qardaşlarımızı səfərbər edərək müqaviməti təşkil etdi. 

İstanbul (1920) artıq əldən getmişdi. Bundan bir neçə gün sonra Türkiyə Böyük Millət Məclisi formalaşır və Mustafa Kamal Məclisin sədri seçilir. Belə bir vəziyyətdə işğal qüvvələrinin nəzarətində olan Türkiyə Hərbi Məhkəməsi onun edam olunması haqqında qərar verir.

Edam cəzası alan Atatürkün zəfəri
Məhz xalqın onun sonadək müdafiə etməsi ilə həmin edam qərarı bir kağız parçasına çevrilir. Sonrakı illərdə Mustafa Kamalın başçılığı ilə bölgələr işğaldan azad olunur. Fransa və İngiltərə özünün qoşun hissələrini Anadoludan geri çəkməyə məcbur olurlar. Nəhayət, 1923-cü ildə “Lozanna” Sülh Müqaviləsi imzalanır.
Beləliklə, Türkiyənin müstəqilliyi rəsmən tanınır, sərhədlərini müəyyənləşdirmək hüququ və imkanı əldə edilir. O zamandan - 29 sentyabr 1923-cü ildən başlayan müstəqil dövlət olmağın sevincini bütün Türk xalqlarına yaşada bildilər. Belə bir rəşadətli ordunun və xilaskar dövlət başçısının qoyduğu tarixi irs bütün Türk dünyasının hər il sevincinə səbəb olur.

“Dahi diktator” və “Nutuq”
Atatürkü dərk etmək üçün onun təkcə hərbçi keyfiyyəti və dövlət başçısı obrazını yaratmaq az olar. Bu onun fəaliyyətini tamamlamaz. Mahiyyətini tam ifadə edə bilməz. Atatürkü tanımaq üçün onun tərcümeyi-halını bilmək yetərli sayılmaz. Onu daha dərindən tanımaq üçün onunla eyni dövrdə və ölkədə yaşamaq da kifayət etməz. Özü necə deyirdi? Möhtəşəm fikirdir: “Beni görmek demek, mutlaka yüzümü görmek değildir. Benim fikirlerimi, benim duyğularımı anlıyorsanız ve hissediyorsanız, bu yeterlidir.” 
Onun fikirlərini dərk etmək və milli duyğularını hiss etmək, onu bütün mahiyyəti ilə tanımağa kifayət edər.
Hər halda peşəkar tarixçi olmadığım üçün bunu tam iddia edə bilmərəm, amma düşünürəm ki, Atatürkün milli və intellektual kimliyini aça bilən hər iki kitab möhtəşəmdir: Celal Şengörün "Dahi diktator" və "Nutuk" əsərləri.
Celal Şengörün “Dahi diktator” əsərində onun həm də bir düşüncə insanı kimi strateji vizionuna işıq salınıb. Onun orduda yaratdığı sərt intizam qaydaları və müharibə şərtlərinə uyğun davranışı Atatürkü həm də dövlət adamı olaraq, diktator kimi tanıdıb.

“Dahi diktator”da Celal bəy bu yanlış tanıtımı çox ustalıqla interpretasiya edərək, yazıb: “Atatürkün etdikləri tarix məhkəməsi qarşısında mühakimə edilib və o, bütün mədəni bəşəriyyətin alqışını qazanıb. Bu gün azad və rifah içində olan bir ölkədə yaşayırıqsa, bu onun əsəridir. Atatürk azadlığı öyrətmək, xalqa yaya bilmək üçün bir müddət diktatorluq edib. Bunu övlad yetişdirən valideynin övladlarına göstərdiyi münasibətə bənzədə bilərik...”
Atatürkün həyatı, fəaliyyəti və düşüncələri haqqında çox vacib bilgiləri verən “Nutuk” çox dəyərli kitabdır. Kitab Türkiyə türkcəsində yazılıb. Uzun-uzadı tarixi hadisələri elə yığcam formaya salıb, tarixi şəraitin mahiyyətini elə mükəmməl şəkildə açıb ki, sanki Atatürklə eyni zamanda yaşayırsan və etdiklərini canlı görürsən: “Nutuk”, Atatürkə məxsus fəlsəfi məzmun daşıyan dərin və maraqlı fikirləri ilə seçilir. Milli kimliyi nurla simbiozlaşdıraraq ibarəli formada yazır: “Milli egemenlik (kimlik) öyle bir nurdur ki, onun karşısında zencirler erir, taç ve tahtlar yanar, yok olar. Milletin esareti üzerine kurulmuş müessiseler her tarafta yıkılmağa mahkumdur”.
Atatürkü görmək üçün bir əsr öncəki tarixdə yaşamadıq. Onu tanımaq üçün Türkiyəyə getmədik. Amma onu bir cumhuriyyət babası olaraq oxuduq, anlamağa çalışdıq. Ondan öyrəndik, onu “yaxından” gördük və bilavasitə tanıdıq. Eynən türk cocuklarına etdiyi nəsiyyətlər kimi: “Beni görmek demek mutlaka yüzümü görmek değildir. Benim fikirlerimi, benim duygularımı anlıyorsanız ve hissediyorsanız, bu yeterlidir.”

скачать dle 12.1