Bia.Az

“BAYDEN PUTİNİN QARŞISINI QƏTİYYƏTLƏ KƏSMƏLİDİR” - “O, DTX zabitlərinin yalnız gücə hörmət bəslədiklərini yaxşı bilməlidir”

Gündəm
 11-11-2021, 16:49     286

ABŞ Prezidenti Co Baydenin diqqətinin iqlim dəyişikliyi konfransına yönəldiyi və onun ölkə daxilindəki reytinqinin düşdüyü bir vaxtda Vladimir Putin Ukrayna sərhədi boyunca Rusiya ordu birləşmələrinin sayını daha da artırır.

Hələ ki, nə qədər gec deyil, Bayden administrasiyası bu təxribata reaksiya verməlidir. Prezident Obama Rusiyanın öz qərb qonşusuna etdiyi təcavüzə qarşı ciddi addımlar atmamışdı. Rusiyanın Ukraynaya təcavüzü 2014-cü ildə başlayıb. Belə ki, Rusiya ordusu Krım yarımadasını, sonra isə Donetsk və Luqansk vilayətlərini işğal edib. O vaxtdan indiyədək rus ordusu Ukrayna silahlı qüvvələrinə müxtəlif silah növlərindən mütəmadi olaraq atəş açır.
Bayden prezident kürsüsünə əyləşəndən sonra Putin özünü daha aqressiv aparmağa başlayıb. Aprel ayında Kreml Ukrayna sərhədinə 100 mindən artıq hərbçi yığmışdı ki, bu da 2014-cü ildən bu yana iki ölkə sərhədinə cəmləşdirilmiş ən irimiqyaslı silahlı qüvvədir.
Putin 2021-ci ilin aprelində Rusiya Federal Məclisinə müraciətində “qırmızı xətti”-in əhatə dairəsini genişləndirərək bildirmişdi ki, əgər NATO Ukraynadakı fəallığını artırarsa, o zaman dərhal cavabını alacaq. Keçən ilin yayında Putin rusların və ukraynalıların “bir və bütöv xalq” olması fikrini təkararlayaraq demişdi ki, kimsə Rusiyaya qarşı bizim tarixi torpaqlarımızdan istifadə etməyə cəhd göstərərsə, öz ölkəsini dağıdar.
Bu ilin oktyabrında Putin bəyan edib ki, Ukrayna silahlı qüvvələrinə dəstək verən Qərb Rusiya üçün təhlükə hesab edilir. Rusiya lideri verdiyi sözü əməli ilə yerinə yetirir. Peykdən çəkilən videogörüntülər sübut edir ki, Rusiya öz zirehli texnikasını və ordu birləşmələrini Ukrayna sərhədinə doğru çəkir. Amma 80-90 min rus əsgəri artıq çoxdandır ki, iki ölkə sərhədi boyunca yerləşib.

Bu hərəkətlənmələr, yerdəyişmələr Ukraynaya yenidən soxulmağın xəbərçisi və ya rusların ukraynalılardan, Avropa Birliyindən və Bayden administrasiyasından müəyyən güzəştlər qoparmaq cəhdidir.
İstənilən halda Putinin əlində çoxcəhətli təsir vasitələri var. Belə ki, Avropa istehlak etdiyi qazın 40 faizini Rusiyadan tədarük edir və Kreml qış aylarında çox asanlıqla milyonlarla avropalını istilikdən məhrum edə bilər. Hamıya yaxşı bəllidir ki, Rusiya enerji daşıyıcılarının çatdırılmasından bir silah kimi dəfələrlə istifadə edib. Almaniya və Fransa kimi dövlətlərdə ciddi enerji qıtlığı yaranarsa, onların Ukraynanı dəstəkləyəcəyi inandırıcı görünmür.
Əgər Bayden Əfqanıstanın ardından daha bir geosiyasi fəlakətin yaşanmasını istəmirsə, o zaman Rusiyanın önünü kəsmək üçün qətiyyətli tədbirlər görməli və Putini müdafiə mövqeyi tutmağa məcbur etməlidir. Atılacaq addımlar aşağıdakılardan ibarət ola bilər:
Birincisi, Ukraynaya göndərilən müdafiə silahlarının həcmini artırmaq və bu prosesi sürətləndirmək lazımdır. Əgər Putin yenidən hücuma keçmək qərarına gələrsə, ona Ukraynanın Rusiyaya ciddi zərər vurmağa qadır olduğunu anlatmaq gərəkdir.

İkincisi, Rusiyanın “Şimal axını-2” qaz boru kəmərinə qarşı sanksiya tətbiq olunmalıdır. Lakin Bayden Rusiyaya sanksiya tətbiq etməkdən boyun qaçırıb.
Üçüncüsü, Putinin bu il sayını azaltdığı Rusiyadakı amerikalı diplomatlarla, ABŞ-dakı çoxsaylı rus diplomatları arasındakı say paritetini bərpa etməkdən ötrü, Rusiya diplomatlarını Amerikadan çıxarmq lazımdır. ABŞ administrasiyası rusların öz davranışlarını dəyişəcəyinə ümid etsə də, bunun əksinə olaraq ruslar özlərini daha aqressiv aparıblar.
Dördüncüsü, əgər Rusiya Ukraynaya müdaxilə edərsə, ABŞ-ın avropalı müttəfiqləri Rusiyanın önünün kəsilməsi xərclərinin bir hissəsini öz üzərinə götürməlidir. Xüsusən də Almaniya və Fransa ABŞ və Böyük Britaniyaya qoşulmalı və Rusiyaya bildirilməlidir ki, əgər o öz təcavüzkar fəaliyyətindən vaz keçməzsə, onun enerji sektoruna, həmçinin də “Rosneft” və “Qazprom” kimi dövlət nəhənglərinə qarşı sərt sanksiyalar tətbiq olunacaq. Eyni zamanda Rusiyaya deyilməlidir ki, o, beynəlxalq maliyyə şəbəkəsindən tam təcrid ediləcək.
Donald Tramp Rusiya ilə münasibətlərdə zəif mövqe tutmaqda ittiham olunurdu. Amma əsl həqiqətdə Tramp orta və qısa mənzilli raketlərin ləğv olunması müqaviləsini rədd etmiş, NATO-nun büdcəsini artıraraq Ukraynaya ölümcül silahlar vermişdi.
Soyuq müharibənin ən qızğın dövrlərində Bayden senator olub və o, Putin kimi DTX zabitlərinin dəst-xəttini və onların yalnız gücə hörmət bəslədiklərini yaxşı bilməlidir. Qərb ölkələri birlikdə səy göstərərək onu müdafiə mövqeyinə çəkilməyə məcbur etməsələr, Putin aqressiv hərəkətlərindən əl götürməyəcək.
“The Wall Street Journal” – (ABŞ)скачать dle 12.1