Arxiv

Oxunub:141 / 09 mar 17:40tedbirler

Mehriban Əliyeva məcburi köçkünlərlə bağlı tapşırıqlar verdi



Mehriban Əliyeva məcburi köçkünlərlə bağlı tapşırıqlar verdi
















Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə ilk müşavirə keçirilib.

AzərTac-ın məlumatına görə, Mehriban Əliyeva müşavirənin doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın problemlərinin həllinə həsr edildiyini, bu məsələnin artıq 20 ildən çoxdur dövlətin diqqət mərkəzində olduğunu bildirib.

Mehriban Əliyeva Prezident İlham Əliyevin imzaladığı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair Dövlət Proqramının icrası nəticəsində soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təyinatı istiqamətində lazımi tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Azərbaycanın Birinci vitse-prezidenti qeyd edib ki, indiyə qədər bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 250 min köçkün yeni mənzillə təmin olunub, salınan qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa edilib. Soydaşlarımızın işlə təmin olunması istiqamətində lazımi addımlar atılıb, son 13 ildə yüz minlərlə qaçqın və məcburi köçkün işlə təmin olunub.

Birinci vitse-prezident Mehriban Əliyeva buna baxmayaraq, hələ də bir çox məcburi köçkün ailələrinin qəzalı və yararsız binalarda yaşadığını, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı işlərin sürətləndirilməsi üçün əlavə addımların atılmasına ehtiyacın olduğunu deyib.

Azərbaycanın Birinci vitse-prezidenti Bakı və Sumqayıt şəhərlərindəki qaçqın və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinin vacibliyini vurğulayıb və bu məqsədlə əlavə vəsaitin və yeni binaların inşası üçün ərazinin ayrılmasının və tezliklə tikinti işlərinə başlanılmasının zəruriliyini qeyd edib. Mehriban Əliyeva onu da bildirib ki, Bakı və Sumqayıtda inşa olunan yeni binalarda qaçqın və məcburi köçkünlərin köçürülməsi üçün mənzillər ayrılmalıdır.

Müşavirədə indiyə qədər qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlər barədə qısa təqdimat olub.

Müşavirəyə yekun vuran Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu məsələnin qısa zamanda həlli üçün birgə çalışmağın əhəmiyyətindən danışıb. Mehriban Əliyeva uşaq bağçalarının tikintisi və yenidənqurulması ilə bağlı böyük işlərin görüldüyünü deyərək bəzi hallarda bu bağçaların tam gücü ilə fəaliyyət göstərmədiyini diqqətə çatdırıb. O vurğulayıb ki, məsələnin tezliklə həlli üçün Maliyyə Nazirliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında işçi qrup yaradılmalıdır.

"Bu gün qarşımızda duran əsas məqsəd Bakı və Sumqayıt şəhərlərindəki 4 min köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir. Ən qəzalı, ən ağır vəziyyətdə yaşayan ailələr tezliklə yeni binalara köçürülməlidir”,- deyən Mehriban Əliyeva bu istiqamətdə müvafiq dövlət orqanları arasında əlaqələndirilmənin aparılması ilə bağlı tapşırıqlarını verib. Azərbaycanın Birinci vitse-prezidenti qaçqınların və məcburi köçkünlərin işlə təmin olunması istiqamətində rayon icra hakimiyyətlərinə təkliflər hazırlamağı tapşırıb.