Bia.Az

“SİNƏSİNİ YARIB ƏLİYLƏ ÜRƏYİNİ MASAJ ELƏDİ...” – Müharibə həkimi elə şeylərdən danışdı ki...

Cəmiyyət
 1-11-2021, 18:54     388

“Biz müharibə görməyən həkimlər idik. Bomba, güllə səsindən hər an özümüzü itirə bilərdik. Amma birlik var idi. Bizi toparlayan da məhz o birlik oldu”.

Müseyib Şərifzadə deyir bu sözləri. Həkim, İkinci Qarabağ müharibəsi iştirakçısı. 34 yaşı var Müseyibin. Özəl klinikalardan birinin radioloqu, 12 ildir KT və MRT kimi rentgenoqrafiya metodları ilə müxtəlif xəstəliklərə diaqnoz qoyan həmsöhbətimiz müəllim ailəsində böyüyüb.
Müseyib deyir ki, həkimlik peşəsini ona görə seçib ki, insanlara sağlamlıq bəxş etməklə kömək ola biləcəyinə inanıb. Ailədə olmasa da, qohumlarında həkim olan çoxdu deyir. “Anam əməkdar müəllimdir, atam da illərdir müəllim işləyir. Özüm həkim olmaq qərarına gəldim. Fikirləşdim ki, onlar elm öyrədir, mən də sağlamlıq verəcəm. Xalam, dayım da həkimdir. Mən də onlara qoşuldum”.
Müəllimi Cavidə Məmmədbəyovanın dediklərindən: “6-cı sinifdən 11-ci sinfə kimi, məktəbi bitirənə qədər biologiyanı mən tədris eləmişəm. Biologiyadan Olimpiadada 3-cü yerə layiq görülmüşdü. Sonra Tibb Universitetinə qəbul oldu. Uşaqlıqdan onda dürüstlük gördüm. Mehriban, səmimi, mədəni… Bugünkü günə kimi həm müəllimləri onu çox istəyir, həm də o müəllimlərinin hörmətini saxlayır, hər gələndə gəlib görüşür. İstənilən vaxt kimin ona işi düşsə, rayonun adını versin ki, Sabirabaddanam, əlindən gələn köməkliyi edəcək. Biləndə ki, müharibəyə yollanıb, həyəcan keçirməmək mümkün deyildi. Deyirlər e, orada iştirak edən uşaqların hamısı qızıl kimi uşaqlardır. Həqiqətən də qızıl kimi uşaqlar vətənsevər, torpaqsevər olur ki, ora gedir də. Elə belə laqeyd uşaqlar ora gedib çıxa bilməzdi. Həm o, həm də məzunlarımızdan müharibədə çox iştirak edən olub. Sevimli şagirdimiz şagird Elgiz Abbaslı şəhidliyə qovuşdu”.

***

Müseyib isə kontuziya ilə qayıtmışdı müharibədən. Həmin gün ağlına da gəlməzdi ki, tale onu döyüş meydanına atacaq. “Sentyabrın 27-də bir kafedə oturmuşduq. Həmin vaxt internet də yox idi, yadınızdadırsa. 4 nəfər idik. Eldəniz doktor, Bəhruz və Ayxan doktor. Müharibə bölgəsindən bir həkim dostumuz zəng elədi ki, burda sizə ehtiyac var. İnanın, elə o kafedən durub birbaşa döyüş bölgəsinə, yəni Naftalana getdik”.
Müseyib danışır ki, əsasən Naftalan mərkəzi xəstəxanasında məskunlaşıblar. “Bizim elədiyimiz əsgərlərimizin elədiyinin qarşılığında bir faizi də deyil. Çox şadam ki, əsgərlərə kömək edə bildik. Bu bizim üçün bir qürur idi. Mən 11-12 ildir ki, həkim işləyirəm, hər ayın sonu maaş alım. Ancaq orada heç bir maddi maraq yox idi. Buna baxmayaraq oradan aldığımız ruhi zövq, məsələn, hansısa əsgərin ölməsinin qarşısını almağımız, birinə kömək etməyimizin yerini heç nə verə bilməzdi. Bu, tam başqa bir şey idi”.
İxtisasca radioloq olan Müseyib həkim ehtiyac duyulan hər işə baş vurub. “İlk gələn gün bütün əsgərlərimizin yaralarını gizlədirdilər. Qəlpələrini gizlədirdilər ki, təkrar geri cəbhəyə qayıtsınlar. 2-3 gün sonra bizə gələn yaralıların paltarını kəsib bədənini vizual yoxlamağa başladıq. Elə yaralarını gizlətdiklərinə görə”
Müseyib deyir ki, əslində oradakı bütün həkimlər ixtisaslarından asılı olmayaraq nə bacarırdılarsa, edirdilər. “Orada USM-ə baxırdım, rentgen edirdim, tikiş qoyurdum, ürək masajı edirdim, yara bağlayırdım. Bilirsiniz orda vəziyyət necə idi? Orada Naftalan camaatının içində 12-13 yaşında uşaqlar könüllü gəlib kömək edirdilər. Ən azından xərəkdə yaralı daşıyırdılar, xəstələrə su verirdilər. O balacaların etdiklərinin qarşısında biz Bakıda otura bilməzdik. Biz orda olmağa məcbur idik”
Həkimin dediyinə görə, xəstəxanada demək olar ki, yaralı saxlamırdılar. “Yaralı gəlirdi, onu vəziyyətdən çıxarıb təxliyə edirdik. Bərdə, Tərtər hadisələri baş verəndə, ora da getmişik. Məsələn, Bərdə hadisəsində hardasa 20 nəfər yığışıb getdik. Müharibənin son günləri bizi Füzuliyə göndərdilər ki, orada ehtiyac var. Biz müharibə görməyən həkimlər idik. Hər an özümüzü itirə bilərdik. Amma birlik var idi. Bizi toparlayan məhz o birlik oldu. Müharibədə olduğum günlər bu işlədiyim müddətin ən şərəfli olanı idi. Yenə olsa, yenə gedərəm. Heç nə düşünmədən gedərəm”.
Müseyib həmin günlərdən bir təsirli epizodu da nəql edir. “Bir yaralı gəlmişdi, çiyini yox idi. Onun ayaqqabılarını çıxarmaq istəyəndə, qoymadı. Dedi ki, xanımlar çıxarmasın. Səbəbini soruşanda qayıtdı ki, beş-altı gündür ayağım ayaqqabının içindədir, iy verir istəmirəm, xanımlar çıxarmasın. Amma orada iki orta yaşlı xanım var idi. Naftalan sakini idilər, könüllü gəlmişdilər. Həmin xanımlar o yaralı əsgərin ayaqlarını öpə-öpə çıxardılar ayaqqabılarını. Camaat çox yaxşı idi. Bizə çox yardım edirdilər. Təsəvvür edin, Naftalanda dükanlardan nə alsaq, pul almırdılar, iri qazanlarla yemək daşıyırdılar".
Xanlar Abbaslının dediklərindən: “O ərəfədə Sabirabaddan çox adam müharibəyə getdi. Könüllü, çağırılmış. Amma buna baxmayaraq. Müseyib də könüllü müharibəyə getdi. Orada öz həkimlik borcunu yerinə yetirdi. Çox çalışdı. Müharibədən sonra onun çalışdığı klinikaya getdim, gördüm ki, ona nə qədər böyük hörmət bəsləyirlər. Kontuziya oldu gəldi. Hamı narahat idi Sabirabadda ona görə. Çox gözəl həkimdi, vətənpərvərdir, fəxrimizdi”.
***

Müseyib bir qandonduran hadisəni də danışır. Deyir ki, xəstəxanaya gətirilən bir yaralının ürəyi dayanmışdı. “Mən də əməliyyatdaydım. Yaralıya ürək masajı etdik. Hər kəs əlini üzmüşdü. Bayaq adını çəkdiyim Bəhruz həkim dirəndi diafraqmanı açdı. Birbaşa əli ilə ürəyini masaj etdi. Və inanmarsız, o yaralını biz ölümdən qurtardııq”.
Əsgərlərin əhval ruhiyyəsinin yüksəkliyindən fəxrlə danışan Müseyib həkim bildirir ki, orada əsl dostluğun, sevginin şahidi olub. “Yaralı olmaqlarına baxmayaraq geri qayıtmaq istəyirdilər. Ayağında güllə var. Deyir gülləni çıxarın, topuqdan kəs, bağla mən geri qayıdım. Dostlarım ordadır, vuruşurlar. Mən onların yanına getmək istəyirəm”. Amma Müseyib öz sağlamlığımı qoruya bilmədi. “Qələbə sevincini orada dostlarla yaşaya bilmədim. Mən özüm əsgərlikdə ürək problemi ilə bağlı olmamışam. Oradakı həkimlər hamısı mənim əsgər yoldaşım olmuşdu. Bir-birimizə elə müraciət edirdik. Bu qələbəni orada onlarla qeyd edə bilmədiyimə üzülürəm. Buna səhhətim imkan vermədi”. Hə, ağır kontuziya almışdı Müseyib. Üstündən bir ildən çox vaxt keçir, hələ də müalicəsi davam edir.
Hacı Mirqalib Məmmədov: “Müseyib savadlı həkim, gözəl insandır. O sadəcə peşəsi ilə yox, həm də insan kimi həkimdir. Müseyib haqqında kitab yazmaq olar. İmkansız insanlar həkimə gedib ödəniş etmək istəyəndə öyrəniblər ki, Müseyib onların əvəzinə ödəniş edib. Yəni bu cür yardımsevərliyi də olub”.
Özü, döyüş yolu haqda heç danışmaq istəmir. Elə hey deyir: “Burda nə var ki? Mən öz borcumu yerinə yetirdim”. Deyir, əsas olan qələbəydi, torpaqlarımızın işğaldan azad olunmasıydı. “Şükür Ali Baş Komandanın rəhbərliyi ilə məqsədimizə çatdıq. İndi də işimi atıb getməyə hazıram. Bircə çağırış yetər. Bizim bir vətənimiz var. Onun üçün canımız fəda”.
Səbuhi Məmmədli 
Lent.azскачать dle 12.1