Bia.Az

İRANI GERİ ÇƏKİLMƏYƏ NƏLƏR MƏCBUR ETDİ? - Bakı-Tehran münasibətlərində "buz dövrü" başlayır

Gündəm
 29-10-2021, 14:37     247

Təxminən iki ay davam edən İran-Azərbaycan gərginliyi səngiyib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib ki, Tehranla Bakı arasında gərginliyin ictimaiyyətə açıq olan mərhələsi başa çatıb.

İran XİN rəhbəri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla təmaslarının olmasına diqqət çəkib: "Ölkələr arasında mövcud problemlər tədricən həll olunacaq. İranın hazırkı hökuməti qonşu ölkələrlə münasibətlərin inkişafına yönəlib".
Rəsmi Bakı iranlı nazirin bu bəyanatına reaksiya verməyib.
Xatırladaq ki, iki ölkə arasında münasibətlər bu ilin sentyabrında, Azərbaycan Gorus-Qafan yolunun Qubadlı rayonu ərazisinə keçən hissəsinə nəzarəti öz əlinə aldıqdan sonra gərginləşib. İki iranlı sürücü Azərbaycana qanunsuz girdiyi üçün saxlanlıb, İran mənşəli yük maşınları gömrük rüsumuna cəlb olunub.
Bu hadisədən sonra İran Azərbaycanla sərhəddə təlimlərə başlayaraq, bölgədə "sionist rejimi" təhlükəsi olduğunu bəyan edib. Azərbaycan isə bu ittihamları rədd edib və İrandan sübutlar tələb etmişdi.

Hüseyn Əmir Abdullahianın dediklərindən belə məlum olur ki, İran Azərbaycana qarşı publik güc nüamyişindən geri çəkilməyə qərar verib. Yəqin ki, bundan sonra bu ölkənin rəsmi şəxslərinin, din xadimlərinin, habelə yüksək rütbəli hərbçilərinin dilindən Azərbaycana qarşı yerli-yersiz hədyanlar eşitməyəcəyik.
Amma bu, rəsmi Tehranın ölkəmizə qarşı siyasətinin dəyişəcəyi anlamına gəlmir. Bu günə olan nəticə ondan ibarətdir ki, İran rəhbərliyi bölgədəki mövcud status-kvonu, o cümlədən öz ətrafında yaranmış arzuolunmaz vəziyyəti nəzərə almağa məcbur oldu. Bundan başqa Azərbaycana qarşı irəli sürülən ittihamlar tamamilə əsassız olduğuna görə, onun üzərində hansısa oyunlar qura bilmədi. Bu ittihamlar nədən ibarət idi?
İran bəyan edirdi ki, regionda sərhədlərin dəyişməsi ilə barışmayacaq və bu məsələ onun qırmızı xəttidir. Söhbət oktyabrın 26-da Azərbaycan və Türkiyə liderləri tərəfindən təməli qoyulmuş Zəngəzur dəhlizinin yaradılmasından gedir. Məlumdur ki, bu dəhlizin çəkilməsi 44 günlük müharibəni bitirən 10 noyabr bəyanatında göstərilib. Dəhliz Ermənistanın Meğri rayonu ərazisindən avtomobil və dəmir yolunun çəkilməsini nəzərədə tutur ki, bu, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikasına bağalayacaq, habelə Türkiyə ilə birbaşa kommunikasiya yaradılacaq.

Sənəddə dəhlizə Rusiya xüsusi xidmət orqanlarının nəzarət edəcəyi əksini tapıb. Göründüyü kimi, İranın arqumenti tamamilə əsassızdır, burada ona birbaşa aid olan heç bir məsələ yoxdur. Əlbəttə, bu dəhlizin yaradılması Tehranı ciddi narahat edir, çünki Azərbaycanın Naxçıvana gediş-gəlişdə İrandan asılılığı aradan qalxır, habelə Tehranın Ermənistanla birbaşa əlaqəsi kəsilir.
İrandan səsləndirilən ikinci iddia Azərbaycanın bu ölkə ilə sərhəddə İsrail dövlətinə məxsus hərbi - texniki vasitələrin yerləşdirilməsi ilə bağlıdır. Məlumdur ki, müharibədən sonra Azərbaycan İranla sərhədin işağlda olan 130 kilometrlik hissəsinə nəzarəti bərpa edib. Dövlət Sərhəd Xidmətinin qüvvələri sərhəd boyu dislokasiya olunub. Burada yaradılan yeni hərbi hissələr Azərbaycanın Türkiyə və İsraildən aldığı ən müasir hücum və müdafiə silahları ilə təchiz olunub.

Prezident İlham Əliyevin də baş çəkdiyi hərbi hissələrdə dronlar, HHM vasitələri, reaktiv artilleriya sistemləri nümayiş etdirilib. Bu, Azərbaycanın daxili işidir, ordsunu necə, hansı ölkənin silahları ilə silahlandırmasının İrana heç bir aidiyyatı yoxdur. Əgər İran sərhəd zolağında İsrailə məxsus hansısa hərbi-texniki vasitələrin, kəşfiyyat qurğularının yerləşdirildiyini iddia edirsə, ortaya tutarlı faktlar qoymalıdır. Bakı bir neçə dəfə bununla bağlı dəlillər tələb edib, amma iki ay ərzində heç bir sübut göstərilməyib.
İranın daha bir narazılığı Azərbaycan ərazisindən Ermənistana və Qarabağın erməni separatçılarının mövcud olduğu bölgəyə yükdaşımalarının dayandırlmasıdır. Bu iddia olduqca gülüncdür və tənqidə dözmür. Məlumdur ki, 30 illik işğal dövründə İran Gorus-Qafan yolu vasitəsi ilə Ermənistanla fəal ticarət aparıb, habelə ixracatının bir hissəsini bu yol vasitəsi ilə Qara dəniz limanlarına çıxarıb.
Müharibədən sonra vəziyyət dəyişib və Azərbaycan İranla başqa sərhəd rayonlarında tətbiq etdiyi rejimi Qubadlı rayonunun Eyvazlı kəndi hissəsindəki gömrük-keçid postlarına da tətbiq edib. Azərbaycan nə etməlidir, İran maşınlarına öz ərazisindən Ermənistana sərbəst, rüsumsuz, yoxlamasız giriş-çıxışa imkan verməli idi?

Tehran məhz bunu arzulayırdı. Ancaq Azərbaycanın güzəştsiz, adekvat sərt mövqeyi İranın geri çəkilmək məcburiyyətində qoydu. Bakı ilk gündən bu gərginlikdə maraqlı olmadığını, amma Tehranın əsassız tələblərinə qarşı reaksiyasız qalmayacağını bəyan edib. İran sərhəddə hərb təlimlər keçirib güc nümayişi göstərsə də, bu gözlənilən nəticəni vermədi, Tehran üçün situasiya bir az da mürəkkəbləşdi.
İranın Rusiyadan dəstək almaq cəhdləri, o cümlədən Ermənistan vasitəsi ilə təzyiq cəhdləri də nəticəsiz qaldı. Rusiya Xarici işlər naziri S. Lavrovun İranlı həmkarını Moskvadan necə yola saldığı məlumdur. Rusiya özüünün strateji maraq bölgəsi hesab etdiyi Cənubi Qafqazda İranın fəallaşmasına imkan verməzdi və vermədi.
Paşinyan da reallaqıları nəzərə alır, o bir cümlə də olsa İranla həmrəylik nümayiş etdirən ifadə işlətmədi. Əksinə, İran Naxçıvana hava yolunu bağladıqdan sonra öz hava məkanını Azərbaycanın üzünə açmaqla Tehran rejimini məyus etdi.
İran hakimiyyəti Türkiyə-Pakistan-Azərbaycan ittifaqını, eyni zamanda Cənubi Azərbaycan faktorunu da nəzərə alamaya bilməzdi. Bu reallıq Türkiyə rəsmiləri, ö cümlədən Prezident R.T.Ərdoğan tərəfindən bir neçə dəfə Tehrana xatırladılıb.
Bütün bunlar əlbəttə, İran-Azərbaycan münasibətlərini ciddi şəkildə zədələndi. İran çox irəli getdi. Tehran rejiminin Ermənistanla açıq müttəfiqlik, Azərbaycanı işğalla hədələmək, Naxçıvana hava yolunu bağlamaq, Zəngəzur dəhlizinə qarşı çıxmaq kimi yersiz, hətta düşməncəsinə hərəkətləri tezliklə unutmaq mümkün deyil. Ona görə qarşıda münasibətlərin "buz dövrü" hesab olunacaq böyük bir mərhələ var.\"AzPolitika.info"\скачать dle 12.1