Bia.Az

BİR CÜMLƏDƏ 6 SƏHV BURAXAN “QANUNYAZAN” – Heç olmasa, “Azərbaycan” sözünü düzgün yazmağı öyrənsəydi...

Siyasət
 25-10-2021, 16:15     194

Şeyxülislam Allahşükür Paşazadəni son Moskva səfərində müşayiət edənlər arasında qardaşı, deputat Cavanşir Paşazadə də var idi. Həmin səfər çərçivəsində şeyxülislam Rusiya patriarxı və erməni katalikosu ilə görüşlər keçirmişdi.

Ümumiyyətlə, C.Paşazadə şeyxi əksər rəsmi xarici səfərlərində müşayiət edir, baxmayaraq ki, sadəcə parlament üzvü olması ona dövlət vəsaiti hesabına şeyxə qoşulub xaricdə gəzmək səlahiyyətini vermir, o, parlamentin 125 deputatından sadəcə biridir. Ancaq əsas mövzu bu deyil...
Sosial şəbəkələrdə C.Paşazadənin bir statusu paylaşılıb. Cəmi bir cümləlik həmin statusda 6(!) kobud səhv var. Azərbaycanın 125 deputatından biri, Lənkəran kimi böyük bir rayonu, ölkəmizə böyük sayda ziyalı, mütəfəkkir, alim bəxş etmiş bölgəmizi təmsil edən C.Paşazadə Azərbaycanı “Azarbaycan”Prezidenti “Prizident”, tərəfindən sözünü isə “tərəfinnən” kimi yazır. Kimsə bunların mexaniki səhv olduğunu deyə bilməz. Əgər C.Paşazadənin həmin paylaşımı böyük bir mətn olsaydı, bunu haradasa anlamaq olardı. Cəmi bircə cümlədə 6 səhv etmək ondan xəbər verir ki, adamın elementar savadı yoxdur, amma nə işdirsə, bu savadsızlığı onun 20 ilə yaxındır “qanunyazan” olmasına mane ola bilmir.

C.Paşazadənin Milli Məclisin saytında dərc olunan bioqrafiyasında deyilir ki, 1953-cü ildə doğulmuş və Kənd Təsərrüfatı İnstitutunu bitirmiş deputat Azərbaycan dilindən savayı rus, fars, özbək və tacik dillərini bilir. Ancaq Azərbaycan dilindəki “misilsiz” istedad və biliyindən xəbər verən yazı-pozusuna nəzər yetirəndən sonra hörmətli Paşazadənin digər dörd dilə nə dərəcədə sahib olduğunu təsəvvür etmək elə də çətin deyil...
Əslində, bu paylaşım bir daha Azərbaycan deputatlarının bəzilərinin təhsili, savadı, biliklərilə bağlı müzakirələri bir daha gündəmə gətirmiş olur. Belə ki, parlamentdə C.Paşazadə kimi “təhsilli” millət vəkilləri az deyil. Deputatları yığıb, imla, yaxud inşa yazdırmaqla imtahan götürən olsa, heç şübhəsiz yazdıqlarında C.Paşazadədən də betər səhvlərə yol verənlər tapılar. Unutmayaq ki, təkcə Elşad Abdullayevin saxta Azərbaycan Beynəlxalq Universitetini bitirən 10-dək deputat var. Bundan əlavə idmandan, biznesdən, ticarətdən, fermerlikdən və s. gəlib, deputat olanlar da az deyil. Əlbəttə, bu, o demək deyil ki, idmançı, yaxud fermer deputat olmalı deyil. Xeyr. Sadəcə, kimliyindən asılı olmayaraq, 10 minlərlə seçicini təmsil edən şəxs zəhmət çəkib bilik, savad, qabiliyyət sahibi olmalı, öz dilində ən azı normal yazıb-pozmağı bacarmalıdır. Əgər bacarmırsa, heç olmasa öyrənməyə çalışmalıdır.
C.Paşazadə 4 çağırış, yəni 20 ilə yaxındır ki, Milli Məclisin üzvüdür. Nə qədər tənbəl və öz seçicinə, partiyana (YAP üzvüdür), təmsil olunduğun parlamentə, nəhayət, Azərbaycan dilinə etinasız olmalı, ona hörmətsiz yanaşmalısan ki, özünə əziyyət verib, heç olmasa “Azərbaycan”, “Prezident” sözlərini doğru-düzgün yazacaq qədər savadlanmağa çalışmayasan... Ancaq yazı-pozusu olmamasına baxmayın, durub şeyxin və özünün biznesilə bağlı suallar versəniz, nəyin harada, nə qədər olduğunu, nədən daha çox qazanc götürməyin mümkünlüyünü soruşsanız, görərsiniz ki, adam “vunderkind”dir... 

Əslində, C.Paşazadənin bu paylaşımı bir daha parlamentin “formalaşma mexanizmi”nin nə qədər ağır fəsadlar yaratdığını ortaya qoyur. Soruşan lazımdır ki, adam şeyxülislamın qardaşıdır deyə, mütləq deputatmı olmalıdır? Özü də dörd dəfə! Bəzi iddialara görə, şeyxin “siyahısı” ilə parlamentə düşən 10-a yaxın deputat var ki, C.Paşazadə və kürəkəni Əliabbas Salahzadə də onların sırasındadır... 
Təəssüf ki, elə digər deputatların da əhəmiyyətli qismi məhz hakimiyyətdə mövqe sahibi olan kimlərinsə çevrəsinə daxil olduqları üçün bu gün Milli Məclisdədirlər, savadlarına, bacarıqlarına, siyasi, iqtisadi biliklərinə və nəhayət, seçicilərin dəstəyinə görə yox! Bəs, niyə bizi belələri təmsil etməlidirlər? Özü də təkcə parlamentdə yox, həm də beynəlxalq təşkilatlarda, xaricdə keçirilən tədbirlərdə və s.
Təbii ki, bu “yazı-pozusuna” görə parlamentdə Paşazadəyə kimsə “gözün üstə qaşın var” deməyəcək. Çünki orada bunu deməyə mənəvi haqqı çatanlar elə də çox deyil. Lakin bir şey dəqiqdir ki, bizi belələri təmsil etdikcə, nə deputat adının, nə də ümumilikdə parlamentin nüfuzu görmək istədiyimiz səviyyədə olmayacaq...\“AzPolitika.info”\


скачать dle 12.1