Bia.Az

XARİCDƏN SƏRFƏLİ ALIŞ-VERİŞ, AMMA... - Azərbaycanda elektron ticarət niyə axsayır?

İqtisadiyyat
 22-10-2021, 10:55     514

Azərbaycanda elektron ticarət vasitəsi ilə alış-veriş edənlərin sayı kəskin artıb. Vətəndaşlar xarici ölkələrin, əsasən Türkiyənin onlayn ticarət mağazalarından istifadə edirlər. İnsanların bu ticarətə maraq göstərməsinin müxtəlif səbəbləri var. Xaricdən gətirilən məhsulun qiymətinin ucuz olması, onlayn alış-verişin rahatlığı, vaxta qənaət və çeşid bolluğudur.

Statatistikaya görə, 2021-ci ilin ilk yeddi ayında əhali elektron ticarət portallarında 2 milyard 773 milyon manatlıq ödəniş həyata keçirib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 faiz artım deməkdir.
Azərbaycanda daha çox xarici firmaların istehsalı olan geyim məhsularına maraq var. Səbəb ölkədə geyim istehsalının zəif inkşafı və qiymətlərinin baha olmasıdır.
Paytaxtdakı bəzi geyim mağazalarında apardığımız müşahidələr zamanı aydın oldu ki, məhsullar maya dəyərindən 2-3 dəfə baha satılır. Məsələn, şəhərdə 100 manatlıq alış-veriş edib alcağınız məhsulu, internet vasitəsilə 2-3 dəfə daha ucuz əldə etmək mümkündür.
Sifarişlərin daha çox Türkiyə mağazalarından edildiyini nəzərə alsaq, türk lirəsinin son dönəmdə ucuzlaşması da məhsullarında qiymətini xeyli aşağı salıb.
Hazırda Azərbaycanda 200-dən çox karqo şirkəti fəaliyyət göstərir. Onlar Amerika, Çin, Türkiyə, Rusiya və Avropa ölkələrdən çatdırılma, daşıma xidməti həyata keçirirlər. Karqo şirkətlərinin ən çox ticarət əməliyyatı apardığı ölkə isə Türkiyə firmalarıdır.

Ölkədə daha populyar olan karqo şirkətləri bunlardır: “Camex”, “Mover”, “StarExpress”, “Azex”, "Limak", "Vipex.az", "Cargoline", "ASSU", "Sunex", "Buta Express", "Expargo", "KargoFly", "Glob", "Ocaq Express", "Dynamex", "Morex","Colibri" və s. Bu şirkətlər arasında çatdırılma qiymətlərində elə də ciddi fərqlər yoxdur.
Alıcıların ödəyəcəyi məbləğ məhsulun çəkisinə uyğun hesablanır. Şirkətlərn təyin etdikləri qiymətlər ortalama olaraq, 750 qram -1 kiloqram ağırlığında sifariş üçün 3-6 dollar təşkil edir.
Alıcılar karqo şirkətlərini seçərkən, daha çox məhsulun çatdırılma müddətinə diqqət edirlər. Amma bəzi karqo şirkətləri məhsulu 5 iş günü ərzində çatdıracağını vəd etsələr də, çox vaxt bu proses 2 həftəyə qədər yubanır.
Məlumat üçün qeyd edək ki, xarici ölkələrdə bu xidmət üçün müştərilərdən cüzi miqdarda ödəniş tələb olunur. Məsələn, Rusiyada bir kiloqramlıq məhsul sifarişinə bir dollar ödənilir.
Son vaxtlar sosial şəbəkələrdə belə şirkətlərlə bağlı şikayətlərin sayının artdığı müşahidə olunur. Vətəndaşlar sifariş olunan məhsulun çox gec, bəzi hallarda isə ümumiyyətlə gətirilmədiyini bildirirlər.
Paytaxta sakini Nurlan Heydərli deyir ki, uzun müddətdir xarici mağazalardan alış-veriş edir. Onun sözlərinə görə, buna səbəb ölkədəki qiymətlərin əlçatan olmamasıdır.
Məmməd Hüseynov isə bildirir ki, əvvəllər "Safexpress" şirkətindən istifadə etsə də hazırda bu şirkət onu qane etmir: "Belə şirkətlər bir müddət yaxşı işləyərək, müştəri topladıqdan sonra əvvəlki keyfiyyətli xidməti göstərmirlər. Ona görə də insanlar tez-tez fərqli karqo şirkətləri ilə əməkdaşlıq edirlər".
Oruc Qurbanov isə bildrir ki, "Mover.az"-la əməkdaşlıq zamanı məhsulun ödənişini əvvəlcədən etsə də, 1 aydan artıqdır ki, bağlamasını ala bilmir. O.Qurbanov problemlə bağlı adıçəkilən şirkətdən heç bir cavab ala bilmədiyini deyir.
Jalə İbrahimova hesab edir ki, belə problemlərin yaranmasına səbəb, şirkətlərin işçi sayının az olmasıdır: "Ümumiyyətlə heç bir şirkətdə müştəri məmnuniyyəti və servis xidməti qənaətbəxş deyil".

"Mover.az"-ın əməkdaşı Vüsalə Dərziyeva problemlə bağlı "AzPolitika.info"nun sorğusuna cavab olaraq bildirib ki, məhsulun çatdırlması zamanı yaşanan çətinliklərin bir çox səbəbi ola bilər: "Məsələn, müştəri sifariş zamanı öz şəxsi məlumatlarını, müştəri kodunu, ad - soyadını düzgün daxil etmədikdə bağlamanı sistemə daxil edə bilmirik. Yaxud, satıcı firma ünvanı natamam qeyd etdiyindən bağlamanın müştəriyə aid edilməsi təyin edilə bilmirik. Gecikmələr isə avareyslərin təxirə salınması, gömrük rəsmiləşdirilməsinin uzun çəkməsi, yaxud şirkətin ortaya çıxan başqa problemləri ilə bağlıdır”.
Xatırladaq ki, 20 sentyabr 2020-ci il tarixindən xarici alış-veriş mağazalarından olunan sifarişlərin limiti azaldılıb. Həmin məbləğ 1000 dollardan 300 dollara endirilib. Belə ki, fiziki şəxslər ay ərzində həmin limiti keçərlərsə, gömrük orqanlarına rüsum və əlavə dəyər vergisi ödəməlidirlər.
Bu ticarətdə ən önəmli məqam isə bəyannamənin təsdiq edilməsidir. Qeyd edək ki, 1 yanvar 2021-ci il tarixindən, xarici anbar statusu alan bağlamalar üçün "Smart Customs" tətbiqində hər bir alıcı bağlamasını şəxsən özü bəyan etməlidir.
İqtisadçı ekspert Pərviz Heydərov "AzPolitika.info" ya bildirdi ki, son zamanlar ölkədə elektron ticarətə marağın artması qeyri-nağd ödənişlərlə bağlı təşkilati işləri sürətləndirib. 

Ekspert düşünür ki, marağın artmasına səbəb pandemiya şəraitinin yaratdığı yeni reallıqlardır. İnsanlar evdən çıxmadan internet vasitəsi ilə rahat alış-veriş edə bilirdilər: "Bu vəziyyət Azərbaycanda e-ticarət mədəniyyətinin formalaşmasına böyük təsir göstərdi".
Ekspert qeyd edir ki, dövlət əhalinin elektron ticarətə marağını nəzərə alıb, bu sahədə daha çox addım atmalıdır. Ümumiyyətlə ticarətdə elektron vasitələrdən istifadəni asanlaşdırmaq üçün kompleks xarakterli addımlar atılmalıdır.скачать dle 12.1