Bia.Az

İRANPƏRƏSTLİYİN ƏCAİB TƏZAHÜRÜ... – Və ya molla rejiminin xidmətçilərinin cırılan maskaları

Sosial
 13-10-2021, 22:55     354

Yaxud Bütöv Azərbaycan məfkurəsi ilə  “Böyük Ermənistan” xəstəliyini necə eyniləşdirmək olar?

Son İran-Azərbaycan gərginliyi İran rejiminin Azərbaycandakı “beşinci kolonu”nu hərəkətə gətirməklə yanaşı, həm də onu çaş-baş salıb. Nəticədə bu xəttə xidmət edənlərin bir çoxunun arxasında gizləndikləri maskalar cırılmağa başlayıb...

Adətən İranın buradakı təəssübkeşləri barədə danışarkən daha çox Allahşükür Paşazadə başda olmaqla, müxtəlif din xadimlərinin, məzhəbçilərin və s. adları çəkilir, onlardan sitatlar gətirilir. Lakin onlarla yanaşı, üzdə Azərbaycanın İranla münasibətlərinin normal, dostluq, hətta qardaşlıq səviyyəsində olmasının vacibliyini təbliğ etmək kimi xoş niyyət ortaya qoyan, ancaq eyni zamanda paralel olaraq müxtəlif zərərli və dolayısı ilə molla rejiminin maraqlarına cavab verən fikirlər yayan ictimai fəallar, politoloqlar, ayrı-ayrı tanınmış şəxslər də var.
Son günlər Qarabağ Azadlıq Təşkilatının(QAT) sədri Akif Nağının sosial şəbəkəlrdə yayımlanan bir fikri mübahisələrə səbəb olub. Həmin fikir belədir: “Bu gün də eyni vəziyyət davam edir. Yanlış tezislər təbliğ olunur. Ermənistana “Böyük Ermənistan” xəstəliyini yoluxduran beynəlxalq güclər azərbaycanlıları “Bütöv Azərbaycan” xəstəliyinə yoluxdurmağa çalışırlar. Yoluxmadıq, yoluxmarıq. İrana gəldikdə, ona öz dövlətimiz kimi baxmalıyıq. Orada yaşayan 30 milyon soydaşımız öz dövlətinə sahib çıxmalıdır və çıxacaq. Primitiv adamların zərərli təbliğatına uymayın.”
Özünü Qarabağın azadlığına çalışan bir hərəkatın sədri hesab edən şəxsin ermənilərin xəstə təxəyyülü, sırf terrorçuluq və işğalçılıq üzərində qurulan “Böyük Ermənistan” nəzəriyyəsi ilə Azərbaycanın bütövləşməsi, azərbaycanlıların haqq-halalı olan torpaqlarda yaşaması, vahid dövlət olması istəyinə söykənən Bütöv Azərbaycan ideyasına eyni müstəvidən baxması olduqca qüsurlu, çox zərərli, hətta utancverici yanaşmadır. Bu bənzətməni, eyniləşdirməni heç Azərbaycanın güneyilə şimalının yaxınlaşmasını ən qorxulu yuxu kimi görən İran rejiminin qatı şovinist nümayəndələrindən belə görməzsiniz.

Azərbaycanın bütövləşməsi ideyasını, müəyyən tarixi hadisələr, savaşlar və s. nəticəsində haqsız olaraq bölünmüş xalqların birləşməsi istəyini “xəstəlik” adlandırmaq isə heç bir halda sağlam düşüncənin məhsulu sayıla bilməz. Deməli, belə çıxır ki, ötən əsrin sonuna yaxın Almaniyanın bütövləşməsinə nail olanlar, yaxud bu gün Koreyanın cənubunun və şimalının birləşməsini istəyənlər xəstədirlər, A.Nağı isə sağlam...
Həmçinin, İran rejiminin son zamanlar Azərbaycana ünvanladığı şər-böhtanlardakı “beynəlxalq güclər” tezisindən istifadə edən bu şəxsin həmvətənlərimizin ana dilində təhsil də daxil olmaqla heç bir hüququnu tanımayan bir rejimi, dövləti özününkü hesab etməyə dair çağırışı isə yumşaq desək, qəribə görünür.
“Primitivlik” söhbətinə gəlincə, görünür, məmləkətimizin bütövlüyü, birliyi uğrunda mübarizə aparmış tarixi şəxsiyyətlərimiz, bu mövzuda ədəbi əsrlər yaratmış şair və yazıçılarımız primitiv, A.Nağı isə böyük intelektualdır...
Hələ 5 il bundan əvvəl həmin bu A.Nağı “İran Qarabağ və Azərbaycanın işğal olunmuş digər əraziləri məsələsində həmişə Azərbaycanın hamisi olmuşdur” demişdi. Nəinki ötən 5 ildə, ümumilikdə son 30 ildə, eləcə də 44 günlük müharibə və ondan sonrakı dövrdə İranın kimin hamisi olduğu açıq-aydın göründü...
Təəssüf ki, uzun illər, xüsusilə də son zamanlar buna bənzər fikirlərə, İrandakı rejimin maraqlarına xidmət etdiyi şübhə doğurmayan tezislərə tez-tez rast gəlinir. Bu da başa düşüləndir - İran rejiminin “quyruğu” qısıldıqca, buradakı xidmətçiləri fəallaşacaq. Ancaq A.Nağı demişkən, “Primitiv adamların zərərli təbliğatına uymayın”...\“AzPolitika.info”\ скачать dle 12.1