Bia.Az

“HƏMSƏDRLƏR BÖYÜK SÜLH RAZILAŞMASINI HAZIRLAYIRLAR” – "Azərbaycan məsələni tankla, topla, dronlarla deyil, siyasi vasitələrlə həll edəcək..."

Gündəm
 13-10-2021, 22:47     250

Azərbaycanın əsas şərti Minsk Qrupu həmsədrləri tərəfindən qəbul olunub. Son günlər Bakıdan və İrəvandan səsləndirilən bəyanatlar belə qənaətə gəlməyə rəvac edir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev vasitəçilərin ancaq Ermənistan və Azərbaycan arasında mövcud problemlərin həlli ilə bağlı təkliflərinin müzakirə olunacağını bildirib. Yəni 44 günlük müharibədən sonra Qarabağın statusu ilə bağlı ənənəvi danışıqlar tarixdə qalıb, Azərbaycanın qələbəsindən sonra regionda yaranmış yeni status-kvoya uyğun olaraq mövqelərin formalaşdırılmasına ehtiyac var. Onların başında Ermənistanla Azərbaycan arasında sülh razılaşmasının imzalanması dayanır. 

Fransanın Ermənistana yeni təyin edilmiş səfiri Ann Luyo dünən jurnalistlərə açıqlamasında bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağa dair böyük sülh razılaşması üzərində işləyirlər. Səfir təfərrüatları açıqlamayıb, amma deyib ki, Fransa Rusiya və ABŞ-la birlikdə Qarabağa dair uzunmüddətli razılaşmanın əldə edilməsi üzərində işi davam etdirir. Onun sözlərinə görə, prosesdə Minsk Qrupunun hər üç həmsədr ölkələrinin iştirakı vacibdir.
“Bilirsiniz, mən burada, Ermənistandayam, ATƏT-in Minsk Qrupunun işində iştirak etmirəm. Amma mənim həmkarım var - Stefan Viskonti, o Fransanın Minsk Qrupunda numayəndəsidir. Mən sizə bunu deyə bilərəm ki, Nyu-Yorkda xarici işlər nazirlərinin görüşündə proqres əldə olunub, biz Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə məmnuniyyətlə iki xarici işlər nazirinin görüşünü təşkil etdik. Ümid edirik ki, buna bənzər başqa qərarlar da olacaq. Və mən sizi əmin edə bilərəm ki, rusiyalı və amerikalı həmkarlarımızla birlikdə Qarabağa dair daha uzunmüddətli razılaşmanın əldə edilməsinə hədəflənmiş prosesin irəli aparılması üzərində işləyirik”, - diplomat deyib.
Bəs Minsk Qrupunun fəallaşmasını gözləmək olarmı? Jurnalistlərin bu sualına səfir belə cavab verib: “Minsk Qrupu artıq Nyu-Yorkda fəallaşıb, bayaq mən dediyim kimi. Biz tək deyilik. Mən hesab edirəm ki, Ermənistan və Azərbaycan da irəliyə hərəkət etməlidir”.

Azərbaycandan səsləndirilən bəyanatlar da iki həmsədrlərin vasitəçiliyi ilə başlayan yeni proses haqqında pozitiv düşünməyə əsas verir. Bir gün əvvəl Milli Məclisin İnsan Haqları Komitəsinin sədri, deputat Zahid Oruc azərbaycanlıların və ermənilərin Qarabağın dağlıq rayonlarında yenə də birlikdə dinc yaşayışını təmin etmək üçün Prezident İlham Əliyevin dövlət proqramı imzalamasının mümkünlüyünü bildirib. O deyib ki, 10 noyabr atəşkəs bəyanatı Azərbaycan və Ermənistan üzərinə məcburi köçkünlərin öz evlərinə qayıtması ilə bağlı öhdəlik qoyur və elə imzalanması gözlənən sənədlər də həmin bəyanat əsasında hazırlanır: “Amma bütün bunların hamısı ermənilərin Azərbaycanın vətəndaşlığını qəbul etməsi və birgəyaşayışın üzərində məsələ, inteqrasiya və birgəyaşayış kimi nəzərdə tutulub. Yəni, son olaraq dövlətin siyasi sənədi kimi ölkə rəhbərliyi tərəfindən imzalanacaq sənədin adı fərqli ola bilər, bu, Prezidentin kompetensiyasında olan məsələdir, amma hazırkı dövrdə konseptual sənəd dediyimiz səpgidə işlənir və bir çox peşəkar mütəxəssislər ora cəlb olunub”.
Deputat deyib ki, Qarabağdakı ermənilər arasında Azərbaycana qarşı neqativ münasibətin müharibədən sonra da eyni səviyyədə qalıb-qalmadağını demək çətindir. O, ümid edir ki, ötən bir ildə münasibətlərdə dəyişiklik var.
Zahid Oruc hesab edir ki, ordakı rejimin separatçılıq cəhdlərinin davam etməsinin qarşısını almaq mümkün olacaq: “Bunlar, əlbəttə ki, Azərbaycan Konstitusiyasına ziddir. Ancaq bunu Azərbaycan tankla, topla, dronlarla deyil, sırf siyasi vasitələrlə həll edəcək. Beynəlxalq hüquqda hər məsələ güclə həll olunmur”.скачать dle 12.1