Bia.Az

Navalnı və tərəfdarlarına yeni cinayət işi

Dünya
 30-09-2021, 00:58     213

Rusiya İstintaq Komitəsi hazırda həbsdə olan müxalifət lideri Aleksey Navalnıya Cinayət Məcəlləsinin 282.1-ci (ekstremist icmanın yaradılması və ona rəhbərlik) maddəsi ilə cinayət işi açıb.

Novator.az-ın məlumatına görə, cinayət işində Navalnının tərəfdarları Leonid Volkovun, İvan Jdanovun, Lyubov Sobolun, Georgi Alburovun, Ruslan Şaveddinovun, Vyaçeslav Gimadinin, Pavel Zelenskinin, Rüstəm Mulyukovun da adları keçir.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib. Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib. 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzalarına məhkum edilib.
Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
2021-ci il yanvarın 17-də Almaniyadan vətənə dönən Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub.
Yanvarın 18-də Ximki Şəhər Məhkəməsi sınaq müddəti qaydalarını pozması ittihamı ilə Navalnı barəsində 30 sutka həbs qətimkan tədbiri seçib.
Fevralın 2-də Moskvanın Simonov Rayon Məhkəməsi Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmü Cəzaların İcrası üzrə Federal Xidmətin iddiası əsasında çıxarılıb.
Fevralın 2-də Simonov Rayon Məhkəməsi Navalnının 2020-ci ilin ikinci yarısında ən azı 6 dəfə qeydiyyatdan keçməli olduğu dövlət orqanına gəlmədiyini əsas götürərək Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasını təmin edib.
Fevralın 20-də Moskva Şəhər Məhkəməsi rayon məhkəməsinin hökmünü qismən dəyişdirməklə qüvvədə saxlayıb. Dəyişiklik həbs müddətinin altı həftə azaldılmasından ibarət olub. Beləliklə, Aleksey Navalnının həbs müddəti 2 il 8 aydan 2 il 6 ay iki həftəyə endirilib.
Navalnı cəzasını Moskva ətrafında yerləşən 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.
Aprelin 26-da Rusiya Baş Prokurorluğunun sanksiyası ilə Navalnının başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondunun ofislərində axtarışlar aparılıb, qurumun işi dayandırılıb. Az sonra Moskva Şəhər Prokurorluğu Korrupsiya ilə Mübarizə Fondunun ekstremist təşkilat kimi tanınması üçün Moskva Şəhər Məhkəməsində iddia qaldırıb. İyunun 9-da məhkəmə iddianı təmin edib, qurumun ekstremsit təşkilat sayılması və ləğv edilməsi haqda qərar çıxarıb. Qərar dərhal qüvvəyə minib. Avqustun 10-da Korrupsiya ilə Mübarizə Fondu ekstremist fəaliyyət və ya terrorla məşğul olan şəxslər və təşkilatlar siyahısına daxil edilib. Avqustun 31-də fondun Rusiyada hüquq şəxs kimi fəaliyyəti rəsmən dayandırılıb.
İstintaq Komitəsinin sentyabrın 28-də yaydığı məlumata görə, Aleksey Navalnı 2014-cü ildə Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri kimi ekstremist icma yaradıb və ona başçılıq edib.
Komitənin iddiasına görə, Navalnı konstitusiya quruluşunu dəyişdirmək və Rusiyanın təhlükəsizliyini, bütövlüyünü pozmaq məqsədilə ekstremist fəaliyyətlə məşğul olub.
İstintaqı Komitəsinin açdığı cinayət işində Leonid Volkov və İvan Jdanov ekstermist fəaliyyət məqsədilə “Navalnının Baş Qərargahı” adlı qərargah da daxil olmaqla ölkənin müxtəlif bölgələrində səkkiz qeyri-kommersiya təşkilatı yaratmaqda təqsirli bilinirlər.
İddiaya görə, ekstremist fəaliyyəti təşviq etmək üçün Korrupsiya ilə Mübarizə Fonduna və Navalnı Qərargahına internet səhifələri, eləcə də “YouTube” kanalı, “Twitter”, “İnstagram” və “Facebook” sosial şəbəkələrində səhifələr açılıb.
İstintaq Komitəsinin açdığı cinayət işində bildirilir ki, ekstremist təşkilatın liderləri və üzvləri 2014-cü ildən 2021-ci ilədək sanksiyalaşdırılmamış  mitinqlərdə Rusiya qanunlarına zidd çağırışlar ediblər.
Mənbə: Lenta.ru скачать dle 12.1