Bia.Az

Beyləqanda alim və mütəxəssislər, həmçinin fermerlərin iştirakı ilə pambıqçılığın inkişafı müzakirə edilib - VİDEO

Sosial
 8-09-2021, 11:19     276

Pambıqçı alim və mütəxəssislər, həmçinin fermerlər Beyləqanda bir araya gəliblər. Görüşdə innovativ texnologiyaların tətbiq ilə məhsuldarlığın artırılması yolları və son dövrlərdə “ağ qızıl” tarlalarında əldə olunan nəticələr müzakirə edilib. Eyni zamanda, regiona uyğun sortladan istifadə etməklə yüksək məhsul əldə olunmasına dair qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqanda keçirilən “Tarla günü” Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşəbbüsü ilə təşkil olunub. Görüş Beyləqan rayonu ərazisində yerləşən Mil Təcrübə Stansiyasında gerçəkləşib. Aparılan müzakirələr zamanı ölkəmizdə son zamanlar pambıqçılıqda əldə olunan nailiyyətlər barədə söhbət aparılıb. Həmçinin institut tərəfindən hibridləşdirmə yola ilə əldə edilən yerli sortlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olunmasından danışılıb.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Texniki şöbəsinin müdiri Ələddin Tağıyev deyib ki, əsas məqsəd Azərbaycan ərazisində regionlarda iqlim şəraitinə uyğun, quraqlığa və xəstəliklərə dözümlü olan sortlar yetişdirilməsdir. Hazırda bu istiqamətdə ilkin sort sınaq mərhələsi, həm də müqayisəli sınaqlar üçün toxumlar əkilib becərilir. Bunun üçün ölkə ərazisində bir neçə təcrübə stansiyasında praktiki olaraq görülən işlər nəzarətdə saxlanılır və gələcəkdə yüksək məhsuldarlığa malik yerli sort toxumların növlərinin artırılması qarşıya əsas məqsəd kimi qoyulub.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru Elçin Xəlilov bildirib ki, institut tərəfindən həyata keçirilən layihələr və alimlərin apardığı elmi tədqiqatlar əsasında uğurlu nəticələrdə əldə olunub. Bu günə kimi 12 növ sort rayonlaşdırılıb və perspektivi daha çox olan 20 sort üzərində işlər davam etdirilir. Həmin sortların ilkin sınaq mərhələsi aparılır. İnstitut əməkdaşları tərəfindən yetişdirilən “Gəncə-182”, “Gəncə-183”, “Gəncə-132” sortları daha yaxşı nəticə göstərir. Bu sortlar yüksək məhsuldarlığı, xəstəliklərə dözümlü olması ilə bərabər, həm də dünya toxuculuq sənayesinin tələbələrinə uyğun lif çıxımı ilə seçilir. Həmin sortlarda yüksək lif çıxımı tanınmış dünya alimləri, o cümlədən Yunanıstan və Pakistan alimləri tərəfindən də öz təsdiqini tapıb. “Tarla günü”ndə həmin sortların da nümayişi aparılır və gələcəkdə əkin sahələrində, həmçinin toxumçuluq şirkətləri tərəfindən bu sortlardan istifadə daha məqsədə uyğun hesab olunur.

Yerli və xarici sortların Mil Təcrübə Stansiyasında sınaqdan keçirilməsindən danışan stansiya direktoru Ramiz Şükürov da pambıqçılığın inkişafında yüksək nailiyyətlər olduğunu bildirib. Cari ildə 28 sortda müqayisəli sort sınağı, 20 sortda ilkin sort sınağı aparılıb. Eləcə də Pakistandan gətirilmə atom şüası ilə şüalandırılan 7 sort da sınaq üçün əkilib. Bundan başqa, təcrübə stansiyasında 3 sortun aqrotexnologiyası öyrənilir. 12 sortun nümayiş əkini həyata keçirilib.

Əldə olunan nəticələrdən danışan Şükürov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında bağlanan müqavilə əsasında əkilən Pakistandan gətirilən 7 sort arasından məhsuldarlığı ilə seçilən “Cotton Super” sortu regiona daha yaxşı uyğunlaşıb. Belə ki, həmin pambığın kolunda minimum 60 qoza müşahidə olunur, hətta 120-ə qədər qoza da qeydə alınıb. Hazırda Mil Təcrübə Stansiyasında 72 sort sınaqdan keçirilir ki, bunlardan 7-si Pakistan, 1-i Türkiyə, digərləri isə əsasən yerli sortlardır.

Toplantıdan sonra Mil Təcrübə Stansiyasında sınaqdan keçirilən pambıq kollarına baxış keçirilib, fermerlər məhsuldar sortlarla tanış olublar.



скачать dle 12.1