Arxiv

Oxunub:223 / 09 fev 06:39siyaset, gundem

Moskva Ermənistanın “ipini yığır” - yeni Qarabağ tələsi...



Moskva Ermənistanın “ipini yığır” - yeni Qarabağ tələsi...

















Ermənistanda parlament seçkiləri kampaniyası getdikcə qızışır. Bunun bir əlaməti də deputat mandatlarına iddia edən rəqib siyasi qüvvələrin bir-birinə qarşı sərt və kompromat xarakterli ritorika sərgiləməyə başlamasıdır. Təbii, təbliğat mübarizəsində Dağlıq Qarabağ mövzusu da önəmli yer tutur.

Yada salaq ki, aprelin 2-də gözlənilən parlament seçkiləri ilə Ermənistan parlamentli üsul-idarəyə keçəcək. Yəni prezidentin səlahiyyətləri parlamentin seçəcəyi yeni baş nazirin xeyrinə kəskin azalacaq. Faktiki, prezident sırf dövləti təmsil edən formal fiqura çevriləcək - təxminən Gürcüstandakı kimi.

***

Şübhə yox ki, Rusiya öz satelliti və Cənubi Qafqazdakı yeganə forpostu kimi Ermənistanda bu seçkiləri ən çox diqqətdə, əslində isə nəzarətdə saxlayan ölkədir. Bir səbəb artıq deyildi - yeni dönəmdə ilk parlamentin Ermənistanın siyasi həyatında, o cümlədən xarici siyasət kursunun müəyyənləşməsində rolu artacaq. İkinci motiv təzə parlamentdə anti-Rusiya qüvvələrinin sanballı güc təşkil etməsini əngəlləməklə bağlıdır.

Sirr deyil ki, son illər İrəvanda qərbyönlü qüvvələr əhəmiyyətli dərəcədə fəallaşıb. Bu, özünü keçən ilin yayında Sərkisyan rejimi əleyhinə silahlı qiyam zamanı qabarıq göstərib. O vaxt ABŞ səfirliyi, yerli qərbyönlü media və qərbyönlü ekspertlər çevrəsi qiyamçıları açıq şəkildə dəstəkləmişdilər. Bunun nəticəsi olaraq da prezident V.Putin Qarabağ məsələsində irəliləyiş naminə Sərkisyana hansısa təzyiq göstərməkdən vaz keçdi...

Bu və digər səbəbdən səsvermə günü yaxınlaşdıqca Rusiyanın seçkilərdə “barmaq izləri” də artacaq. Artıq yerli analitiklərin bir çoxu bu tendensiya barədə danışmağa başlayıblar. Məsələn, qərbyönlü erməni politoloq, Ermənistan Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri David Şahnazaryan tert.am saytına açıqlamasında deyib ki, “hələ indiyədək Moskvanın Ermənistandakı seçkiyə bu qədər yüksək səviyyədə qoşulması müşahidə edilməyib” (axar.az).

Politoloq deyib: “Bu seçkinin daha bir özəlliyi siyasi fikir ayrılıqlarının olmamasıdır. Əvvəllər Ermənistanı Avropa modelinə bənzər dövlət şəklində görmək istəyən qüvvələr artıq bu məsələdə ciddi kompromisə gediblər. Buna görə də Ermənistanı Avropa dövləti kimi görmək istəyən kontingent yumşaq şəkildə desək, seçkidə aktiv iştirak etməyəcək. Üstəlik, seçkidə iştirak edən blokların çoxu özlərinin hakimiyyətdən yaxşı olduğunu göstərməyə belə cəhd etmirlər. Bu mənada onlar yalnız deyirlər ki, biz gələcəyik və hər şey yaxşı olacaq. Moskva üçün Ermənistanda ən böyük problem ölkədə anti-Rusiya əhval-ruhiyyəsinin artmasıdır. Qarşıdakı seçki vasitəsilə Moskva bu məsələni həll etməyə çalışır. Bir sözlə, yeni parlament daha çox Dumaya bənzəyəcək. Yəni burada siyasi müxalifət olmayacaq. Ən yaxşı halda parlamentə bir neçə müstəqil deputat buraxacaqlar. Ermənistanın siyasi sistemi ciddi problemdir və seçkidə iştirak edən siyasi subyektlər də bu problemin həlli yox, bir hissələridir. Bu seçki vasitəsilə Moskvanın Ermənistanın daxili siyasi proseslərinə təsiri artacaq. Yeni parlament Ermənistanın daxili siyasi stabilliyini stimullaşdıran orqan olmayacaq. Məncə, Moskvanın təsiri ilə yeni ictimai və hökumətdaxili ciddi silkələnmələr yaşanacaq”, - politoloq bildirib.

***

Vaxtilə təhlükəsizlik məsələləri ilə məşğul olmuş erməni ekspertin fikirlərindən belə qənaət hasil olur ki, Rusiya bu seçkilərlə həm də Ermənistana tələ hazırlayır, onun “ipini yığmağa” hazırlaşır. O mənada ki, yeni parlament Dumaya bənzəyəcəksə, orada rus qafalılar böyük əksəriyyət təşkil edəcəksə, - görünür ki, belə də olacaq, - o halda Kreml həmin “Duma” vasitəsilə ölkədaxili situasiyanı daha asan manipulyasiya edə, daxili duruma daha effektli təsir göstərə biləcək. Ən önəmlisi, Dağlıq Qarabağ məsələsində Moskva Ermənistan üzərində əvvəlkindən daha güclü söz sahibinə çevrilmiş olacaq.

Bu, həmçinin o anlama gəlir ki, Qərbin, NATO-nun bölgədə getdikcə güclənməsi fonunda Kreml işğalçı ölkəyə növbəti və mühüm siyasi təzyiq rıçaqı əldə etmiş olacaq. Azərbaycanın maraqları, Qarabağ problemi, sülh yoxsa müharibə məsələsi baxımından bu, yaxşıdır, ya pis - yəqin ki, bir qədər gözləmək lazım gələcək...

***
Politoloq Rasim Musabəyov da Ermənistanda qarşıdakı parlament seçkisinə Rusiyanın müdaxiləsini real sayır. “Doğrudur, hazırda müxalifət aktivləşib. Ancaq Ermənistanda fövqəladə hadisə baş verməsə, böyük ehtimalla, Serj Sərkisyanın Respublikaçılar Partiyası parlamentdə çoxluğu qoruyub saxlaya biləcək. Sərkisyan da, indiki baş nazir də birbaşa Rusiyanın adamıdır. Faktdır ki, bu gün Ermənistanda Rusiyanın adamı olmayan çox az siyasətçi var”, - politoloq qeyd edib.

Lakin rusiyayönümlü siyasətçilər də eyni cür sədaqətli, etibarlı deyil. Onları hamıdan yaxşı elə məhz Kreml yetkililəri tanıyır. Bu mənada seçkidən sonra gizli qərbpərəstlərin sırasının incik düşən rusiyapərəstlərin hesabına genişlənəcəyi də istisna deyil. Unutmaq olmaz ki, ABŞ hər zaman bu prosesi həvəslə körükləyib, bundan ötrü böyük məmnuniyyətlə maliyyə dəstəyi verib. Odur ki, 2 apreldən sonra Ermənistanda kritik proseslərin başlaması da mümkün görünür.