Arxiv

Oxunub:520 / 14 mar 06:37gundem

Azərbaycan Milli Onkologiya Mərkəzi etibarlı əllərdədir



Azərbaycan Milli Onkologiya Mərkəzi etibarlı əllərdədir













Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin himayədarlığı ilə inkişaf edib şöhrətlənən Azərbaycan səhiyyəsi bu gün ulu öndərin davamçısı Prezident İlham Əliyevin hərtərəfli qayğısı sayəsində yeni inkişaf dövrünü yaşayır.

Tam inamla demək olar ki, ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da müsbət təsir göstərmişdir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində uğurla aparılan islahatları, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işləri artıq hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir. Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təchiz olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsini tam təmin etmişdir. Respublikanın dinamik iqtisadi inkişafı demoqrafik və tibbi statistik göstəricilərinin yaxşılaşmasına səbəb olmuşdur.

Azərbaycan Prezidentinin diqqət və qayğısının nəticəsi olaraq hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilmişdir.

Zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi artıq dünyanın ən qabaqcıl onkoloji mərkəzləri ilə müqayisə oluna bilər. Mərkəzin əməkdaşları tərəfindən respublika­nın onkoloji xidmətinin strukturunun təşkili, bədxassəli şişlərin erkən diaqnostikası və bu xəstələrə müasir cərrahi, şüa və dərman müalicəsinin aparılması, mövcud müalicə metodlarının daha da təkmilləş­dirilməsi istiqamətində böyük elmi araşdırmalar aparılır.

Milli Onkologiya Mərkəzi bu gün respublika əhalisinə göstərilən ixtisaslaşmış onkoloji yardım üzrə aparılan elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olan əsas mərkəz funksiyasını daşıyır. Mərkəzin əməkdaşları tərəfindən hər il on­ko­loji xidmətin təkmilləşdirilməsinə dair səyyar sessiyalar ke­çi­ri­lir.

Professor onu vurğulamışdır ki, Azərbaycan Milli Onkologiya Mərkəzində mövcud olan şüa müalicəsi aparatları dünyanın ən müasir aparatlarıdır. Mərkəzi öz təchizatına görə Avropa və Amerikanın qabaqcıl klinikalarından biri hesab edilir. Bütün bu inkişaf Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyevin əməyi sayəsində mümkün olmuşdur. Akademik Cəmil Əliyevin ən böyük nailiyyətlərindən biri də aparatların alınması ilə yanaşı, həm də milli kadr hazırlığını həyata keçirməsidir. Mərkəzdə tibbi fizika şöbəsi yaradılmışdır. Burada yerli mütəxəssislər fəaliyyət göstərir.

Bu gün Milli Onkologiya Mərkəzinin əməkdaşları beynəlxalq konfranslarda mütəmadi məruzələrlə çıxış edirlər. Bununla yanaşı, Milli Onkologiya Mərkəzi beynəlxalq forumların ölkəmizdə keçirilməsinə xüsusi önəm verir. ABŞ, Türkiyə, Belçika, Macarıstan və bir çox ölkələrin onkologiya üzrə tanınmış mütəxəssislərinin iştirakı ilə Bakıda “Radiasion onkologiyanın müasir vəziyyəti və perspektivləri” mövzusunda keçirilən ikigünlük konfrans bunun əyani sübutudur. Konfransa qatılan qonaqlar Milli Onkologiya Mərkəzinin yeni cərrahiyyə korpusunda xəstələrə yüksək tibbi xidmət göstərildiyinə, Azərbaycanda bədxassəli şişlərdən əziyyət çəkən vətəndaşların pulsuz olaraq ixtisaslaşdırılmış tibbi və sosial yardım almaları üçün tam hüquqi zəmin yaradıldığına şahid olmuşlar. Xarici mütəxəssislər Azərbaycan Milli Onkologiya Mərkəzinin öz təchizatına görə Avropanın qabaqcıl klinikalarından geri qalmadığını bildirmişlər.