Bia.Az

RUSİYA QARABAĞI ƏLƏ KEÇİRİR: ONU NECƏ DURDURMALI? - Dünya ilə açıq danımağın vaxtı çatıb!

Gündəm
 15-08-2021, 11:59     226

Son günlər Müdafiə Nazirliyinin yaydığı açıqlamalarda atəşkəsin Şuşa, Laçın və Füzuli rayonu istiqamətində pozulduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı dəstələri həmin istiqamətdəki mövqelərimizi atəşə tutur.

Qarabağda gərginliyin davam edəcəyi hələ 10 noyabr 2020-ci il tarixindən məlum idi. Çünki Rusiyanın zorakı müdaxiləsi ilə Azərbaycan hərbi əməliyyatları dayandırıb, Moskvanın təzyiqi, təkidi ilə ortaya atdığı atəşkəs sənədinə imza atıb. Bu bəyanat hüquqi qüvvəyə malik olmasa da, problemin tam həllinə imkan vermədi, Rusiya ordusu V.Putinin əlləri ilə yazdığı ssenariyə uyğun tələsik Qarabağa göndərildi, yarımcan olmuş erməni silahlı dəstələrinin qalıqları son anda tanm məhvdən qurtarıldılar. Beləliklə, Qarabağın bir hissəsi faktiki Rusiyanın nəzarətinə keçdi və Kreml bölgədə əvvəldən hazırladığı plan üzrə möhkəmlənməyə başladı. Bu barədə geniş yazmağa ehtiyac yoxdur, qısaca onu qeyd edək ki, sülhməramlı kontingent 10 noyabr sənədində nəzərdə tutulmasa da, Azərbaycanın 3.4 min kvadrat kilometr ərazisini özünün məsuliyyət zonası elan edib, orada dağılmış erməni separatçılarını yenidən təşkilatlandırmağa çalışır. Onlara hər cür - siyasi, humanitar və iqtisadi dəstək göstərilir, reablitasiya proqramları həyata keçirilir. Bütün bu fəaliyyət tamamilə qanunsuzdur və Azərbaycanla razılaşdırılmadan həyata keçirilir. 
Bəs, Moskva Xankəndi və ətraf ərazilərdəki bu "missiyasını" hüquqi çərçivəyə almaq istəyirmi?

Əlbəttə istəyir. Ötən ay Ermənistanın Baş naziri Nikol Paşinyan bildirdi ki, Azərbaycan hələ də Rusiya ilə sülhməramlıların fəaliyyətinə dair əlavə sənədi imzalamaqdan imtina edir. Amma Ermənistan bu sənədi imzalayıb. Maraqlıdır, hansı məntiqlə, hansı hüquqla Moskva Azərbaycan ərazilərindəki fəaliyyətini Ermənistanla razılaşdırır, daha sonra Azərbaycana belə bir müqavilə təklif edir? Bu, tamamilə absurd və nonsensdir. Sözügedən müqavilənin detalları açıqlanmasa da, məlumdur ki, söhbət Rusiyanın Azərbaycanın bir hissəsində erməni separatçıları ilə birgə uzunmüddətli anklav yaratmasına hüquqi don geyindirməyə çalışmasından gedir. Ermənistanın keçmiş diplomatı Mikayel Minasyan Azərbaycanın belə bir müqaviləni 3 şərtlə imzalamağa razı olduğunu bildirib. Onun sözlərinə görə, Bakı təklif edib ki, Qarabağ və ətraf ərazilərdəki bütün erməni silahlıları çıxarılsın, Laçın dəhlizinə Azərbaycanın nəzarəti bərpa edilsin və sözügedən bölgə Bakının suveren idarəçiliyinə qaytarılsın, yerli idarəçilik qurumları formalaşdırılsın. Amma bu təklif qəbul edilməyib.

Onu Ermənistanmı qəbul etməyib? Əlbəttə yox, müharibədə darmadağın olmuş ölkənin Azərbaycanla bərabərhüquqlu tərəf kimi bu məsələləri müzakirə etmək hüququ yoxdur. Bakının təkliflərinə Rusiya razılıq verməyib, Moskva Xankəndində Azərbaycanın suverenliyinin təmin olunmasına qarşıdır, onunla birlikdə yerli problemlərin həll olunmasını qəbul etmir. Əksinə, milyonlarla xərc çəkib cinayətkar, separatçı liderlərlə birlikdə oyuncaq "dövlət" qurmağa girişib. Bu gün bölgədə yaranmış gərginliyin əsas mənbəyi Rusiyanın Azərbaycanın suverenliyini tapdalayaraq həyata keçirməyə çalışdığı bu planlarıdır. Bakı, birbaşa olmasa da, dolayısı ilə ona müqavimət göstərməyə çalışır, çünki daha səbr kasası dolub. Bundan sonra susmaq Rusiyanın daha böyük iddialara düşməsi ilə nəticələnə bilər. Necə ki, bunun ilk işartısı Laçın dəhlizi vasitəsi ilə Qarabağa daşınan erməni silahlılarıdır. Onlar Azərbaycan ərazilərinə hansı məqsədlə gətirilir, silah-sürsat toplanır, yeni postlar qurulur? Şübhəsiz, təməl niyyət burada əbədi qalmaqdır, ikincisi, tapşırıq gələrsə, Şuşaya, Hadruta hücum çəkib Qarabağın əvvəlki işğal sərhədlərini bərpa etməyə də cəhd edəcəklər. Rusiya açıq şəkildə separatçıları buna hazırlayır, təşkilatlandırır və silahlandırır. Azərbaycana açıq mesaj verilir ki, sülhməramlı kontingent orada həmişəlik qalacaq, yaxşı olar ki, Bakı Moskvanın bu niyyətinə müqavimət göstərməsin. Əks təqdirdə, davamlı təxribatlar, təzyiqlər olacaq və müharibəni udmuş Azərbaycan hakimiyyətinin daxildəki etimadını sarsıtmağa çalışacaqlar. 
Bəs, Ermənistan bu planın harasındadır, ona hansı rol həvalə edilib?
Növbədənkənar seçkilərdə Rusiyanın bütün səylərinə baxmayaraq, erməni xalqından mandat almış Paşinyan ikibaşlı oyun oynayır. Çünki Qərb ona Rusiya və İranla sərbəst münasibətlər qurmaq üçün kart-blanş verib. Bunu belə əsaslandırırlar ki, regionda geopolitik baxımdan sıxışdırılmış, Türkiyə və Azərbaycanın blokadasında və Rusiyadan asılı olan ermənilərə bu şansı tanımaq lazımdır. Ona görə də, Paşinyan kifayət qədər rahatdır, o, Qarabağ məsələsini tamamilə öz hakimiyyətindən ayıraraq Rusiyanın sərəncamında qalması ilə barışıb, əslində Moskvanın bu məsələdə oynadığı rol İrəvanı kifayət qədər qane edir. Çünki Azərbaycan qarşısında kifayət qədər zəifləmiş Ermənistanın əldə edə bilməyəcəyi nəticəni Rusiya təmin edir, üstəlik, Qarabağ ermənilərinə hər cür maddi, siyasi, iqtisadi dəstək göstərir. Paşinyan isə Qərbdən aldığı 2.6 milyard avronun dadını çıxarır, darmadağın olunmuş iqtisadiyyatı yendiən dirçəltmək, ölkədən qaçan erməni gəncliyinin yolunu kəsmək üçün planlar qurur.
Rusiyanın Qarabağdakı hegemonluğu Paşinyanın Qərblə daha sıx əlaqələr qurmasına mane olmur, əksinə, onun vəziyyətini xeyli yüngülləşdirir. Bəzən belə təəssürat yaranır ki, Paşinyan Rusiyanın tam təsiri altında onun direktivlərini həyata keçirir. Amma proseslər göstərir ki, bu təsəvvürlər yanlışdır, Qarabağın indiki durumu, Rusiyanın oradakı ermənilərə, o cümlədən Ermənistan ordusuna dəstəyi Qərbdə heç kimi narahat etmir. Necə deyərlər, Qərb də Moskvanın bu səylərini təqdir edir, Ermənistanı, separatçı erməni azlığını dirçəltmək kimi "ümumbəşər" niyyətin gerçəkləşməsini alqışlayır. Paşinyan bu baxımdan rahat manevr edir, ona görə də tez-tez Minsk Qrupunun prosesə qoşulmasının vacibliyi ilə bağlı bəyanatlar da səsləndirir. Bununla ümumi işə töhfə verir, Azərbaycana qarşı Qərbin təzyiqlərini daha da stimullaşdırmağa çalışır.
Bu situasiyada Azərbaycan kifayət qədər mürəkkəb vəziyyətdədir. Əlbəttə, ölkənin müharibəni udmuş, döyüşdən çıxmış, müasir silahlarla silahlanmış ordusu sərhədlərə nəzarət edir, qoyulan tapşırıqların öhdəsindən gəlmək iqtidarındadır. Amma regionda yaranmış status-kvo ordunun əl-qolunu hələ ki, bağlayıb. Hazırda Qarabağdakı qanunsuz silahlı dəstələrə güc tətbiq etmək risklidir, bu baş verərsə, Rusiyanın, Qərbin mövqeyi necə olacaq, hazırda daxili problemləri olan Türkiyə Azərbaycana lazım olan hərbi, siyasi dəstəyi göstərə biləcəkmi? Ən əsası, Moskva Şərqi Ukraynada olduğu kimi erməni hərbi geyimində Azərbaycana qarşı fəal döyüş aparmayacaq ki?
Burada İranın həmişə Ermənistandan yana olan mövqeyini də yaddan çıxarmaq olmaz. Müharibə dövründə və elə bu günlərdə İrandan Qarabağa daşınan silah konvoyları Tehranın əsl niyyətindən xəbər verir. Amma dayanıb, durmaq da təhlükəlidir, çünki Rusiyanın artan təzyiqlərinin bölgədə daha geniş miqyaslı təxribatlarla əvəz olunacağı gözləniləndir. Bu, Moskvanın əbədi siyasətidir, sona qədər əzmək və razılaşmağa məcbur etmək üçün bütün vasitələr işə salınır.

Bu situasiyada Azərbaycanın bir neçə yolu var. Əlbəttə, ilk növbədə strateji müttəfiqi Türkiyə ilə yubanmadan məsləhətləşmələrə başlamaq lazımdır. İki ölkə arasında müqavilələr Türk Ordusunun bir hissəsinin işğaldan azd edilmiş bölgələrə dislokasiyasını həyata keçirməyə imkan verir. Paralel olaraq, müttəfiq orduların və Pakistan silahlı qüvvələrinin iştirakı ilə anti-terror təlimlərini intensivləşdirmək vacibdir. Orduda islahatları sürətləndirmək, sərhədboyu ərazilərdə möhkəmləndimə işlərini davam etdirmək də günün yubadılmayan cari fəaliyyətləri sırasındadır. Eyni zamanda qanunusuz erməni silahlı dəstələrinə preventiv zərbələr də tez-tez təkrarlanmalıdır.
Qərbin Azərbaycana qarşı mövqeyi nə qədər neqativ olsa belə, Bakı beynəlxalq ictimaiyyətlə fəal işi davam etdirməlidir. Konkret olaraq, Rusiyanın Qarabağdakı işğalçıya dəstək hərəkətləri pislənməlidir və bu, tədricən Qarabağ siyasətində ön plana keçməlidir. Yəni reallıq dilə gətirilməlidir ki, bu gün regionda qeyri-stabillik Rusiya tərəfindən yaradılır və münaqişənin bitməsinə, xalqların barışmasına, sərhədlərin müəyyənləşdirilməsinə Moskva imkan vermir. Bakı artıq bu reallığı açıq mətnlə dilə gətirməlidir.
Buna paralel olaraq Azərbaycan Qarabağdakı erməni azlığı, regionun inkişafı, xalqların birgəyaşayış yollarının tapılması ilə bağlı planlarını da həm yerli, həm də beynəlxalq ictimaiyyətə təqdim etməlidir. "Ermənilər Xankəndindən qaçır, köçür" tipli xəbərlərin tirajlanması dövlət siyasətinin xeyrinə deyil. Bu istiqamətdə aparılan siyasətdə ardıcıllıq ondan ibarətdir ki, Azərbaycan ermənilərə heç bir status verməyəcək, amma onların inteqrasiyası, mədəni hüquqları, dili, dini, adət-ənənələri çərçivəsində yaşamasına, yerli idarəçilikdə iştirakına bütün şəraiti yaratmağa hazırdır. Bu siyasət Azərbaycana qarşı Rusiyanın, Ermənistanın və erməni lobbisinin apardığı təbliğata qarşı ən tutarlı mübarizə olar.
Nəhayət, 44 günlük müharibədə uğurla sınaqdan çıxmış xalq-hakimiyyət birliyi modelinin gücləndirilməsi, cəmiyyətin vahid məqsəd uğrunda səfərbər edilməsi də vacibdir. Hakimiyyət baş verən bütün hadisələr barədə xalqla açıq danışmalıdır, cəmiyyətdə geniş diskusiyalara şərait yaradılmalıdır, parlamentdə, siyasi qüvvələrlə bu istiqamətdə tez-tez məsləhətləşmələr olmalıdır. Hökumətin, Təhlükəsizlik Şurasının toplantıları çağrılmalıdır və proseslərlə bağlı açıq müzakirələr keçirilməlidir. Rusiya da, erməni lobisi də görməlidir ki, onun qarşısında təpədən-dırnağa qədər haqlı və güclü bir ölkə, xalq var! /"AzPolitika.info"/скачать dle 12.1