Bia.Az

Niyə bu qədər insan peyvənlənməyə qarşıdır?

Gündəm
 1-08-2021, 12:26     251

Almaniyanın “Deutsche Welle” telekanalının internet səhifəsində “Niyə bu qədər insan peyvənlənməyə qarşıdır?” başlıqlı məqalə dərc olunub. Müəllifi Aleksandr Froynddur. Novator.az saytı məqaləni ingiliscədən çevirib oxuculara çatdırır.

Getdikcə daha çox insanın peyvəndlənməsinə baxmayaraq, vaksinasiyaya qarşı çıxanların sayı da az deyil. Peyvəndin əleyhinə olanlar hansı arqumentlərə əsaslanırlar?
Mən Köln şəhərinin ətrafındakı parkda bir cütlüklə görüşdüm. Riçard qablaşdırma sənayesində, Suzanna isə xəstəxanada inzibati işdə işləyir. Onların hər ikisi 50 yaşda olduqları üçün koronavirusa yoluxma baxımından yüksək risk qrupuna aiddir.
Mən bu cütlüyün vaksinasiyadan imtina etmələrinin səbəbini öyrənmək istədim.
Özüm COVİD-19 xəstəliyi keçirib sağalsam da, peyvənd olunmuşam.
Virus, peyvəndlər haqqında çox yazmışam. Riçard və Suzanna ilə söhbətimdə isə məqsədim bəzi insanların peyvəndlənmək istəməməsinin səbəbini öyrənmək, onların nədən narahat olduqlarını bilmək idi.
Görəsən belə adamlar vaksinlərlə bağlı informasiyaları hansı mənbələrdən əldə edirlər və mövqelərini necə əsaslandırırlar?
Peyvəndə şübhə edənlərin sayı
Riçard vaksinə şübhə etməsinin səbəbini belə izah edir: “Mənə elə gəlir ki, vaksin mənim orqanizmimə birbaşa müdaxilədir. Hər kəs peyvənd olunub-olunmayacağına özü qərar verməlidir. Peyvənd olunmamaq məsuliyyətsizlik və ya həyatdan bezmək anlamına gəlməməlidir”.
Suzanna da Riçardın fikirləri ilə razıdır.
Riçard və Suzanna kimi düşünənlər az deyil. İyulun 15-nə olan məlumata görə, Almaniyada əhalinin 45%-ə qədəri peyvəndin hər iki dozasını, 59%-ə qədəri isə bir dozasını vurdurub. Bununla belə vaksinasiyanın tempi getdikcə aşağı düşməkdədir.
Riçard və Suzanna ümumiyyətlə peyvəndlərə qarşı deyillər. Onlar uşaq yaşlarında peyvənd olunublar. Bununla belə cütlük məhz COVİD-19 infeksiyası əleyhinə vaksinlərə etibar etmir.
Dost-tanışları onların vaksindən imtinalarının səbəbini anlamır. Suzanna deyir: “Onlara elə gəlir ki, vaksin insanı ölümsüz edir. Ancaq peyvəndlənmiş insanlar da infeksiyaya yoluxa bilərlər”.
Hesablanmış risk?
Mən Riçard və Suzannaya izah etməyə çalışıram ki, peyvəndlənmə xəstəliyi ağır formada keçirmək riskini azalda bilər.
Riçard mənə belə cavab verir: “Ola bilər. Ancaq bu, risklər və faydalar müqayisəsindən başqa bir şey deyil. Siz istənilən vaxt istənilən infeksiyaya yoluxa bilərsiniz. Mənim həmkarlarım və dostlarım arasında da koronavirusa yoluxanlar olub. Onlar bu infeksiyanı ya zəif smptomlarla, ya da adi qrip kimi keçiriblər”.
Söhbətə qarışan Suzanna bildirir: “Siz ağırlaşma və ölüm halları barədə informasiyaları mediadan alırsınız. İnfeksiyadan ölüm halları ya birbaşa, ya da dolayısıyla baş verir. Siz onların yaşı ilə maraqlansanız görərsiniz ki, həmin insanlar 87 və ya buna yaxın yaşda olublar. Bunlar məni peyvənd vurdurmağa vadar edə bilməz”.
Almaniyanın Federal Statistika İdarəsinin məlumatına görə, ötən il ölkədə COVİD-19 infeksiyasından 36 min 300 nəfərə yaxın insan ölüb. Qurumun son hesabatına əsasən, həmin ölümlərin 30 min 100-ü COVİD-19 infeksiyası, 6 min 200-ü yanaşı xəstəliklər ucbatından baş verib.
Ötən il koronavirus infeksiyasına görə ölənlərin əksəri doğrudan da yaşlılar olub. Ancaq əlbət ki, ölənlər təkcə yaşlılar deyil.
Riçard və Suzanna deyirlər ki, insanın həyat tərzindən çox şey asılıdır: “Biz şəhərdə yaşamırıq, klublara getmirik, insanlarla görüşəndə hər kəsi qucaqlamırıq. Düşünürük ki, risklərimizi hesablaya bilirik”.
Peyvəndlənmə istəyinə dair araşdırma
Erfurt və Robert Kox universitetlərinin və digər tədqiqat mərkəzlərinin əhali arasında apardığı birgə sorğu Almaniyada peyvənd olunmaq istəyənlərin sayının azaldığını göstərib. 1011 nəfərin qatıldığı sorğuda respondentlərin 41%-i peyvəndlənmək istədiyini deyib. Halbuki iyunun əvvəlində bu göstərici 57% idi.
Sorğuya qatılanların çoxu Riçard və Suzanna kimi hər şeyi ölçüb-biçməyə meylli insanlar olub. Onlar ya peyvəndə etibar etmədiklərini, ya da digərlərinin peyvənd olunmasından narahatlıq keçirmədiklərini əsas gətiriblər.
Amma Suzanna bunu da deyir: “Əgər COVİD-19 sizi narahat edirsə, onda peyvəndlənin”.
Eyni zamanda o, düşünür ki, hazırda peyvəndlənən insanların sayı çox olduğu üçün  infeksiyaya yoluxma ehtimalı daha azdır.
Aleksandr Froynd
Mənbə: Dw.comскачать dle 12.1