Bia.Az

Prokurorluğa gələn vəsait hara gedəcək?

Siyasət
 18-07-2021, 15:33     194

2021-ci il iyulun 1-dən prokurorluq orqanlarında istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi; cinayət işləri üzrə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi; prokurorun baxılması üçün məhkəməyə göndərdiyi inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizi Azərbaycan Prokurorluğunun xəzinə hesabına köçürülməlidir.

İyulun 16-da prezident İlham Əliyev prokurorluğun xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydasını təsdiqləyib. Novator.az bildirir ki, sənədə görə, xəzinə hesabına köçürülən vəsaitdən prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə istifadə olunur. Baş Prokurorluğun sərəncamında olacaq vəsaitin prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına; bütün işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə; işçilər üçün kooperativ mənzil tikintisinin qismən maliyyələşdirilməsinə xərclənməlidir.
Prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ayrılan vəsaitin istiqamətləri belə müəyyən olunub: malların (işlərin və xidmətlərin) alınması; inzibati və təsərrüfat təyinatlı binaların tikintisi, onların əsaslı və cari təmiri; beynəlxalq təşkilatlara üzvlük və beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsi; Baş Prokurorluğun internet informasiya ehtiyatlarına, habelə “Elektron prokurorluq” informasiya sisteminə maliyyə yardımının ayrılması; maddi-texniki bazanın möhkəmləndirilməsi və elmi-texniki potensialın artırılması yönündə digər xərclər.
Azərbaycanda prokurorluq orqanının əsası 1918-ci ildə qoyulub, o, ərazi və ixtisaslaşdırılmış prokurorların baş prokurora tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.
Konstitusiyaya görə, Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir.скачать dle 12.1