Bia.Az

"DELTA" ŞTAMMI: VAKSİN SATMAQ ÜÇÜN OYUN? - Azərbaycanlı professordan maraqlı açıqlamalar

Gündəm
 2-07-2021, 16:26     221

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada koronavirusa yeni yoluxma dalğası haqda xəbərdarlıq edib. 

Təşkilatın Avropa üzrə başçısı Hanz Kluge iyulun 1-də deyib ki, Avropada yoluxmalarda 10 həftəlik azalma başa çatır, vətəndaşlar və qanunvericilər yoluxmalarda partlayış istəmirlərsə, qaydalara əməl etməlidirlər.

"Səyahətə, toplantılara qadağalar qaldırılır deyə, son bir həftədə yoluxmalarda 10 faiz artım yaşanır. Bu, sürətlə dəyişən vəziyyət fonunda baş verir. Narahatlıq yaradan yeni – "Delta" variantı var, üstəlik, üzv ölkələrin səylərinə baxmayaraq, regionda milyonlarla insana peyvənd vurulmayıb. Qaydalara əməl etməsək, ÜST-ün Avropa regionuna yeni dalğa gələcək”, – Kluge vurğulayıb.

Xatırladaq ki, haqqında söhbət gedən "Delta" ştammı Rusiyada geniş yayılıb, qonşu ölkədə yoluxma və ölüm sayları pik sayılan fevral həddini keçib. Səhiyyə qurumları epidemioloji durumun daha da kəskinləşəcəyi barədə xəbərdarlıq ediblər.
Azərbaycanla qonşu İranda və Gürcüstanda da yoluxmaların sayı artıb, ölü sayında yeni rəqəmlər açıqlanıb. Beləliklə, daha təhlükəli və aqressiv "Delta" ştammının Azərbaycanda da yayılması ehtimalı yüksəlib. Çünki sözügedən ölkələrlə hava əlaqəsi bərpa edilib, xüsusən Rusiya ilə sıx gediş-gəliş var. 

Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Musa Qəniyev bildirir ki, “Delta” ştammına dünyanın 90 ölkəsində rast gəlinir. O, xatırladır ki, 21 iyunda Hindistanın Maxaraştra ştatının 4 rayonunda 20 nəfərin “Delta” ştammından genom fərqliliyi göstərən koronavirus serotipinə yoluxduğu bildirildi və bunu “Delta-plyus” (AY.1) ştammı adlandırdılar: "İddia olunur ki, bu ştamm daha yoluxucu və daha öldürücüdür. Antitellərin effektivliyini həm xəstəliyi keçirmişlərdə, həm də peyvənd olunmuşlarda kəskin şəkildə azaldır, hazırda mövcud olan peyvəndlərə qarşı daha dözümlüdür. ABŞ-ın Corc Meyson Universiteti əməkdaşlarının fikrincə, ağ ciyərlərdə daha sürətlə və daha ciddi patoloji dəyişikliklər törədir. Hətta iddia olunur ki, Böyük Britaniyada bu ştamm ilə xəstələnən vaksinasiya olunmuş insanlar belə ölür. Belə bir statistika verilir: 7 nəfər ilk peyvənd dozasını alandan sonrakı 21 gündə, 12 nəfər isə ikinci dozadan sonraki 14 gün ərzində dünyasını dəyişib. Rusiyada bir az da irəli gedib deyirlər ki, bu ştammlarla xəstələnmiş şəxsin, hətta küçədə səki ilə gedərkən, yanından keçəndə belə, insan yoluxur. Bu halda əsas klinik simptomlar Covid 19-da müşahidə olunan klassik əlamətlərlə (boğaz ağrısı, əzələlərdə ağrı və s.) yanaşı, mədə-bağırsaq funksiyasının ağır dərəcədə pozulması, diareya, eşitmə pozğunluğu, xususən aşağı ətraflarda qanqrenaya səbəb ola bilən mikrotromboz halıdır. Şotlandiyada Edenburq Universiteti əməkdaşlarının fikrincə, bu ştammla yoluxma halında qospitalizasiya riski 1,85 dəfə artır və onun “Alfa” ştammı ilə müqayisədə patoloji fəallığı 60% yüksəkdir".
M.Qəniyev hesab edir ki, bütün bunlar, digər məqsədlərə xidmət edən, tamamilə yanlış yanaşma, yanlış düşüncə və yanlış təhlildir: "Çünki “Delta” və “Delta-plyus” ştammları ilə yoluxanlar arasında göstərilən klinik əlamətlər üzrə əsaslı statistik təsdiq olunan fərqlilik yoxdur. Bu ştammların ilkin tapıldığı və vətəni hesab olunan Maxaraştra ştatı Hindistanın mərkəzi hissəsidir. Bu ərazi üzrə əhalinin sıxlığı çox yüksək (hər km-ə 1000 nəfərə yaxın), iqlim tropik musson, yayı isə çox isti olduğundan, istənilən infeksiya zamanı müşahidə olunan ilkin klinik əlamətlərdən biri, kompensator reaksiya kimi diareyadır. Digər tərəfdən, «Delta” və “Delta-plyus” ştammları fərqli yox, eyni mutantlardır. Onların yeganə fərqi K417N-də baş verən nöqtə mutasiyasıdır. Yəni virusun tacında hüceyrəyə keçidi təmin edən SHCO-14 zülal fraksiyasında 417-ci vəziyyətdə lizin aminturşusunun aspargin aminturşusu ilə əvəz olunmasıdır. Lizindən fərqli olaraq asparginin (aspartat) tropluğu neyromediator proseslərə, keçidi sinir elementlərinə qarşı olduğundan, bu aminturşu dəyişikliyi heç bir halda ştammın patogen fəallığının yüksəlməsinə səbəb ola bilməz. Bu, qeyri-mümkündür. Eləcə də, bu mutasiya halı, həmçinin kəskin genom fərqliliyi göstərməyən müxtəlif ştammlarda da vardır. Deməli, bu ştammın patoloji fəallığının yüksək olması reallıq yox, yalnız “xəyalı istək və arzu“ ola bilər. Çünki bu halda mövcud peyvəndlər modifikasiya olunmalı, onların yeni versiyaları hazırlanmalı və satışa çıxarılmalıdır. Yəni səbəb aydındır. Başa düşmək üçün sadəcə bir az düşünmək lazımdır".
Tibb elmləri doktoru deyir ki, Böyük Britaniyada aparılan statistik məlumata gəlincə, bu halda ölümün səbəbi yalnız diaqnostik kriteriyalara əsaslandığı və təşrihlə təsdiq olunmadığına görə, onu heç bir halda birbaşa «Delta” ştammı ilə əlaqələndirmək olmaz. "Maraq doğuran məqam odur ki, verilən məlumatlarda ölən şəxslərin həm də ciddi yanaşı xəstəlikləri olduğu da bildirilir", - o vurğulayıb.
M.Qəniyev həmçinin deyib ki, Almaniyada əsası hələ 1891-ci ildə qoyulmuş, hazırda əməkdaşlarının ümumi sayı 1100 nəfər olan məşhur "Robert Kox" institutunun bu problemlə məşğul olan əməkdaşaları “Delta” və “Delta-plyus” ştamları ilə yoluxma zamanı infeksiyanın ağır keçməsinin qarşısını yalnız "BioNTech/Pfizer" və "AstraZeneca" vaksinlərinin almaq gücündə olduğunu söyləyirlər. Böyük Britaniya Milli Səhiyyə Xidmətinin hesabatında deyilir: Peyvəndləmənin ikinci dozasından sonra "Delta" ştammına qarşı effektivlik 80,8%, birinci dozasından sonra isə, cəmi 33,2 %-dir. Peyvəndlərin analoji aktivlik sırası nisbi azalma ilə “Delta-plyus” ştammına qarşı da saxlanılır. Bu artıq özü-özünü inkardır! Odur ki, söylənilənlər və gözləntilər reallıq deyil və ola da bilməz. Digər maraqlı məqama diqqət edin: “Delta” ştammı ilk dəfə 2020-ci ilin oktyabr ayında mutant kimi öz elmi təsdiqini tapıb. ÜST isə ona, yeni təhlükəli “Delta” ştammı statusunu yalnız koronavirus artıq fəsli infeksiya statusu almağa başlayanda, yəni may ayında verdi!..."
Tibb elmləri doktoru vurğulayır ki, bütün bu fərqliliklərin əsasında yalnız idarəedici gücə malik olan iri firma, birlik, konsern və dövləti maraqlar durur. "Düşünürəm ki, biz özümüzü 100 illərlə tarixi və güclü iqtisadiyyatı olan dövlətlərlə müqayisə etməməli və onların təbliğatını elmi əsas kimi qəbul etməməliyik. Hər şeydən əvvəl özünün ilk müstəqil və kövrək addımlarını atan Azərbaycanımızın iqtisadiyyatını şər qüvvələrdən qorumalıyıq. Bir düşünün, 44 günlük müharibədə biz kimin və nəyin hesabına qalib gəldik? Yalnız güclü siyası iradə və güclü iqtisadiyyatın hesabına. Odur ki, kiminsə tövsiyəsilə, məlum maraqlara xidmət edən, iqtisadiyyatımızı çökdürəcək hec bir məhdudiyyət və qapanmalara gedilməməlidir. Əksinə, ölkə iqtisadiyyatının inkişafına təkan verən və əhalinin yaşamasına xidmət edən, bütün istehsal və qeyri-istehsal, habelə xidmət sahələrinin fəaliyyəti bərpa olunmalı və məhdudiyyətlər aradan götürülməlidir.
Bununla yanaşı, şəxsi gigiyena qaydalarına ciddi əməl olunmalı, zərurət yarandıqda, fərdi qoruyucu vasitələrdən istifadə olunmalı, xüsusən “abnormal” ünsiyyət vasitəsi olan öpüşməyə birdəfəlik son qoyulmalıdır. Əks halda, Covid 19 olmasa da, digər viral infeksiyaların qurbanı olacağıq.
Bütün söylədiklərimə rəğmən, bir an da olsa belə, Covid 19-a münasibətdə sayıqlıq əldən verilməməlidir. Bu infeksiya ilə bağlı istənilən yeni məlumat fərdi şəxslər və dövlət qurumları tərəfindən ciddi qəbul edilməli, təhlil edilməli və bu mübarizənin gələcək strategiya və taktikası düzgün qurulmalıdır". 

Həkim-farmakoloq Müşfiq Hüseynov "AzPolitika.info"-ya bildirib ki, virusun Azərbaycanda yayılması təhlükəsi var: "Amma burada şişirdiləsi bir məsələ yoxdur, bunu niyə belə təqdim edirlər, o başqa söhbətin mövzusudur. Profilaktik tədbirlərə gəlincə, Covid-19-a qarşı hansı tədbirlər həyata keçirilibsə, onları etmək lazımdır. Xüsusən peyvəndləməni daha sürətlə aparmalıyıq, "Pfizer" vaksininin ölkəyə daha çox gətirilməsinə nail olmalıyıq. Artıq sübut olunub ki, bu vaksin "Delta" ştammına qarşı daha dayanıqlıdır. Əgər bu peyvənd məhduddursa, əlimizdə olan digər vaksinlərlə işi davam etdirməliyik. Bundan başqa insanların sıx toplaşdığı yerlərdən uzaq gəzmək, qapalı məkanlarda maskanı çıxarmamaq, gigiyenik qaydalara əməl etmək, havada, dənizdə, bol oksigenli yerlərdə daha çox vaxt keçirmək, qida rasionuna, xüsusən meyvələrə üstünlük vermək lazımdır".
Həkim vurğulayır ki, əsas yük Sərhəd Xidmətinin üzərinə düşür: "Xaricdən, daha çox virusun yayıldığı Rusiyadan Azərbaycana gələnlərlə bağlı çox ciddi tədbirlər görmək lazımdır. Məlumdur ki, Azərbaycana qonşu ölkələrdə, Rusiya və Ukraynada PCR testlərini pulla almaq mümkündür. Ona görə də gələnləri mütləq qaydada tibb müəssisələrində ciddi yoxlamadan keçirməyə ehtiyac var".скачать dle 12.1