Bia.Az

Tramp koronavirusa yoluxanları Quantanamoya göndərməyi təklif edibmiş

Dünya
 23-06-2021, 10:48     222

Koronavirus pandemiyasının yeni başlandığı çağlarda ABŞ prezidenti Donald Tramp xaricdə infeksiyaya yoluxmuş amerikalıların Quantanamo həbs düşərgəsində karantinə alınması təklifini irəli sürübmüş.

Novator.az-ın məlumatına görə, ABŞ-ın “Vaşinqton Post” qəzetinin əməkdaşları Yasmin Əbutaliblə Damian Palettanın birgə nəşr etdirdiyi “Dəhşətli ssenari: Tramp administrasiyasının tarixi dəyişmiş pandemiyaya reaksiyası” kitabında belə yazılıb.
Donald Tramp ABŞ-a 2017-ci il yanvarın 20-dən 2021-ci il yanvarın 20-dək rəhbərlik edib.
Koronavirus infeksiyası ilk dəfə 2019-cu ilin dekabrında Çində üzə çıxıb, az müddət ərzində bütün dünyaya yayılıb. Bugünədək dünyada 180 milyona yaxın adam koronavirusa yoluxub. Onlardan 3 milyon 890 min nəfərdən çoxu vəfat edib. Yoluxmaların 35 milyona, ölümlərin 618 minə yaxını ABŞ-da qeydə alınıb.
Sahəsi 115 kvadrat kilometr olan Quantanamo adası Kubada yerləşsə də, yüz ildən çoxdur ABŞ-ın nəzarətindədir. ABŞ buradan hərbi baza və həbs düşərgəsi kimi istifadə edir. Quantanamo həbsxanasında beynəlxalq terrorçuluqda şübhəli və təqsirli bilinən şəxslər saxlanır.
Əməkdaşlarının yeni kitabı əsasında hazırladığı məqalədə “Vaşinqton Post” qəzeti bildirir ki, pandemiyanın ilk vaxtlarında Ağ evdə xaricdə virusa yoluxmuş amerikalıları ölkəyə buraxıb-buraxmamaq məsələsi müzakirə olunub. Müzakirələr zamanı Tramp məmurlardan soruşub: “Məgər bizim adalarımız yoxdur?.. Quantanamo haqda nə düşünürsünüz?”
Prezidentin belə bir ifadə işlətdiyi də bildirilir: “ABŞ mal idxal edir, ancaq virus idxal etməyəcək”.
Məlumata görə, köməkçiləri Trampın dediklərindən dəhşətə gəliblər. Tramp bu məsələni ikinci dəfə qaldıranda isə onlar amerikalı turistlərin beynəlxalq terrorçuluqda şübhəli və təqsirli bilinən şəxslərlə eyni düşərgədə karantinə alınmasına reaksiyaların çox mənfi olacağını bildirərək təklifi biryolluq qırağa qoyublar.
Quantanamoda beynəlxalq terrorçuluqda şübhəli bilinənlərin saxlanmasına 2001-ci il sentyabrın 11-də ABŞ-ın Nyu-York şəhərində törədilən terror aktlarından sonra başlanıb.
Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin, ATƏT-in ekspertləri dəfələrlə ABŞ rəhbərliyini Quantanamo həbsxanasını bağlamağa çağırıblar. Əsas səbəb kimi adamların buraya çox vaxt məhkəmə qərarı olmadan salınması, ağır işğəncələrə məruz qoyulması faktları göstərilib.
2009-cu il yanvarın 20-dən 2017-ci il yanvarın 20-dək ABŞ prezindeti olmuş Barak Obama hakimiyyətə gələn kimi Quantanamo həbs düşərgəsinin bağlanması haqda fərman imzalayıb. Amma Konqres həbsxananın bağlanması prosesini maliyyələşdirməkdən imtina edib, nəticədə fərman həyata keçməyib.
Donald Tramp hakimiyyətə gələn kimi Obamanın onsuz da kağız üzərində qalmış fərmanını ləğv edib.
Bununla belə şübhəli şəxslərin və məhbusların Quantanamoda saxlanması prosesi səngiyib.
Məlumatlara görə, indiyədək Quantanamodan ümumilikdə 775 şübhəli şəxs və məhbus keçib. Burada saxlanan şübhəli şəxslərin böyük əksəriyyəti heç vaxt məhkəmə qarşısına çıxarılmayıb.
Hazırda Quantanamo həbsxanasında 40 məhbus cəza çəkir.скачать dle 12.1