Bia.Az

Azərbaycan "nifaq alması"na çevrilir: Rəsmi Bakı ABŞ və NATO-nun Rusiya ilə regional savaşından məmnundur

Gündəm
 20-06-2021, 20:47     258

Qərblə Şərq arasında "yeganə körpü" funksiyalarını əlində cəmləşdirən Azərbaycan NATO üçün vazkeçilməz strateji tərəfdaşa çevrilə bilər; Əgər, Kreml gecikərsə və rəsmi Bakının maraqlarını vaxtında təmin edə bilməzsə, Cənubi Qafqazın Rusiya üçün həmişəlik itirlmə ehtimalından danışmaq çətin olmayacaq...

Cənubi Qafqaz uğrunda savaş yenidən intensivləşməyə başlayıb. Bu regionda hərbi-siyasi mövqelərin möhkəmləndirilməsi gələcək geopolitik hədəflər üçün kifayət qədər ciddi perspektivlər aça bilər. Və dünyanın supergücləri bu bu perspektivlərə böyük önəm verdiklərini qətiyyən gizlətmirlər.

ABŞ və Qərb Cənubi Qafqazda olan maraqlarından imtina etmək niyyətində olmadığını sezdirir. Eyni zamanda, son vaxtlar Rusiya ilə daha sərt rəqabətə hazır olduğunu mümkün qədər açıq şəkildə qabartmağa üstünlük verir. Bu baxımdan, regionda bütün daşların tam şəkildə öz yerinə yerləşdiyini iddia etmək hələlik bir qədər tezdir.
Cənubi Qafqazın əsas probleminin - Azərbaycan və Ermənistan arasında 30 ilə yaxın davam etmiş hərbi münaqişənin böyük ölçüdə həll olunması region uğrunda mübarizənin məzmununu, hətta hədəflərini belə, nisbətən dəyişməyə başlayıb. 44 günlük savaşa və onun indiki mövcud nəticələrinə qədər region uğrunda mübarizə əsasən, Cənubi Qafqaz ölkələrinə təsir mexanizmlərnin yaradılması və gücləndirilməsi üzərində indeksləşmişdi. Və qüvvələr nisbətinin məhz region dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi üzərindən dəyişdirilməsinə cəhd göstərilirdi.
cqaf-unnamed.jpg (27 KB)
Ancaq 44 günlük savaşdan sonra bu hədəf artıq real nəticələr vermədiyindən öz əhəmiyyətini itirməyən başlayıb. Qərbdə anlamağa başlayıblar ki, Gürcüstan Cənubi Qafqazda regional mübarizənin taleyinə təsir edə biləcək geopolitik önəmə malik deyil. Rəsmi Tiflis Qərbyönümlü xarici siyasət yürütmüş olsa da, ABŞ və NATO-nun regional maraqlarına tam cavab vermir.
Məsələ ondadır ki, ərazi bütövlüyü problemi olan və daxili separatizmin öhdəsindən gəlmək imkanlarını da artıq əldən verən Gürcüstanın NATO-ya üzvlüyü mümkün deyil. Daxili separatizm mövcud olduqca Gürcüstanın NATO-ya üzvlük cəhdləri sadəcə, xəyal olaraq, qalacaq. NATO vəd versə belə, daxili münaqişələrə səhnə olan ölkələri öz sıralarına qəbul etmir. Çünki bu halda, həmin ölkənin xarici təzyiq faktorlarına davamsız olan daxili münaqişələri NATO-nun probleminə çevrilə bilər.
Ermənistanın da ABŞ və Qərbin işinə yaraya biləcəyi artıq ciddi şübhələr doğurmağa başlayıb. Savaşda sarsıdıcı məğlubiyyətlə üzləşmiş, ordusu darmadağın edilmiş, sosial-siyasi və maliyyə-iqtisadi böhranlarla üz-üzə qalmış Ermənistan ABŞ və NATO-nun geopolitik hədəflərinə yararlı ola bilməz.
Əksinə, iqtisadiyyatı da daxil olmaqla, bütün mövcudluq faktorları məhz Rusiyanın əlində cəmləşmiş Ermənistan ABŞ və Qərbin geopolitik hədəfləri altında əzilə bilər. Ərazisində Rusiya hərbi bazaları olan Ermənistanı Kremlin təsir dairəsindən qopararaq, ABŞ və Qərbin maraqlarına yararlı dövlətə çevirmək demək olar ki, mümkün deyil.
621a9c5f8298cd4c8d8f5a8570e0376a.jpg (213 KB)
Bütün bunlar nəzərə aldıqda, ABŞ və Qərbin Cənubi Qafqaz ümidlərinin yalnız regional lider olan Azərbaycana bağlı olduğunu müəyyən etmək qətiyyən çətin deyil. Azərbaycan son savaşın mütləq qalibidir. Rəsmi Bakı ölkənin ərazi bütövlüyünü bərpa edərək, regionda olan əsas münaqişəni Azərbaycanın xeyrinə həll edə bilib. Bununla da, Cənubi Qafqazın gələcək perspektivləri ilə bağlı bütün inkişaf faktorlarını öz əlində cəmləşdirib.
Ancaq ABŞ və Qərb üçün Azərbaycan ilə anlaşmaq da o qədər də asan məsələ deyil. Rəsmi Bakı Cənubi Qafqazda Rusiya ilə qarşılıqlı maraqlar çərçivəsində strateji əməkdaşlığa üstünlük verir. Hər hansı hərbi-siyasi bloka qoşulmağa da hələlik xüsusi həvəs göstərmir. Azərbaycan Qoşulmama Hərəkatına üzv olması da buna sübutdur.
Bununla belə, Şuşa Bəyannaməsinin imzalanması nəticəsində Azərbaycanın NATO ölkəsi olan Türkiyə ilə strateji müttəfiqə çevrilməsi ABŞ və Qərbin iştahını qabardır. Qərbdə Şuşa Bəyannaməsini müəyyən mənada, Azərbaycanın Türkiyə üzərindən NATO-nun qeyri-rəsmi regional müttəfiqinə çevrilməsi kimi də dəyərləndirməyə həvəslidirlər. Yəni, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Qərbdə rəsmi Bakının NATO ilə bağlı qərarlarına təsir göstərə biləcək önəmli faktor və şans olaraq, diqqətə alınır.
Bəzi Qərb siyasi araşdırma mərkəzləri artıq indidən Azərbaycan-NATO münasibətlərinin daha da canlandırılmasının və maksimum həddə qədər dərinləşdirilməsinin vaxtının çatdığını iddia edirlər. Əsas arqument odur ki, Azərbaycan Cənubi Qafqaz regionunda hərbi və iqtisadi potensialı ən güclü olan yeganə ölkədir. Azərbaycan qonşu dövlətlərlə normal və bərabərhüquqlu münasibətlər sisteminə sahibdir.
Hətta rəsmi Bakı Rusiya və NATO arasında münasibətlərin normallaşdırılması baxımından, ən uğurlu vasitəçi rolunu da oynaya bilər. Eyni zamanda, Azərbaycanın qarşılıqlı münasibətlərində ciddi ziddiyyətlər olan Türkiyə və İsrail ilə yüksək səviyyəli əlaqələrini balanslaşdıra bilməsi də önəmli faktor hesab olunur.
936295_3rknfc6uwk.jpg (71 KB)
Ən önəmli məqam isə ondan ibarətdir ki, Azərbaycan ABŞ və Qərb üçün Orta Asiya regionunun qapısı rolunu oynaya bilər. Bu baxımdan, Qərblə Şərq arasında önəmli körpü funksiyalarını da əlində cəmləşdirən Azərbaycan NATO üçün vazkeçilməz strateji tərəfdaş kimi dəyərləndirilir.
Göründüyü kimi, hazırda Azərbaycan tədricən ABŞ və Qərb, xüsusilə də, NATO üçün yeni strateji cazibə mərkəzinə çevrilməyə başlayıb. Azərbaycanın siyasi dairələri tərəfindən də son vaxtlar NATO ilə əməkdaşlığa xüsusi önəm verilə biləcəyinə yönəlik üstüörtülü və ehtiyatlı eyhamların vurulduğunu da nəzərə aldıqda, Cənubi Qafqazda yeni mərhələnin başlanma ehtimalını ciddiyə almağa ehtiyac yaranır. Ona görə də, indi bu regionda maraqları olan bütün beynəlxalq siyasi iradə mərkəzlərinin rəsmi Bakı ilə xüsusi təmaslar məcburiyyətində qala biləcəkləri qətiyyən istisna deyil.
Təbii ki, bütün bunların Kremldə məmnuniyyətlə qarşılandığını düşünmək sadəlövhlük olardı. Rusiya ABŞ və Qərbin, xüsusilə də, NATO-nun Azərbaycanın cazibə mərkəzinə düşməsindən qətiyyən məmnun ola bilməz. Kremldə hətta Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə belə, müqavimət göstərilməsə də, ciddi narahatlıq və narazılıq ilə yanaşırlar.
Kreml açıq şəkildə biruzə verməsə də, Azərbaycan-Türkiyə müttəfiqliyini NATO-nun Cənubi Qafqaza yerləşmə təhlükəsi kimi qəbul edir. Və Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin NATO-ya üzvlük istiqamətində inkişaf etməməsi məqsədilə artıq müəyyən ehtiyat variantlar üzərində də düşünür.
Bu baxımdan, Rusiya Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyündən məmnun olardı. Halbuki, bunun qarşısındakı əsas əngəllər yalnız Azərbaycanın Qoşulmama Hərəkatında yer alması ilə məhdudlaşmır. Hər halda, bu quruma üzvlük şərtləri arasında təmsilçi dövlətlər arasında diplomatik münasibətlərin vacibliyi hazırda rəsmi Bakıya geniş manevr imkanları açır.
resmi-baki-img2221375.jpg (24 KB)
Məsələ ondadır ki, Azərbaycanın KTMT-ya üzv Ermənistan ilə hər hansı münasibətləri mövcud deyil. Buna nail olmaq üçün ilk növbədə Azərbaycan-Ermənistan sərhədləri demarkasiya edilməlidir. Yəni, Kreml rəsmi Bakı ilə Azərbaycanın KTMT-ya üzvlük məsələsini gündəmə gətirmək üçün əvvəlcə Ermənistana təzyiq göstərməklə, demarkasiya prosesinin başlayaraq, sürətlə yekunlaşmasına dəstək verməyə məcburdur. Rusiya rəsmi dairələrindən verilən açıqlamalar Kreml həqiqətən bu istiqamətdə müəyyən cəhdlər göstərdiyini təsdiqləyir.
Belə anlaşılır ki, Kremldə "KTMT-nın qapıları Azərbaycanın üzünə açıqdır" bəyanatının yetərli olmadığının fərqindədirlər. Ona görə də, Azərbaycanın həmin açıq qapıdan əngəlsiz keçməsini də təmin etməyə çalışırlar. Və bu, indi daha çox Rusiyanın regional maraqlarının əsas hədəflərindən birinə çevrilməyə başlayıb.
Məsələ ondadır ki, Kreml bütün bu məsələlərin həllində tələsməyə məcburdur. Hər halda, Rusiyanın əsas beynəlxalq rəqibi olan ABŞ, eləcə də, NATO artıq hərəkətə keçib. Sərhəd demarkasiyası ilə bağlı prosesi Rusiyanın iştirakı olmadan da uğurla yekunlaşdıra biləcəyi şübhə doğurmayan Azərbaycanla təmas nöqtələri axtarılır. Əgər, Rusiya gecikərsə və rəsmi Bakının maraqlarını vaxtında təmin edə bilməzsə, Azərbaycan fəqrli istiqamətə üstünlük verə bilər. Və bu halda, Cənubi Qafqazın Rusiya üçün həmişəlik itirilməsindən danışmaq daha asan olacaq.
Bütün bunlar onu göstərir ki, Azərbaycan ABŞ və Qərb, o cümlədən, NATO ilə Rusiya arasında "nifaq alması"na çevrilməyə başlayıb. Rəsmi Bakı Cənubi Qafqazın giriş qapılarının açarlarını əlində yellədərək, ABŞ-NATO cütlüyünün Rusiya ilə regional mübarizəsini seyr edir. Hər iki tərəfin Cənubi Qafqazda olan maraqlarının gələcək taleyi məhz rəsmi Bakının əlindəki açarların hansı tərəfə fırlanacağından asılıdır. (Musavat.com) скачать dle 12.1