Bia.Az

Şuşa Bəyannaməsi Azərbaycan – Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldıracaq

Siyasət
 18-06-2021, 15:40     184

Azərbaycanın qalib ölkə kimi uzun illər sonra öz doğma torpaqlarını erməni işğalından azad edərək yeni tarix yazması ölkəmizin güclü və qüdrətli bir dövlət olmasının növbəti göstəricisi idi. Ona görə ki, Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar nəticəsində Azərbaycan yeni-yeni uğurlara imza atmaqda davam edir. Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyəti ilə dostluq və qardaşlıq əlaqələri hazırda ən yüksək səviyyədədir. Ölkəmizin əldə etdiyi uğurların davamı kimi 15 iyun 2021-ci il tarixdə Mədəniyyət Paytaxtı Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında "Şuşa Bəyannaməsi" adlı tarixi sənəd imzalanıb. Sənədi iki türk lider- Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan imzalayıb.
 

Həmin gün dünya ictimaiyyətinin diqqəti Şuşaya yönəlmişdi. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ailə üzvləri və böyük bir nümayəndə heyəti ilə Şuşaya səfər etdi. Bu tarixi əhəmiyyətli səfər Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olması barədə həm Ermənistana, həm də onun havadarlarına bir mesaj idi. Şuşada iki qardaş ölkə arasında Bəyannamənin imzalanması isə düşmənə göz dağı idi. Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində birgə milli mənafelər baxımından siyasi, humanitar, iqtisadi, elm, təhsil, mədəniyyət, hərbi və təhlükəsizlik, o cümlədən media sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Dövlətimizin başçısı bu sənədi yüksək qiymətləndirərək dedi: “Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Müttəfiqlik haqqında Bəyannamə özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır.
 
Şuşa Bəyannaməsi Azərbaycan – Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldıracaq. O cümlədən yeni regional geosiyasi konfiqurasiyanın qurulmasında, iki dost və qardaş ölkə arasında əlaqələrin ən yeni mərhələyə qədəm qoymasında mühüm əhəmiyyət kəsb edir. Bu sənəd, eyni zamanda, gələcək qələbələrimizin təməlini qoydu. Artıq dünya ictimaiyyəti də etiraf edir ki, Azərbaycan -Türkiyə əməkdaşlığı siyasi, iqtisadi və mədəni sahələr üzrə yüksələn xətlə inkişaf edir. Vətən müharibəsində qazandığımız tarixi Qələbədən sonra bölgədə yeni reallıqların yaranması özünü bütün sahələrdə büruzə verir. Şuşa Bəyannaməsi bu reallıqların rəhni olacaq.
 
Bu sənəd həm yerli, həmdə beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların 48- i Şuşa Bəyannaməsini yüksək dəyərləndirir və birgə bəyanat qəbul ediblər. Yeri gəlmişkən, Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldıqdan sonra siyasi partiyaların fəaliyyətinin gücləndirilməsi üçün əlverişli şərait yaradılıb, partiyaların əksəriyyəti hər cür şəraiti olan qərargahla təmin olunub. Şuşa Bəyannaməsi ilə əlaqədar siyasi partiyaların qəbul etdikləri bəyanatda deyilir: “Biz – Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirən Şuşa Bəyannaməsinin mühüm tarixi və strateji əhəmiyyət kəsb etdiyini bildiririk.
 
Bəli, Şuşa Bəyannaməsi beynəlxalq aləmdə də böyük əks- səda doğurdu. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın dedikləri  bunu təsdiqləyir: “Şuşa Bəyannaməsinin imzalanması sabitləşdirici addımdır. Bəlkə də Bəyannamədə ən vacib maddə üçüncü dövlət və ya dövlətlər tərəfindən ölkələrdən birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyünə qarşı təhdid, təcavüz təqdirində birgə məsləhətləşmələrin keçirilməsi, bir-birinə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq silahlı qüvvələrin güc və komanda strukturlarının razılaşdırılmış fəaliyyətinin təmin edilməsidir”.
 
ABŞ-ın “SouthFive Strategies” yəhudi təşkilatının prezidenti Ceyson Epşteyn də bu sənədin imzalanması yüksək dəyərləndirib: “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsinin imzalanması ölkə liderlərinin Cənubi Qafqazda sabitlik və çiçəklənməyə kömək göstərməkdə qətiyyətliliyi ilə bağlı digər maraqlı tərəflərə ismarıcdır. Bu sənədin imzalanması Türkiyə ilə Azərbaycan arasında əlaqələri daha da möhkəmləndirir”.
 

Faktlar da təsdiqləyir ki, Şuşa Bəyannaməsi böyük tarixi əhəmiyyət kəsb edir. Sənəddə diqqət çəkən digər məqamlardan biri də beynəlxalq əhəmiyyətli layihələrin reallaşmasıdır. Məlum olduğu kimi, Azərbaycanın Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Zəngəzur dəhlizinin açılması İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Prezident İlham Əliyev də bu məqamı xüsusi vurğuladı: “Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq”.
 
Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda Şuşa Bəyannaməsinin imzalanması düşmənlərimizə tutarlı cavabdır. Həm də Azərbaycanın gücünün, qüdrətinin təcəssümüdür.  Qeyd etməliyik ki, Cənubi Qafqazda sülh və əmin-amanlığın bərpa olunmasında Türkiyə liderinin də əməyi böyükdür. Eləcə də Rusiya-Türkiyə və Rusiya-Azərbaycan münasibətlərinin müsbət istiqamətdə inkişafında Ərdoğanın rolu şəksizdir. Diqqət edin ki, 1920-ci illərdən bəri indiyədək Rusiya-Türkiyə münasibətlərində bu dərəcədə yaxınlıq, müttəfiqlik olmayıb. Odur ki, Türkiyə Prezidentinin Şuşadakı çıxışında vurğuladığı kimi, sözsüz ki, bu sənəddə qeyd olunan məsələlərin həllində, o cümlədən Zəngəzur dəhlizinin bərpa olunmasında Rusiya Prezidenti Putin də öz fədakarlığını nümayiş etdirəcək və onun rolu bir daha özünü göstərəcək.

Rəcəb Tayyib Ərdoğanın Şuşada və Azərbaycan Milli Məclisində çıxışı zamanı verdiyi bəyanatlar qardaş ölkənin yeni reallıqlar fonunda Cənubi Qafqazda apardığı və bundan sonra da aparacağı geosiyasətin əsas konturları kimi də qəbul oluna bilər. Türkiyə prezidenti Azərbaycanla əməkdaşlığın və qardaşlığın bütün sahələrdə daha da dərinləşdirilməsində israrlı olduğunu aydın şəkildə ortaya qoydu. Bu çıxışlarda bütün istiqamətlər üzrə verilən mesajlar Türkiyənin, həmçinin Azərbaycanın dövlət və milli maraqları ilə və bölgədə sülhün, təhlükəsizliyin davamlı olması maraqları ilə üzvü şəkildə səsləşir. Buna görə, cənab Ərdoğanın mesajlarını bölgədə sülhün və təhlükəsizliyin daha təminatlı və davamlı olmasına yönəlmiş Türkiyənin yeni geosiyasi kursunun əsas konturları kimi şərh etmək lazımdır.Deputatlar qarşısında çıxışında cənab Ərdoğan erməni vandalığına da toxunmuşdur. Bildirib ki, “mədəniyyət ilə vandallıq arasındakı fərqi görmək istəyən gəlsin Qarabağda iki dönəm arasındakı fərqə baxsın. Qarabağ coğrafi baxımdan dünyanın ən gözəl bölgələrindən biri olmaqla yanaşı, mədəniyyət baxımından da ən zəngin yerlərindən biri idi. İnşallah, yenə elə olacaq. Türkiyə olaraq, İnşallah, bu prosesdə də qardaş Azərbaycanın yanında yer almaqda davam edəcəyik".

İbrahim CƏFƏROV,
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor.
скачать dle 12.1