Bia.Az

Cəbhəçiyə şərti iş kəsildi

Cəmiyyət
 18-06-2021, 11:39     331

Səbail Rayon Məhkəməsi Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınan AXCP fəalı Ruslan Əmirovu 4 il müddətinə azadlıqdan şərti məhrum edib. Novator.az-ın məlumatına görə, hökm iyunun 17-də çıxarılıb.

2020-ci il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu və 1 mülki şəxs şəhid olub.

İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı xəsarət alıb, xidməti avtomobillərə, ərazinin yol infrastrukturuna, Milli Məclisin birinci mərtəbəsində mülkiyyətə və inventara ziyan dəyib.

Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb.

Təqsirləndirilən şəxslərin 36-sı bir müddət həbsdə saxlanıb. 2020-ci il noyabrın 16-da Səbail Rayon Məhkəməsi 21 nəfəri, dekabrın 7-də 15 nəfəri ev dustaqlığına buraxıb.

Cəbhəçi Elvin Məmmədov polisin nəzarətindədir.

Təqsirləndirilən Müşviq Vahabov ev dustaqlığına buraxılandan sonra hüquq mühafizə orqanlarından yayınıb, hazırda axtarışdadır.

Ruslan Əmirov sonradan cinayət məsuliyyətinə alınıb, 2020-ci il oktyabrın 10-da polis nəzarətinə verilib.

İyunun 14-də Səbail Rayon Məhkəməsi 12 şəxsə hökm oxuyub. AXCP üzvləri Fuad Qəhrəmanlı və Məmməd İbrahimə 4 il 1 ay, Bəxtiyar İmanov və Ayaz Məhərrəmova 3 il 7 ay, qalan 8 nəfərə (Tural Vəliyev, Azər Məmmədov, Ariz Səfərov, Elçin Məmmədov, Fərid Abadov, Səbuhi Mustafayev, Ramiz Babayev, İlkin Əliyev) 2 il 7 ay azadlıqdan şərti məhrumetmə cəzaları kəsilib.

Daha bir qrupunun işi üzrə yekun iclas iyunun 21-nə təyin edilib. Dövlət ittihamçısı mühakimə olunan 12 nəfərə azadlıqdan şərti məhrumetmə cəzaları təklif edib. AXCP-dən Asif Yusifliyə 4 il 1 ay, Seymur Əhmədov, Müşviq Quliyev, Elnur Cabbarov, Elvin Məmmədova və daha 7 nəfərə (Dəyanət Mövlayev, Kamil Mahmudov, Siyavuş Mustafayev, Elçin Mehdiyev, Taleh Məmişov, Şəmsi Rəhimli, Pərvin Çobanov) 3 il 6 ay şərti iş istənib.

Üçüncü qrupda AXCP üzvləri Telman Seyfullayev, İsmayıl Həsənov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Ramid Nağıyev, Gündüz Mirzəyev və daha 5 nəfər (Ceyhun Məmmədov, İsmayıl Məmmədov, Emin Hüseynzadə, Fariz Məmmədov, Vüsal Quliyev) var.

Səbail Rayon Məhkəməsi mühakiməni 2021-ci ilin fevral ayında başlayıb. Prosesdə Bakı Apellyasiya Məhkəməsinin iclas zallarından istifadə olunur.скачать dle 12.1