Bia.Az

Bayden-Putin görüşünün bəhrəsi olacaqmı? – “Wall Street Journal”

Dünya
 18-06-2021, 11:29     291

“ABŞ prezidenti ilə rəqib dövlətin başçısı arasında keçirilən istənilən zirvə görüşü o baxımdan test xarakteri daşıyır ki, belə görüşlərdə rəqib Amerika lideri barədə hansısa qənaətlərə gəlir”.

 Novator.az-ın məlumatına görə, ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladmir Putinin iyunun 16-da İsveçrənin Cenevrə şəhərində keçirdiyi zirvə görüşünün nəticələrini şərh edən “The Wall Street Journal” qəzetinin dərc etdiyi “Putin üçün Bayden sınaqları və ya əksinə” başlıqlı redaksiya məqaləsində belə deyilir.

Məqalədə bildirilir ki, hər iki lider mətbuat konfransında nikbin fikirlər səsləndiriblər: “Ancaq ola bilsin, Bayden ABŞ-Rusiya əlaqələrinə Putindən daha nikbin yanaşır. Belə ki, Bayden Amerikanın dəyərlərinə zərər vurmamaq şərtiylə iki ölkə arasında münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşacağına ümid etdiyini vurğuladı”.
Qəzet xatırladır ki, əslində soyuq müharibədən sonrakı dövrdə ata Corc Buşdan başlayaraq ABŞ-ın üç prezidenti buna – Rusiya ilə münasibətlərin yaxşılaşacağına ümidli olub: “Lakin ümidlər özünü doğrultmayıb. Rusiya 2008-ci ildə Gürcüstanın, 2014-cü ildə Ukraynanın ərazisinə soxulub, Suriyada sabitliyi pozub və Qərb ölkələrinə kiberhücumları gücləndirib”.
Baydenin “bütün xarici siyasət şəxsi münasibətlərin məntiqi davamıdır” sözlərinə toxunan “Wall Street Journal” qeyd edir ki, bu fikirləri ilə indiki prezident özündən əvvəlki dövlət başçısı Donald Trampı təkrarlamış oldu: “Məsələ ondadır ki, Putin ABŞ liderlərinə qarşı şəxsi münasibət zəminində – simpatiya, yaxud antipatiya hissi ilə hərəkət etmir. O, hakimiyyətdə qalmaq, Rusiyanın strateji mövqeyini gücləndirmək və Qərb demokratiyalarını zəiflətmək üçün işinə yarayacaq plan əsasında davranır.
Kiberhücumlara gəlincə, Bayden rusiyalı həmkarına 16 ən mühüm infrastruktur sahəsinin siyahısını verdiyini dedi. O, qətiyyətlə bildirdi ki, bu sahələr hücuma məruz qalmamalıdır. Prezident vurğuladı ki, Putin cavab zərbəsi üçün ABŞ-ın hansı mühüm kiber imkanlara malik olduğunu yaxşı bilir. Beləliklə, Rusiya indən belə də qeyri-müəyyənlikdən istifadə etməyə və ya məsuliyyətdən yayınmağa çalışsa, onda ABŞ prezidenti cızdığı “qırmızı xətt”in müdafiəsinə qalxmağa hazır olmalıdır.
ABŞ kinetik silahlara nəzarət məsələsinə də ehtiyatla yanaşmalıdır. Rusiya silahlara nəzarət haqda əvvəlki müqavilələri dəfələrlə pozmuş bir ölkədir. Putin böyük məmnuniyyətlə ABŞ-ın imkanlarını məhdudlaşdıran bir sazişə ona riayət etməyi düşünmədən imza ata bilər”.
“Putin üçün Bayden sınaqları və ya əksinə” məqaləsində vurğulanır ki, Bayden rusiyalı müxalif siyasətçi Aleksey Navalnının həbsini pisləməklə insan hüquqları məsələsində mövqeyinin Donald Trampdan nəzərə çarpacaq dərəcədə fərqləndiyini nümayiş etdirdi: “O biri yandan da Bayden Rusiya ilə yeni soyuq müharibənin heç bir tərəfin marağına uyğun gəlmədiyini Putinin diqqətinə çatdırdı”.
Məqalədə bildirilir ki, Rusiya Sovet İttifaqı dövründəki soyuq müharibədə olduğu qədər taleyüklü rəqib sayılmır: “Ancaq Rusiyanın Şərqi Avropada, Yaxın Şərqdə və kiber məkanda iddiaları var və bütün bunlar onu hələ də ABŞ-la toqquşmalara gətirir. Belə təhdidlərə tutarlı cavab vermək lazımdır.
Bayden bu kimi mesajları qarşısındakı masada əyləşən şəxsə uğurla çatdıra bilibsə, onda zirvənin bəhrəsi olacaq”.

Mənbə: Wsj.comскачать dle 12.1