Bia.Az

“YAPONLARLA AZƏRBAYCANLILARIN ƏN OXŞAR CƏHƏTİ ODUR Kİ...” - Yaponiyanın Azərbaycandakı səfirilə MÜSAHİBƏ

Gündəm
 18-06-2021, 11:13     273

Vada Cüniçi: “Yaponiya şirkətləri azad edilmiş ərazilərdə quruculuq işlərinə maraq göstərir”

Yaponiya-Azərbaycan münasibətlərini daha geniş şəkildə möhkəmləndirmək üçün əlimdən gələni əsirgəməyəcəm”


Yaponiya dünyanın ən inkişaf etmiş dövlətləri sırasındadır və əsrarəngiz ölkə kimi sivilizasiya tarixində özünəməxsus yeri var. Yaponiya qədim ənənələrə sadiqliklə modern texnoloji inkişafı üzvi şəkildə birləşdirərək, bu cür yüksək inkişafa nail ola bilib. Azərbaycanla Yaponiyanın oxşar cəhətləri kimi ailə dəyərlərinə, tarixi irsə hörməti qeyd etmək olar.
Hazırda Yaponiya Azərbaycanın sənaye potensialının gücləndirilməsində fəal iştirak edir, həmçinin, ölkəmizdə böyük investisiya portfelinə malikdir. Bu dost ölkə sosial layihələrə də böyük vəsait ayırır.

Səfir kimi cənab Vada Cüniçi Azərbaycan mətbuatına ilk müsahibəsini “AzPolitika.info” saytına verib. Bu müsahibədə iktərəfli əlaqələrin inkişafı, Yaponiyadan dünyaya, beynəlxalq münasibətlərə baxış, Çinlə münasibətlər, yeni planlar barədə söhbət etmişik:

- Cənab Səfir, Yaponiya Azərbaycandakı səfirliyini 20 il əvvəl açsa da, gələn il ölkələrimiz arasında ümumilikdə diplomatik münasibətlərin yaranmasının 30 ili tamam olacaq. Bu illər ərazində Yaponiya bizə nə qədər yaxın və ya nə qədər uzaq oldu?
- 2020-ci ildə Yaponiya Azərbaycandakı Səfirliyinin açılmasının 20-ci ildönümünü qeyd edib. 2022-ci ildə isə ölkələrimiz arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümü tamam olacaq.
1999-cu ildə Xarici İşlər naziri Komura Masahikonun Azərbaycana səfərindən sonra Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Amari Akiranın səfərləri (2004 və 2015-ci illərdə) və digər çoxsaylı yüksək rütbəli şəxslərin Yaponiyadan Azərbaycana səfərləri baş tutub. Son zamanlarda isə 2018-ci ildə Xarici İşlər naziri Kono Taro Azərbaycana səfər edib. 19 illik fasilədən sonra gerçəkləşən bu səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə də çox məhsuldar görüş keçirilib.
İki ölkə arasındakı iqtisadi münasibətlərin böyük sütunu olan enerji sahəsinə gəldikdə, 2017-ci ilin sentyabr ayında Azəri-Çıraq-Günəşli neft yatağının işlənilməsi üzrə Yaponiya şirkətləri ilə yeni sazişin bağlanması davamlı xoş münasibətlərin tərəqqisinin göstəricisidir. İnkişafa yardım sahəsində isə Azərbaycan müstəqillik əldə etdiyi dövrdən ölkə quruculuğu və iqtisadi inkişafa dəstək olmaq üçün güzəştli kredit, qrant yardımı, texniki əməkdaşlıq, Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı və digər geniş sahələrdə əməkdaşlıq həyata keçirilib, 2020-ci ildə müxtəlif regionlarda tibb, təhsil, su təminatı sahəsində 10 layihə ilə bağlı qrant müqaviləsi imzalanıb. Yaponiya hökümətinin bu cür fəaliyyəti Azərbaycan hökuməti tərəfindən yüksək qiymətləndirilir.
Mədəniyyət mübadiləsi sahəsində Azərbaycanda insanların Yaponiya dövləti və mədəniyyəti ilə daha yaxşı tanış ola bilmələri üçün indiyə qədər səfirliyimiz Bakı, Sumqayıt, Gəncə, Şəki, eləcə də Şizuoka prefekturasının İto şəhəri ilə qardaşlaşmış İsmayıllı rayonunda Budo, milli musiqi, yapon filmləri və digər yapon mədəniyyətini tanıdan tədbirlər həyata keçirib. 2019-cu ildə təşkil olunan Birinci Budo Festivalı zamanı yapon döyüş sənətləri ilə bağlı Azərbaycanın müxtəlif əlaqədar federasiyalarının nümayəndələri tərəfindən çıxışlar təqdim olunub. Ölkələrimizin insanları arasındakı mübadilələr çox önəmlidir. Qısa müddətli dəvət, eləcə də uzunmüddətli Yaponiya dövlət təqaüdü proqramları ilə təhsil almış gənc nəslin Yaponiya haqqında dərin biliklərə yiyələndiyinə ümid edirəm.
2022-ci ildə diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümü qeyd ediləcək. Ölkələrimiz üçün bu cür vacib ili “Yaponiya-Azərbaycan dostluq ili” olaraq qeyd edib, həm Azərbaycanda, həm də Yaponiyada mədəni, iqtisadi, siyasi və digər sahələrdə mübadilə tədbirlərinin təşkili ilə ölkələrimiz arasındakı münasibətlərin dərinləşməsi üçün zəmin yaratmaq niyyətindəyik. İndiyə qədər hər iki ölkənin əlaqədar şəxslərinin səyləri ilə qurulmuş uğurlu Yaponiya-Azərbaycan münasibətlərini daha geniş şəkildə möhkəmləndirmək üçün mən də əlimdən gələni əsirgəməyəcəm.
- Zəngin iş təcrübəniz var, 30 ilə yaxın İqtisadiyyat və Sənaye Nazirliyində işləmisiniz, ticarət sərmayələrinin təşviqi və şirkətlərin dəstəyi üçün fəaliyyət göstərmisiniz. Dediniz ki, ölkələrimiz arasında münasibətləri daha da gücləndirmək üçün kömək edəcəksiniz. Əldə etdiyiniz təcrübə və uğurlarınızla Azərbaycana nə kimi kömək etməyi düşünürsünüz?
- Düz vurğuladınız, Yaponiya İqtisadiyyat və Sənaye Nazirliyində 30 il çalışmışam. Müxtəlif istiqamətlərdə fəaliyyət göstərmişim. Ölkələr arasında ticarət sərmayələrinin təşviqi, energetika ilə bağlı siyasət, orta və kiçik şirkətlərin inkişafına dəstək, eyni zamanda müəllif hüquqları ilə bağlı sahədə də çaılşmışam. Mənim bu bilik və təcrübəmim gələcəkdə də Yaponiya ilə Azərbaycan arasındakı münasibətlərə, xüsusilə, iqtisadi sahələrə müsbət təsir göstərəcəyinə inanıram.
- 2022-ci il “Yaponiya-Azərbaycan Dostluq İli” ilə bağlı səfirlik mədəniyyət sahəsinə dair bir neçə layihəyə start verib. Bu layihələr barədə məlumat verməyinizi xahiş edərdik.
- Yaponiya-Azərbaycan diplomatik münasibətlərinin 30-cu ildönümünün tamam olacağı 2022-ci ilin “dostluq ili” kimi qeyd edərək, hər iki ölkədə mədəni, iqtisadi və digər sahələrdə mübadilə tədbirlərinin həyata keçirilməsi planlaşdırılır. Bununla bağlı ümumi marağı daha da artırmaq üçün 2021-ci ilin yanvar ayından “dostluq ili” çərçivəsində hər iki ölkədə keçiriləcək mədəni mübadilə layihələri zamanı istifadə olunacaq şüar və loqo müsabiqəsi elan edərək, çoxsaylı insanların iştirakına nail olmuşuq.
Seçimlər nəticəsində şüar olaraq, Ramazan Ağayevin “Günəşimizi Alovlandıraq!” şüarı seçildi. Burada “günəş” sözü “gündoğar ölkə” kimi Yaponiyanı, “alovlandıraq” sözü isə “Odlar Yurdu” olan Azərbaycanı ifadə edir. “Bizim Günəşimiz” ifadəsi ilə isə, “dostluq ili” vasitəsilə azərbaycanlılar üçün Yaponiyanın daha yaxın və doğma ölkə olması arzusu ifadə olunub. Eyni zamanda, loqo olaraq Tofiq Sarıyevin işi qalib kimi seçilib. Loqoda əks olunan günəş Yaponiyanı, günəşin şüaları isə Azərbaycan bayrağının rəngləri və Azərbaycanın «Odlar Yurdu” olmasını ifadə edərək, günəşin alovlanması ilə iki ölkə arasında əlaqələrin daha güclü şəkildə inkişaf etməsinə olan istəyi ifadə edib.
Dərin minnətdarlıq hissi ilə hər iki qalibə tərəfimdən təşəkkür diplomları təqdim edilib. Bu ili Yaponiya və Azərbaycan xalqlarının birgə şəkildə, daha da təntənəli şəkildə keçirməsinə nail olmaq istərdik.
- Azərbaycan həmişə Yaponiyanı özünə dost ölkə hesab edib. Yapon hökümətinin dəstəyi ilə bir sıra mühüm layihələr həyata keçirilib, müxtəlif sahələr üzrə qrant layihələrinə imza atılıb. Bir qədər əvvəl buna toxundunuz, ümumiyyətlə, bu günə kimi neçə layihə həyata keçirilib və nə qədər qrant ayrılıb?
- Yaponiya indiyədək Azərbaycanda ümumilikdə 1 milyard ABŞ dolları məbləğində güzəştli kredit yardımı və təxminən 100 milyon ABŞ dolları məbləğində qrant yardımı həyata keçirib. Azərbaycanda “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində 2000-ci ildən etibarən, ümumi məbləği 20 milyon ABŞ dollarından çox olan 260-dan çox layihə həyata keçirilib.
-Bəs, Yaponiya Azərbaycana və Azərbaycan Yaponiyaya nə qədər sərmayə yatırıb, bunlar hansı sahələrə aiddir?
-Yaponiyadan Azərbaycana birbaşa investisiyanın məbləği 2020-ci ildə 343,651,000 ABŞ dolları, 2019-cu ildə isə 267,427,000 ABŞ dolları təşkil edib. Bu, Azərbaycana yönəlmiş invesitisiya ilə bağlı ölkələr üzrə statistikada 4-cü yer deməkdir. Azərbaycandan Yaponiyaya birbaşa investisiyanın məbləği barədə isə konkret məlumat əldə edə bilməmişik.
- Yapon şirkətləri burada daha çox hansı sahələr üzrə çalışır və Yaponiyada neçə Azərbaycan şirkəti fəaliyyət göstərir?
- Azərbaycanda 21 yapon şirkəti fəaliyyət göstərir. Ancaq bu, 2019-cu ilin oktyabr ayının məlumatıdır. Fəaliyyət sahələri ilə bağlı isə neft, elektrik enerjisi, turizm sektoru kimi sahələrin adını çəkə bilərəm.
Bundan başqa, Yaponiyadan Azərbaycana ixracatın ümumi məbləği 5,89 milyard yen, Azərbaycandan Yaponiyaya ixracatın ümumi məbləği 4,68 milyard yen dəyərində olub. Yaponiyadan Azərbaycana ixrac edilən məhsullara polad, müxtəlif avadanlıqlar, avtomobil, təkər və boruları misal göstərə bilərəm. Ölkənizdən Yaponiyaya ixrac edilən məhsullara isə xam neft, alüminium kimi əlvan metallar, bitki mənşəli xammal daxildir.

- Cənab Səfir, 2019-cu ilin sentyabrında Prezident İlham Əliyev “Şimal-2” Elektrik Stansiyasının açılışı zamanı fəal iştiraklarına görə Yaponiya şirkətlərinə təşəkkür edib. Vurğulayıb ki, ikitərəfli əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcək, çünki hələ bir çox layihələr icra olunmalıdır. Gələcəkdə icra olunmalı hansı layihələr var və yaxud, Yaponiya şirkətləri hansı layihələrdə iştirak etmək niyyətindədir? Yeri gəlmişkən, işğaldan azad olunan ərazilərdə yenidənqurma işlərində bir çox xarici şirkətlər iştirak etmək arzusundadır. Bildiyimə görə, “TEPSCO” şirkəti də həmin ərazilərdə yenidənqurma və bərpa işlərində cəlb olunmaq niyyətindədir. Gələcəkdə həmin ərazilərdəki layihələrə qoşulmaq istəyən başqa yapon şirkətləri varmı?
-Hal-hazırda Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (JICA) “Azərenerji”ASC-nin istəyi əsasında “Azərenerji”nin enerji sektorunun inkişafı layihəsinin yenilənməsi işlərini həyata keçirir. Bu yenilənmə işlərinə Azərbaycan hökumətinin gələcəkdə həyata keçirməli olduğu elektrik enerjisi layihələrinin müəyyənləşdirilməsi məsələsi də daxil olduğu üçün, həmin işin nəticəsində müəyyənləşən layihələr ilə bağlı Azərbaycan hökuməti tərəfindən Yaponiya hökumətindən istəklər olarsa, bu məsələ nəzərə alınacaq. Bundan əlavə, azad edilmiş ərazilərdəki bərpa və quruculuq işlərinə TEPSCO şirkətindən əlavə maraq göstərən digər yapon şirkətlərinin də olduğu bilinir, lakin ətraflı məlumatımız yoxdur.
-Bu il ərzində hər hansı bir qarşılıqlı səfərlər gözlənilirmi?
-Yeni növ koronavirus infeksiyasının yayılması səbəbindən təəssüflər olsun ki, hal-hazırda konkret rəsmi səfərlər nəzərdə tutulmayıb. Lakin gələn il diplomatik münasibətlərin 30-cu ildönümü çərçivəsində qarşılıqlı səfərlərin yenidən bərpa olunacağına ümid edirəm.
-Bir ilə yaxındır ölkəmizdə fəaliyyət göstərirsiniz və Azərbaycan dilində yaxşı danışırsınız. Dilimizi öyrənmək üçün nə qədər vaxt sərf etdiniz və ümumiyyətlə, daha hansı xarici dilləri bilirsiniz?
-Bu, mənim düşüncə tərzimdir. Hansı ölkədə çalışsam, həmin ölkənin dilini öyrənməklə həmin ölkənin əhalisi ilə daha yaxın, mehriban münasibətlər qurmaq mümkündür və bununla həmin ölkəni daha yaxından tanımağı, dərk etməyi düşünürəm. 20 il əvvəl Vyetnamda işləyəndə də bu ölkənin dilini öyrənmişdim. Azərbaycan dilini isə buraya gəlməmişdən 4 ay əvvəl öyrənməyə başladım. Bu dili mənə Yaponiyada təhsil alan azərbaycanlı bir tələbə öyrədirdi. Azərbaycana gələndən sonra xüsusi dərslər almamışam. Səfirliyin yerli işçiləri və yerli əhali ilə ünsiyyətdə olmaqla müxtəlif yeni biliklər əldə edirəm.
- Gəldiyiniz gündən bu yana aktiv fəaliyyət göstərir, səfərlərə gedir, görüşlərə qatılırsınız. Yəqin ki, Azərbaycan mədəniyyəti, tarixi ilə tanış olmaq imkanınız olub və Yaponiya ilə Azərbaycan xalqları, mədəniyyətləri arasında oxşar cəhətlər müşahidə edə bilmisiniz. Bu cəhətlər hansılardır?
- Müxtəlif oxşar cəhətləri müşahidə edə bilmişəm. Lakin mənə elə gəlir ki, bunların arasında ən oxşar cəhət insanların bir-biri ilə mehriban, mülayim münasibətlərdir. Ailədaxili münasibətlərdə, xüsusilə yaşlılara, özündən böyüklərə olan hörmət də oxşar cəhətlərimizdən biridir. Azərbaycan mətbəxində dolmanı, plovu çox bəyənirəm. Tez-tez bölgələrə səfərim olur. Hər bölgənin, rayonun özünəməxsus yeməkləri var. Lənkəranda kütüm ləvəngisini, Şəkidə pitini, Qubada çuyuya bənzər bir yeməyi çox sevdim.
-Xalqlarımız arasında oxşar cəhətlərin olduğunu dediniz. Adətən, iki xalqın bir-birini daha da yaxından tanıması üçün turizm sahəsində münasibətlər genişləndirilir. Düzdür, hazırda bütün dünyada bu sektorda durğunluq var. Ümumiyyətlə, bu sahəni inkişaf etdirmək üçün nə kimi tədbirlər görülür?
- Xalqlar arasında münasibətləri yaxınlaşdırmaq üçün turizm ən perspektivli sahələrdən biridir. Düşünürəm ki, iki ölkə arasında bu sahəni genişləndirmək, inkişaf etdirmək mümkündür. Pandemiya dövrü bitdikdən sonra turizm sahəsini daha da inkişaf etdirmək üçün hansı addımların atılmasının vacib olduğu ilə bağlı danışıqlar artıq başlayıb. Azərbaycanla Yaponiya arasında birbaşa yükdaşıma reysi açılıb və fəaliyyət göstərir. Yaxın gələcəkdə sərnişin təyarrəsinin də fəaliyyətə başlamasına ümid edirəm.
-Cənab səfir, bir az da beynəlxalq gündəlikdən söz açaq. Son illər dünyada böyük dövlətlər arasında iqtisadiyyat sahəsində ziddiyətlər dərinləşir, valyuta müharibələri baş verir, bunun nəticəsində qlobal iqtisadiyyat zəifləyir. Tokio bu prosesləri necə dəyərləndirir? Yaponiyanın hazırda dünyada qlobal ticarəti tənzimləyən sistemdə islahat aparılması təkliflərinə münasibəti necədir? Mövcud sistemi necə daha effektiv etmək olar?
- Yaponiya bir sıra məsələlər, xüsusən iqtisadi sahədə yerli və qlobal iqtisadiyyatın dəyişən strukturu, proteksionizmin artması və ticarət münaqişələri ilə mübarizə aparır. Belə bir şəraitdə Yaponiya 2019-cu ilin iyun ayında Osaka Sammitini keçirdi. Sammit zamanı Yaponiya özünəməxsus bir Yapon yanaşması ilə, ümumi əsasları və razılaşma nöqtələrini müəyyənləşdirmək əzmi ilə prezidentlik olaraq liderliyi öz üzərinə götürdü. Nəticə olaraq, böyük ölkələrin liderləri azad, ədalətli, ayrıseçkiliyə yol verməyən və bərabər səviyyəli oyun sahəsi kimi beynəlxalq azad ticarət sisteminin əsas prinsiplərini dəstəklədiklərini bir daha təsdiq edərək qlobal iqtisadi məsələlərlə mübarizə aparmaq üçün bir olduqlarını nümayiş etdirdi. Xarici İşlər nazirləri 2019-cu ilin noyabr ayında G20 Aiçi-Nagoya Xarici İşlər Nazirləri görüşündə G20 Osaka Sammitinin nəticələrini təsdiqləyib, bu tədbiri gələcəkdə konkret fəaliyyətə aparan tramplin olaraq qəbul etdilər. Yaponiyanın rifahı azad və açıq beynəlxalq iqtisadi sistemin qorunub möhkəmləndirilməsinə əsaslanır və bu da qlobal iqtisadiyyatın sabitliyinə və böyüməsinə gətirib çıxarır. Çoxtərəfli ticarət sisteminin təməl daşı olan Ümumdünya Ticarət Təşkilatının(ÜTT) islahatı Apellyasiya Orqanının iflic olunması da daxil olmaqla, hazırda üzləşdiyi çoxsaylı çətinliklər nəzərə alındıqda, olduqca vacibdir.
-Son illər Çin mövzusu dünyada aktuallaşıb. Pekinin fəal xarici siyasət yürütməsi, dünyanın müxtəlif yerlərinə, o cümlədən Avropaya, Afrika qitəsinə iqtisadi investisiyaları, qlobal təşəbbüsləri birmənalı qiymətləndirilmir. Xüsusən, “Bir qurşaq-Bir yol” Stratrgiyasına fərqli münasibətlər var. Yaponiyanın mövqeyini bu kontekstdə necə şərh edərdiniz?
- Qonşu ölkə olan Çinlə münasibətlər Yaponiya üçün çox vacibdir. İki ölkə arasında sıx iqtisadi münasibətlər, eləcə də insanlar və mədəniyyətlər arasında qarşılıqlı mübadilələr, münasibətlər mövcuddur. Bundan başqa, Çin ABŞ-dan sonra dünyanın ikinci ən iri iqtisadiyyatına malik ölkədir və təkcə Yaponiya deyil, bütün dünyanın davamlı iqtisadi inkişafı ilə birbaşa əlaqədədir.
Digər tərəfdən, Çinin geniş ərazidə iqtisadi zona qurmaq təşəbbüsü olan “Bir kəmər - Bir yol”-a əsaslanan digər ölkələrdə infrastrukturun inkişaf etdirilməsinə yönəlmiş müvafiq kreditlər vasitəsilə hədəf ölkələrində həyata keçirilən layihələrin maliyyə sağlamlığından başqa, onların açıqlığı, şəffaflığı və iqtisadi səmərəliliyi tələb olunur. Yaponiya olaraq davamlı şəkildə növbəti tendensiyaları diqqətdə saxlayacağıq.
-Hazırda dünyada millitralist meyllər də artır. Beynəlxlaq təhlükəsizlik sazişləri pozulur. Sürətli silahlanma, yeni silahların yaradılması müşahidə olunur. Hücum silahlarından imtina edən, daha çox sülh platformasından çıxış edən ölkə kimi Yaponiya bu proseslərə necə yanaşır? Tokio bu yeni çağırışlara görə ənənəvi siyasətini dəyişə bilərmi?
-Yaponiya müharibədən sonra ardıcıl şəkildə sülh ölkəsi olaraq yoluna davam edib. Ölkəmizi əhatə edən təhlükəsizlik mühitində sərtliyin artdığı bir dönəmdə Yaponiya müvafiq müdafiə qabiliyyətinin qurulmasına çalışmaqla, Yaponiya-ABŞ təhlükəsizlik sistemini davam etdirməklə, Yaponiyanı əhatə edən beynəlxalq mühitin sabitliyinin təmin edilməsi üçün diplomatik səyləri və beynəlxalq sülh əməkdaşlığının təşviqini özünün təhlükəsizlik siyasətinin əsası olaraq qəbul edir. Konkret olaraq, BMT Sülhməramlı Qüvvələrinə töhfə, İnkişafa Rəsmi Yardım çərçivəsində yerlərdə səylər, intellektual töhfə və insan resurslarının inkişafına əsaslanan 3 sütunla konkret səyləri təşviq etməkdədir. Bundan başqa, Yaponiya Konstitusiyası ilə bəyan edilən pasifizm fəlsəfəsinə əsaslanaraq, təhlükəsiz dünya qura bilmək üçün Yaponiya beynəlxalq cəmiyyətdə məsuliyyət daşıyan bir üzv olaraq silahsızlaşdırma üçün səy göstərir.
скачать dle 12.1