Bia.Az

Hədəf və əsl hədəf

İqtisadiyyat
 17-06-2021, 14:36     355

İqtisadçı Natiq Cəfərli Şuşa bəyannaməsinin iqtisadi tərəflərinə diqqət yetirib. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərini nəzərdə tutan sənədi Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Teyyub Ərdoğanla iyunun 15-i Şuşa şəhərində imzalayıb.
Novator.az-ın məlumatına görə, Natiq Cəfərli yazır ki, 2021-ci ilin martında Azərbaycanla Türkiyənin imzaladığı 15 sənəddə diqqət çəkən məqamlardan biri də yaxın üç ildə qarşılıqlı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq hədəfidir: “Şuşa bəyannaməsində həmin hədəf bir daha təkrarlandı. Niyyət pis deyil, amma gəlin real rəqəmlərə baxaq. 2020-ci ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 4 milyard 170 milyon dollar olub. Türkiyəyə 2 milyard 598 milyon dollarlıq məhsul ixrac edilib (ümumi ixracın 18,9%-i qədər), bu ölkədən 1 milyard 563 milyon dollarlıq (ümumi idxalın 14,5%-i qədər) məhsul alınıb.

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Türkiyəyə 1 milyard 207 milyon dollarlıq (ümumi ixracın 16,2%-i qədər) məhsul göndərib. İxracın 98 milyon dolları xam neft, 805 milyon dolları təbii qazdır. Türkiyədən isə Azərbaycana 660 milyon dollarlıq (ümumi idxalın 15%-i qədər) məhsul gəlib.

Ötən illərin təcrübəsi və bu ilin beş ayının nəticəsi deməyə imkan verir ki, Azərbaycanın Türkiyəyə ixrac potensialı məhduddur. Uzağı neft-qaz ixracını bir az artıra, ixracımızı yaxın üç ildə təqribən 4 milyard dollara çatdıra bilərik. Deməli, 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi reallaşsa, biz Türkiyədən 11 milyard dollarlıq məhsul idxal etməliyik. Azərbaycanın 2020-ci ildə cəmi idxalı 10 milyard 730 milyon dollar olub. Yəni 15 milyard dollarlıq hədəf tutacaqsa, biz 2023-cü ildə tək Türkiyədən 11 milyard dollarlıq məhsul almalıyıq. Bu, real görünmür, hətta reallaşsa belə bizim daxili bazarın alıcılıq qabiliyyəti o qədər deyil. Yəni Türkiyə bizdə 11 milyard dollarlıq mal satmaq istəyirsə, camaatımızın qazancı, alıcılıq qabiliyyəti indikindən iki-üç dəfə artıq olmalıdır, bu da indiki hökumət və sistemlə mümkünsüzdür.

Həm də Türkiyədən idxalın artması ölkədən daha çox valyutanın çıxması, manata basqıların artması deməkdir.

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin yüksəlməsi lazımdır, buna sözüm yox, amma bizim üçün daha önəmli olanı birgə müəssisələrin yaradılmasıdır. Türkiyənin yüngül sənaye, mebel, məişət texnikası sektorları və başqa istehsal sahələrində böyük potensialı və təcrübəsi var. Əsasən də işğaldan azad edilən bölgələrdə tikiş fabriklərinin, yeni sənaye müəssisələrinin yaradılması zəruridir. Bu həm yeni iş yerləri, həm də Azərbaycan üçün yeni ixrac potensialı deməkdir”.скачать dle 12.1