Bia.Az

İsrailin yeni baş naziri Naftali Bennet kimdir?

Dünya
 16-06-2021, 12:45     271

Novator.az saytı İsrailin yeni baş naziri Naftali Bennetin bioqrafiyasını təqdim edir.

Naftali Bennet 1972-ci ildə İsrailin Hayfa şəhərində doğulub.
O, 1967-ci ilin 6 günlük Ərəb-İsrail müharibəsindən sonra ABŞ-ın San-Fransisko şəhərindən İsrailə köçmüş ailədə dünyaya göz açıb.
Naftali Hayfa şəhərində dini məktəbdə təhsil alıb, “Bney Akiva” (“Akiva oğulları”) gənclər hərəkatının təlimatçısı olub.
1990-1996-cı illərdə İsrail Müdafiə Ordusunda xidmət edib. Zabit kursunu bitirib, İsrail Silahlı Qüvvələri Baş Qərargahının xüsusi kəşfiyyat bölməsində bölmə komandiri vəzifəsini tutub.
Sonra düşmən mövqelərə hücum əməliyyatları üçün yaradılmış “Maqlan” xüsusi bölməsində xidmət edib.
2002-ci ildə “Müdafiə divarı” əməliyyatı zamanı ehtiyatda olan zabit kimi xidmət etmək üçün İsrailə qayıdıb. Tul-Karma rayonunda gedən hərbi əməliyyatlarda iştirak edib.
Naftali Bennet cənubi Livanda gedən hərbi əməliyyatların da iştirakçısıdır.
Hərbi xidmətini bitirdikdən sonra Qüdsdəki Yəhudi Universitetində hüquq və biznes idarəçiliyi ixtisası üzrə təhsil alıb.
1999-cu ildə kompüter təhlükəsizliyi proqramları hazırlayan “Cyota” şirkətinin həmtəsisçisi və baş direktoru olub.
2001-2005-ci illərdə ABŞ-da – “Cyota” şirkətinin baş ofisinin yerləşdiyi Nyu-York şəhərində yaşayıb və işləyib. “Cyota” 2005-ci ildə 145 milyon dollara “RSA Security” şirkətinə satılıb.
2009-cu ilin sentyabrında “Soluto” İsrail-ABŞ kompüter şirkətinin baş direktoru təyin edilən Naftali Bennet bu postu tutduğu bir neçə ayda investorların cəlb olunması sahəsində bir sıra uğurlara imza atıb. “Soluto” şirkəti 2013-cü ildə 130 milyon dollara “Asurio” şirkətinə satılıb.
Naftali Bennet İkinci Livan müharibəsindən (2006-cı il) sonra müxalifətdə olan Likud Partiyasının lideri Benyamin Netanyahunun ofisinə rəhbərlik edən Ayelet Şakedin dəvəti ilə bu komandaya qoşulub.
2006-2008-ci illərdə Likud Partiyasında qərargah rəhbəri postunu tutan Naftali Bennet 2007-ci ilin avqustunda Netanyahunun yenidən partiya lideri seçilməsi üçün aparılan kampaniyaya başçılıq edib.
Benyamin Netanyahu 2009-cu ildə hakimiyyətə gəlib, baş nazir seçilib və az sonra – 2010-cu ilin yanvarında Naftali Bennet Netanyahunun siyasətinə qarşı mübarizəyə qalxıb, bu mübarizənin önündə gedib.
2011-ci ilin aprelində “Mənim İsrailim” adlı parlamentdənkənar hərəkatın həmtəsisçisi olan Naftali Bennet 2012-ci ilin mayında Ayelet Şaked və briqada generalı, keşiş Avişaya Ronetski ilə birgə İsraillilər Partiyasını yaradıb. Ancaq az sonra hər üç şəxs yeni partiya ideyasını qırağa qoyub, dini yönümlü partiya olan Yəhudi Evi Partiyasına qoşulub. 2012-ci ilin noyabrında Naftali Bennet bu partiyanın sədri seçilib.
Həmin ay o, parlamentdəki “Milli Birlik” sağçı blokun deputatları Yaakov Kats və Uri Ariellə birgə növbəti seçkiyə vahid siyahı ilə qatılmaq barədə müqavilə imzalayıb. 2013-cü ilin fevralında Naftali Bennet ilk dəfə parlamentin deputatı seçilib, onun başçılıq etdiyi Yəhudi Evi Partiyası parlamentə ümumilikdə 12 mandat qazanıb.
Benyamin Netanyahunun 2013-cü ilin martında işə başlayan üçüncü hökumətində Naftali Bennet iqtisadiyyat naziri, dini məsələlər üzrə nazir postlarını tutub. Həmin il aprelin sonundan o, Qüds və diaspor işləri üzrə nazir olub.
Netanyahunun 2015-ci ilin mayında formalaşdırdığı dördüncü hökumətdə Naftali Bennet təhsil naziri, diaspor işləri üzrə nazir vəzifələrində çalışıb, 2019-cu il noyabrın 12-dən 2020-ci il mayın 17-dək isə müdafiə naziri olub.
2018-ci ildə Yəhudi Evi Partiyasını tərk edən Naftali Bennet Yeni Sağlar İttifaqının yaradıcılarından birinə çevrilib.
2019-cu ilin aprelində keçirilən seçkidə Bennet Yeni Sağlar İttifaqından parlamentə mandat qazanıb.
Aprel seçkisindən sonra İsraildə hökumət qurmaq mümkün olmayıb.
Sentyabrda yeni seçki keçirilib, amma yenə hökumət qurmaq alınmayıb.
2020-ci ilin mart seçkisində baş nazir Benyamin Netanyahunun Likud Partiyası ilə Beni Qantsın liderlik etdiyi müxalif blok önə çıxıb və Netanyahu ilə Qants hökumət formalaşdırıblar. Ancaq 2021-ci ilin büdcəsini qəbul edə bilmədiyi üçün dekabrın 23-də parlament buraxılıb.
2021-ci il martın 23-də növbədənkənar parlament seçkisi olub, qanunverici orqana 13 siyasi qüvvə düşüb. Likud Partiyası 120 nəfərlik parlamentə 30 mandat əldə edib, digər siyasi qüvvələr 4-17 arası yer götürüb. Hökumət qurmaq üçün 61 mandat lazımdır. Benyamin Netanyahunun koalisiya yaratmaq cəhdləri nəticəsiz qalıb, bundan sonra parlamentdə 17 mandatı olan Gələcək Var Partiyasının lideri Yair Lapidə mandat verilib. Onun qurduğu koalisiyaya Yeni Sağlar İttifaqı ilə yanaşı bir neçə qüvvə qoşulub.
2021-ci ilin iyun ayının 13-də İsrail parlamenti yeni hökumətin tərkibini təsdiqləyib. Baş nazir postuna Yeni Sağlar İttifaqının lideri Naftali Bennet gətirilib. Koalisiya razılaşması iki ildən sonra baş nazir vəzifəsinin Gələcək Var Partiyasının lideri Yair Lapidə verilməsini nəzərdə tutur.
Beləliklə, iyunun 13-dən sahibkar, siyasətçi və dövlət xadimi Naftali Bennet İsrailin baş naziridir.
O, iqtisadiyyatın liberallaşdırılmasına, vergi və bürokratik əngəllərin azaldılmasına tərəfdardır.
Naftali Bennet dindardır, yəhudi dininə etiqad edir.
İngilis dilində sərbəst danışır. Ailəlidir, dörd övladı var.
Baş nazir ailəsi ilə birgə Tel-Əviv ətrafındakı Raananada yaşayır.
скачать dle 12.1