Bia.Az

Ermənilərin ən dəhşətli röyası çin olur – “Bizim əvəzimizə artıq hər şey həll edilib!..”

Gündəm
 15-06-2021, 13:49     207

Ərdoğanın Şuşa səfəri şəkk-şübhəsiz, ən çox xain ermənilərə gözdağı olacaq. Mədəniyyət paytaxtımızda bir az sonra əldə olunacaq tarixi anlaşmalar, imzalanacaq sənədlər isə onların, öncəliklə radikal-revanşist çevrələrin və erməni lobbisinin, səmavi dinə heç bir dəxli olmayan erməni kilsəsinin Qarabağla bağlı bütün xülyalarının, hazırlanan məkrli planlarının üstündən çalın-çarpaz xətt çəkəcək.

Bunu özləri də yaxşı bilirlər. Erməni mediasında səfərlə bağlı qaldırılan vay-şivən buna sübutdur.
“Artıq Ermənistan üçün faciəyə çevrilə biləcək olay baş verir. Türkiyə prezidenti Ərdoğanın Azərbaycan səfəri başlayıb. O Ərdoğan ki, Şuşaya planlaşdırılan səfərini qabaqcadan elan eləmişdi və Şuşada Əliyevlə bir şeylər imzalamağı planlaşdırdırır. Adi yox, bütün bölgə üçün son dərəcə vacib şeylər. Əks təqdirdə Ərdoğan Bakıya ənənəvi səfərini şəxsən və öncədən uca səslə anons eləməzdi”.
Musavat.com-un məlumatına görə, bu barədə Armenianreport.com-un bugünkü redaksiya məqaləsində deyilir.

Yazıda daha sonra Ərdoğanın NATO-dakı yüksək səviyyəli son təmasların da istinad edilməklə Türkiyənin kollektiv Qərbin dəstəyi ilə Rusiyanı – Ermənistanın əsas qarant dövlətini Güney Qafqazdan sıxışdırıb çıxarmağa çalışdığı, hətta bu yöndə proseslərin Ankaranın xeyrinə həlledici mərhələyə girdiyi bildirilir.
“Bütün bunlar yunan mediasının məlumatları ilə üst-üstə düşür. Yunan mediasının yazdığına görə, Ərdoğan Cənubi Qafqazı Rusiyanın təsirindən çıxarmaq üçün NATO-dan dəstək tələb edəcək və Alyans ölkələri də Rusiyanın təhdidindən qorxduqları üçün Ankaranı dəstəkləyəcək. Bu, çox mühüm yenilikdir və ona nədənsə Ermənistanda diqqət yetirilmir. Bizim ölkəni hazırda mövcud və əvvəlki hakimiyyətlər arasındakı qarşıdurma öz ağuşuna alıb və bu, çox təhlükəlidir”, - deyə şərhdə qeyd edilir.
Müəllifin qənaətincə, Rusiyanın Cənubi Qafqaz bölgəsindən sıxışdırılması prosesi artıq başlayıb: “Ən vacibi isə Rusiyanın özünün buna razı olmasıdır. Daha doğrusu, Putin və ətrafının razılığı. Onlar praqmatistlər, iş çevirənlərdir. Onlardan ötrü yaşamı, azadlığı və aktivləri qorumaq daha vacibdir. Bütün bunlar isə yalnız kollektiv Qərbin iradəsindən asılıdır”.

Bu xüsusda yazıda Ermənistanın hazırkı baş nazir əvəzi Nikol Paşinyanın da Qərbin, doyasıyla Türkiyənin əlinə işlədiyi iddia olunur.
“Apaydındır ki, Paşinyan - Qərbin layihəsidir. Hansı ki, qarşıya qoyduğu hədəfə çatmaq üçün Paşinyanı vasitə kimi görür. Bu planlara qarşı isə Köçəryan çıxır. Digər oyunçular haqda məqsədli şəkildə danışmıram, çünki onlar heç nəyi həll eləmirlər. Köçəryan Qərbin planlarından və Putinin güzəştə getməyə hazır olmasından agahdır. Köçəryan da anlayır ki, Ermənistan artıq çoxdan bu oyunun oyunçusu deyil. O da sırf öz şəxsi problemlərini həll edir. Ümid edərək ki, Paşinyana qalib gəlsə, elə Paşinyanın eləməli olduğunu mütləq edəcək. Biz isə indi ən dəhşətli yuxumuzun artıq reallıq olması fikri ilə yaşamalıyıq. Buna biz müqavimət göstərmək gücündə deytilik. Artıq bizim əvəzimizə hər şey həll edilib” – məqalənin sonunda vurğulanır.
Məsələ də ondadır ki, Ermənistan müstəqil dövlət olmadığı üçün, ola bilmədiyi üçün heç vaxt həlledici söz sahibi olmayıb. Onun əvəzinə başqaları cavab və qərar verib. Konkret olaraq son 30 ildə bu ölkə Rusiya olub. Azərbaycan da elə Rusiya amilini xeyli dərəcədə neytrallaşdırdığı üçün uğurlu Vətən müharibəsinə başlayıb öz ərazilərini azad edə bildi.
Əgər ermənilərin ağası dəyişəcəksə, onda bu dəfə yeni “ağa” ilə anlaşmalı olacağıq. Hər necə olmasa, yenisi ilə dil tapmaq daha asan olar. Çünki “yeni ağa”nın – Qərbin bölgədəki əsas hərbi-siyasi müttəfiqi Türkiyədir. Bunu biriləri istəsə də, istəməsə də, Türkiyədən gizli-açıq şəkildə xoşlansalar da, xoşlanmasalar da.
Bölgədə Rusiyanı əvəzləyəcək tək dövlət Türkiyədir. Yaxşı mənada təbii ki. Bu xüsusda təkcə Qarabağın gələcəyi üçün yox, bütövlükdə bölgə üçün doğrudan da, çox böyük və tarixi gəlişmələrin astanasındayıq...
скачать dle 12.1