Bia.Az

“Daily Sabah”: Türkiyə türk dövlətlərinin lideri ola biləcəkmi?

Gündəm
 11-06-2021, 11:45     305

Novator.az saytı Türkiyənin ingilis dilində çıxan “Daily Sabah” qəzetində dərc edilmiş “Türkiyə türk dövlətlərinin lideri ola biləcəkmi?” başlıqlı məqaləni tərcümə edərək oxucuların diqqətinə çatdırır. Məqalənin müəllifi qəzetin yazarı İhsan Aktaşdır.

Türkün yolu Mərkəzi Asiya səhralarından başlanıb, Qərbəcən gedib çıxıb. Bu, təkcə türk köçünün tarixi deyil, həm də türk mədəniyyətinin, həyat tərzinin, musiqi və ədəbiyyatının Mavəraünnəhrdən Anadoluya, Balkanlara nüfuz etməsinin tarixidir.

Türk milləti daima bəşər tarixində taleyüklü rol oynayıb, bir tarixi dövrün başa çatandan sonra yeni və daha inkişaf etmiş tarixi dövrə qədəm qoymasında həlledici yerlərdən birini həmişə türklər tutublar.
Son 1500 ildə türk xalqları insan sivilizasiyası üçün geniş üfüqlər açıb. İslamı qəbul etmiş türklər bu dinin ən sadiq qəyyumlarına, qəhrəman bayraqdarlarına, mərd döyüşçülərinə çevriliblər.
Türklər təbiətin sərt üzünə görə öz məmləkətlərindən köçməyə başlayanda, Qərbə doğru irəliləyəndə yollarda həm imperiyaları dağıdıblar, həm də imperiyalar qurublar. Məmlüklərdən, Teymurilərdən tutmuş Səlcuq və Osmanlılara qədər yüz illər boyu türklər Avrasiya qitəsinə hökmranlıq ediblər.
Mən bu yazımda hazırda türk xalqlarının məskunlaşdığı torpaqlarda Türkiyə Cümhuriyyətinin artan nüfuzuna toxunmaq istərdim.
Dünyadakı hegemonluq
Soyuq müharibə başa çatanda ikiqütblü beynəlxalq sistem ABŞ-ın birqütblü hegemonluğu ilə əvəzləndi. Ancaq ABŞ 30 il dünyanın ağası rolunu oynayandan sonra beynəlxalq güc balansı dəyişməyə başladı.
Rusiyanın yenidən dünya arenasına çıxdığı indiki dövrdə Avropa əvvəlki əhəmiyyətini itirməkdə, Türkiyə isə beynəlxalq arenada regional gücə çevirilməkdədir. Ən əsas məqamlardan biri də odur ki, Çin qlobal gücə çevrilib.
Bu gün Çin təkcə ABŞ, Rusiya və Hindistan üçün deyil, türk dövlətləri üçün də təhlükədir. Türk dövlətləri geniş coğrafiyaya malik olsa da, demoqrafik baxımdan güclü deyil.
Çin Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi bir məqaləsndə yazıb ki, onun ölkəsi türk dövlətlərini çox asanlıqla öz təsiri altına ala bilər. Sabiq rəis mövcud durumun Çin üçün əlverişli olduğunu vurğulayıb.
Türk dövlətləri
Belə bir beynəlxalq situasiyada Türkiyə türk dövlətlərinin lideri olmalıdır. Azərbaycanla Ermənistan arasında ötən ilki müharibənin Azərbaycanın qələbəsi ilə bitməsi həm də Türkiyə ilə türk dövlətləri arasında yolun Naxçıvan vasitəsilə bərpa olunması deməkdir.
Çindən gələn təhlükə artdığına görə həm Rusiya, həm də ABŞ Türkiyənin bölgədəki təşəbbüsü ilə razılaşmaq məcburiyyətindədir.
Yumşaq gücə gəlincə, Türkiyə beynəlxalq arenada ən güclü dövlətlərdən biridir. O, Balkan, Orta Şərq və Şimali Afrika ölkələrində yaşayan türk xalqları üzərində siyasi və mədəni təsirini qoruyub saxlaya bilib.
Türkiyə ilə türk dövlətləri arasında davamlı həmrəyliyin formalaşması regional və beynəlxalq dinamika baxımından həm zəruri, həm də qaçılmazdır.
NATO-nun iyunun 14-də Brüsseldə keçiriləcək sammitində ABŞ prezidenti Cozef Baydenlə Türkiyə prezidenti Rəcəb Teyyib Ərdoğanun görüşü gözlənir.
ABŞ-Türkiyə danışıqlarında Bayden Türkiyənin artan yumşaq gücünü və onun Çinlə rəqabətdə əhəmiyyətini nəzərə almalıdır.
İhsan Aktaş
Mənbə: Dailysabah.com
скачать dle 12.1