Bia.Az

KOR ATIN KOR DA NALBƏNDİ OLAR

Gündəm
 31-05-2021, 15:35     232

Əziz Ələkbərli, 
Milli Məclisin deputatı

“Kor at” deyəndə mən təkcə 30 il bundan əvvəl xarici havadarlarının köməyi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal edən Ermənistanın o vaxtkı dövlət başçısı, daşnak Ter-Petrosyanın bir gözünün kor olmağını nəzərdə tutmuram. Onunku anadangəlmə korluqdur və bu korluq onun siyasi hakimiyyəti dövründə də özünü göstərdi.
Mən, “kor at” deyəndə təkcə Azərbaycana və azərbaycanlılara nifrətdən kor olmuş Qarabağdan olan erməni siyasilərini – Köçəryanları, Sarkisyanları, Arayikləri nəzərdə tutmuram, onlar kor olmaqdan daha çox nankordurlar, yaxın keçmişdə Qarabağ kimi cənnət məkana köçürülüb burada isti yuva tapdıqlarını, azərbaycanlıların “kirvə” deyib onlara qucaq açdıqlarını çox tez yaddan çıxardılar.
Mən, “kor at” deyəndə təkcə ermənilərin Sero Xanzadyan, Silva Kaputikyan, Zori Balayan kimi “ziyalılarını” da nəzərdə tutmuram, “ziya” – “işıq” deməkdir, onların isə təkcə düşüncələrinə yox, ruhlarına da qaranlıq, zülmət çökmüşdü, hər şeyi qara keşişlərinin əynindəki qara libas kimi qapqara görürdülər, hamısı dönüb olmuşdu “qara donlu kafir”.
Mən, “kor at” deyəndə təkcə erməni xalqını da nəzərdə tutmuram, hərçənd ki, yaxşı bilirəm ki, Nuha, Adəm peygəmbərə qədər uzadılmış erməni nağıllarına inandırılmış bu toplum o qədər kor edilib ki, heç vaxt burnundan o yanı görməyib, indi də görmür və heç vaxt da millət olmayıblar, onlar 2500 il əvvəl Urartunun, Assuriyanın qul koloniyalarından çıxaraq sonralar kilsə ətrafına toplanmış yetmiş iki millətin qarışığından ibarət hibrid bir dini icmadırlar, indi də belə olaraq qalırlar. Günah onlarda deyil, günah yox yerdən onlara dövlət yaradıb, it kəlləsini xonçaya qoyanlardadır, çünki dövlət tarixi təkamül və tarixi zərurət nəticəsində yaranar. Ermənilər birdən-birə göydən düşən bu “hədiyyəyə” hazır deyildilər və bu “uğur” onları kor elədi, cumub hər tərəfdən Azərbaycan torpaqlarını daha çox işğal etməyə başladılar. Koramal kimi burunlarını hər deşiyə soxdular və cəzalarını da aldılar.
Bəli, mən, “kor at” deyəndə ayrı-ayrılıqda bunların heç birini nəzərdə tutmuram, mən, “kor at” deyəndə onların hamısını bir yerdə nəzərdə tuturam.
Bir də var “kor atın kor nalbəndi” məsəli. 30 il ərzində Azərbaycan münaqişənin sülh və diplomatik üsullarla həll olunması üçün bütün lazımi addımları atdı. Azərbaycan çox çalışdı ki, münaqişəni sülh yolu ilə həll etsin. Lakin təəssüf ki, kor erməniləri düşdükləri bu kor quyunun dibindən çıxarmaq əvəzinə havadarları onların kəndirini hər dəfə kəsdilər. 30 ilə yaxın davam edən danışıqlar müddətində işğalçıya bir dəfə də olsun təzyiq göstərmədilər, “bu yolun sonu yoxdur, durun, qayıdın” demədilər, əksinə, problemin müsbət həlli üçün mümkün olan bütün maneələri yaratdılar.
Ermənilər elə bildilər ki, dünən onların cırtdan boyuna dövlət biçənlər bu gün də onların əyninə qızıl don biçəcəklər, amma tərsinə oldu, “boylarına xam ip ölçdülər” və əyinlərinə kəfən biçdilər. Ermənilər anlamadılar ki, hər dövlətin öz dövlət marağı var və bu maraq hər dəfə erməninin maraqları ilə üst-üstə düşməyə bilər, necə ki, bu dəfə düşmədi. Bu dəfə Minsk Qrupunun macəra həvəskarı olan üç muşketyoru ilə Dartanyanın maraqları nəinki üst-üstə düşmədi, həm də millətlərarası və dövlətlərarası bütün münasibətləri korladı.
Başqa sözlə, kor nalbənd kor atın ayağını da kor qoydu. Necə deyərlər, “kor kora baxdı, özünü oda yaxdı”. Burada “baxmaq” sözü “görmək” anlamında deyil, çünki kor görməz, burada “baxmaq” sözü “qulaq asmaq” anlamındadır.скачать dle 12.1