Bia.Az

“ERMƏNİSTAN BÖYÜK SƏHV ETDİYİNİ BAŞA DÜŞÜR...” - “Münaqişə bitib, gələcəyə baxmalıyıq”

Siyasət
 21-05-2021, 13:09     252

"İkinci Qarabağ müharibəsi bölgədəki vəziyyəti kökündən dəyişdirib. Bu hadisələr dəyişikliyə ehtiyac yaradıb".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri" adlı videoformatda müzakirələr zamanı çıxışında deyib.
Tədbiri açan dövlət başçısı bu mövzuda müzakirələr təşkil etdiyinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edib: “Cənubi Qafqazda köklü dəyişikliklər baş verib və yeni vəziyyət yeni yanaşmalar tələb edir”.
Azərbaycan Prezidenti bildirib ki, İkinci Qarabağ müharibəsi regionda vəziyyəti kökündən dəyişdirib: "İşğal bitməyənə və ərazilərimiz geri qaytarılmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyimizə dair mövqeyimizi açıq şəkildə bildirmişik. Ermənistan özü də böyük bir səhv etdiyini və vaxt itirdiyini başa düşür".
"Ermənistandakı bugünkü vəziyyətə baxsaq, bunun Ermənistanın müstəqil dövlətə çevrildiyi dövrdən daha pis olduğunu görə bilərik. Ermənistanın ordusu qalmayıb, o, tamamilə məhv edilib” - deyə, Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı bildirib ki, Ermənistanda davamlı siyasi böhran hökm sürür, cəmiyyətdəki yüksək inamsızlıq səviyyəsi, qarşılıqlı ittihamlar, bəzi erməni siyasətçilərinin ritorikası qəbul verilən bütün çərçivələri aşır.
"Onlar vaxt itirdilər, enerji layihələri və nəqliyyatın inkişafı çərçivəsində Azərbaycanın təşəbbüsləri xaricində qaldılar, işğal etdikləri və heç tarixən və ya beynəlxalq hüquqa görə onlara aid olmayan əraziləri itirdilər”, - Azərbaycan Prezidenti deyib.
Dövlət başçısı deyib: “İkinci Qarabağ müharibəsi regionda yeni reallıq yaradıb. Bu baxımından bugünkü müzakirələrin mövzusu çox aktualdır. Ermənistan dövlətində böhran hökm sürür. Ermənistan özünü regionda həyata keçirilən bütün layihələrdən məhrum edib. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları azad edib. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra regionda yeni reallıq yaranıb”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın lider ölkələrindən biri kimi həmin bəyanat çərçivəsində region ölkələrinin əməkdaşlığı üçün bir çox mühüm təklif və təşəbbüslər irəli sürüb. Bunlara nəqliyyat və kommunikasiyaların açılması, digər əməkdaşlıq imkanları daxildir.
“Biz qonşular kimi yanaşı yaşamalıyıq. Əlbəttə, bu, asan olmayacaq. Bu gün siyasətçilərin rolu sülh və sabitliyin yalnız əməkdaşlıq və təmaslar vasitəsilə mümkün olduğunu insanlara izah etmək olmalıdır”, - dövlət başçısı əlavə edib.
“Dağlıq Qarabağ münaqişəsi bitib və həll edilib. Gələcəyə baxmalıyıq” - İdeyə, İlham Əliyev çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, 30 illik işğala və azad edilmiş torpaqlarda böyük miqyaslı dağıntılara və xarabalıqlara baxmayaraq, Azərbaycan gələcəyə baxmağa, inteqrasiya olunmuş Cənubi Qafqazın bir hissəsi kimi gələcəyi planlaşdırmağa hazırdır: “Ümid edirik ki, Cənubi Qafqazdakı fəal əməkdaşlıq və inteqrasiya barədə danışa biləcəyimiz vaxt gələcək. Bu arada biz kommunikasiya və nəqliyyat dəhlizlərinin açılması ilə əlaqədar bir sıra vacib təklif və təşəbbüslər irəli sürmüşük ki, bunlar da 10 noyabr 2020-ci il tarixli birgə bəyanatda əks olunub. Deyə bilərəm ki, bu layihənin icrası üzərində iş artıq başlayıb. Azərbaycan artıq bunun üçün texniki və maliyyə resursları ayırıb. Zəngəzur dəhlizi açılanda o, bölgədəki bütün ölkələr üçün yeni imkanlar açacaq”
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan bu əməkdaşlığa, ortaq gələcəyi planlaşdırmağa hazırdır: “Çünki biz qonşuyuq, istəsək də, istəməsək də yan-yana yaşamalıyıq, yenidən birlikdə yaşamağı öyrənməliyik. Bu, asan deyil, emosiyalar var. Xüsusilə Azərbaycan vətəndaşları bu torpaqları ziyarət edəndə və dağıntıların miqyasını görəndə onların duyğularını təsəvvür edə bilərsiniz. Ancaq siyasətçilərin rolu öz gündəmlərini müdafiə etmək, bölgədə sabit inkişafa, sülhə və rifaha nail ola biləcəyimizi izah etməkdir”.
“Əminəm ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mümkündür, lakin bunun üçün Ermənistan tərəfindən siyasi iradə çatmır” - deyə, Prezidenti İlham Əliyev bildirib.Ancaq başa düşürəm ki, bu gün Ermənistanda kimsə Azərbaycanla sülh müqaviləsindən danışmağa başlayırsa, bu, onun populyarlığını artırmayacaq. Ancaq ölkə rəhbərləri siyasi karyeralarını deyil, dövləti düşünməlidirlər”, - dövlət başçısı bildirib.
İlham Əliyev sülh müqaviləsinin ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutduğunu vurğulayıb.
Prezident qeyd edib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır və təbii ki, öz növbəsində, Ermənistan da Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanımalıdır: “Qarabağ Azərbaycanın ərazisidir. Buna heç bir şübhə yoxdur. Belə olub və olacaq da. Onlar Dağlıq Qarabağın statusu barədə danışmaq cəhdlərindən əl çəkməlidirlər. Bu, müzakirə mövzusu deyil”.скачать dle 12.1