Bia.Az

AZƏRBAYCAN ƏSGƏRLƏRİ ZƏNGƏZURDA POST QURDU - "Türklər istədiklərinə nail oldular" (Yenilənib)

Siyasət
 17-05-2021, 14:32     356

Qaragöl və Zəngəzur istiqamətindəki digər ərazilərdə öz sərhədlərinin bərpası məqsədilə Azərbaycanın atdığı addımlar Ermənistanı qarışdırmaqda davam edir. Bir neçə gündür tərəflər arasında davam edən danışıqlarda Qarabağdakı Rusiya sülhməramlı kontingentinin rəhbəri general Rüstəm Muradovun da iştirak etdiyi biuldirilir.

“AzPolitika.info” xəbər verir ki, Ermənistan mətbuatında sərhəddə yaranmış gərginliklə bağlı aparılan danışıqların nəticələrinə dair ziddiyyətli xəbərlər yer almaqdadır. Məsələn, iddia olunur ki, danışıqlar nəticəsində Azərbaycan hərbçilərinin 2 km geri çəkilməsi (3,5 km irəlilənmişdi), Azərbaycan Ordusunun 60 hərbçisinin qalacağı 3 müşahidə postunun yaradılacağı gözlənilir. Habelə, Azərbaycan hərbçilərinin mövqeləri erməni yaşayış məntəqələrinin yaxınlığında yerləşməyəcək. Erməni KİV-ləri onu da iddia edirlər ki, Azərbaycan tərəfi müəyyən şərtlər irəli sürüb, lakin media hələ bunlardan xəbərsizdir.
Ermənistandakı rəsmi mənbələrsə hələlik susur. Ancaq sərhəddəki Verin Akner yaşayış məntəqəsinin icra nümayəndəsi Spartak Minasyan danışıqlar zamanı gərginliyin aradan qaldırılması üçün Azərbaycan hərbçilərinin müvəqqəti olaraq bir qüədər geri çəkilməsinin, lakin sonradan mövqelərinə qayıdaraq, postlar quracaqlarının razılaşdırıldığını bildirib...

Zəngəzurdakı Kut kəndinin icra nümayəndəsi Sima Çityan isə heç nəyin dəyişmədiyini, Azərbaycan hərbçilərinin kəndin lap yaxınlığında yerləşdiyini bildirib: “Onlar(Azərbaycanlılar-red.) yuxarıda oturublar, biz isə aşağıda. Otlaq sahələri düşmənin yerləşdiyi mövqelərin lap yaxınlığında olduğu üçün heyvanları oraya çıxarmaq təhlükəlidir. Məktəbimiz hərbçilərə verilib, ola bilsin ki, dərslər keçirilmədi. Biz iki müharibə görmüşük, lakin hələ belə bir vəziyyətlə rastlaşmamışıq.”
Ölkədəki siyasi qüvvələrin də sərhəddə baş verənlərə münasibəti fərqlidir. Ümumi mənzərə gərginliyin aradan qaldırıldığına və məsələnin Ermənistanın maraqlarına qismən də olsa uyğun həll edildiyinə fokuslanıb. Xüsusilə də hakim siyasi qüvvə bu cür təəssürat yaratmağa çalışır. Lakin sərhədlə bağlı danışıqları və ortadakı nəticələri Ermənistanın növbəti məğlubiyyəti və ərazi itkisi kimi qiymətləndirənlər də az deyil.

Belə ki, Ermənistanın sabiq Baş naziri Qrant Baqratyan Azərbaycanın növbəti dəfə istəyinə nail olduğunu və Nikol Paşinyanın yenə torpaqları təhvil verdiyini iddia edib: “Birgə postların yaradılacağı ilə bağlı informasiya var. Başqa sözlə, türklər istədiklərinə nail oldular. Onların bizim ərazilərimizdə postları olacaq. Bununla yanaşı, demarkasiya aparılana qədər “3.2.3.2” hündürlüyü də onların əlində qalacaq. Hətta toyuq beyinli insanlar da anlayırlar ki, yaxın illərdə Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya olmayacaq. Bu proseslər yalnız onlar(Azərbaycan-red.) Süniki(Zəngəzur-red.) tam “yeyəndən” sonra başlayacaq. Onlar bizim ərazimizdə özümüzün qanuniləşdirdiyimiz razılaşma əsasında yerləşiblər. Torpaqları təhvil verən kapitulyant (N.Paşinyan-red.) yenə təhvil verdi.”
Baqratyan prezident Armen Sarkisyanı da sərt tənqid edərək, onu birbaşa öz vəzifəsilə deyil, ailəsinin biznesilə məşğul olmaqda günahlandırıb. Həmçinin, müxalifətin də bir hissəsinin problemin guya həll olunduğuna dair bəyanatlarını doğru saymayan sabiq baş nazir onları “tullanmamış hop etməkdə” suçlayıb.
Göründüyü kimi, rəsmi açıqlama verilmədiyindən, sərhəddəki problemlərlə bağlı danışıqların nəticələrinə dair ziddiyyətli xəbərlər və mövqelər var. Ancaq istənilən halda, Azərbaycanın öz prinsipial mövqeyindən əl çəkməyəcəyi və sərhədlərini beynəlxalq hüququn tələblərinə uyğun bərpa edəcəyi Ermənistanda da şübhə doğurmur.скачать dle 12.1