Bia.Az

Ölümü şeirlərində gözəlləşdirən ŞAİR!

Cəmiyyət
 27-04-2021, 00:46     1 110

Sərvər Şahbəyli! Bu insanı sizlərə necə təqdim edim, bilmirəm. Aktyormu, ssenaristmi, bədii qiraət ustasımı, yoxsa şairmi. Sadaladıqlarımdan hansını bu adamın adının qarşısında yazsam, tam yerinə oturmuş olacaq. Adam adam kimi başdan-ayağa istedad idi. Allah sevdiyindən bu adama böyük ürək, tükənməz enerji, ən əsası da istedad vermişdi. Və bəlkə də elə sevdiyindən öz dərgahına tez apardı. Axı deyirlər Allah sevdiyi bəndələrini öz dərgahına tez aparır. Şeirlərinin birində yazmışdı:
Dünyanı bilmişəm daha,
Ağlayıb gülmüşəm daha,
Ölməksə ölmüşəm daha - 
Bu yol hara gedir belə?

1962-ci ilin aprel ayının 15-də Şirvan torpağının dilbər guşəsi olan Ağsu rayonundan başlanan bu yol onu arzularının qanadında incəsənət aləminə gətirdi. Onun gedəcək yolu, ona böyük istedad verərək  Tanrı özü seçmişdi. «Avtoportret» şerində yazırdı:
Mən Tanrının övladıyam,
Mən göylərdən uçub gəldim.
Asimanı ulduz-ulduz,
Bulud-bulud keçib gəldim.

Bu Tanrı övladı Göylərdən asimanı ulduz-ulduz, bulud-bulud keçib gəldiyi Yer adlı planetdə onu nələrin gözlədiyini bilmədən gəlmişdi. Bəli, o, göylərin adamı idi. Çünki ömrünün sonuna kimi yerdəkilər onu anlaya bilmədilər. Ətrafındakılar insanı başa düşməyəndə, bu dünyada yaşamaq o insan üçün çox, çox və çox çətin olur. Mən Türk dünyasında sevilən və sevilərək də oxunan böyük şairimiz Rüstəm Behrudiyə həsr etdiyim bir şeirimdə yazmışdım:
Sən Göy adamısan, Göydən gəlmisən,
Yerdəki bəndələr Səni anlamaz.
Yerdə yaşayanla, Göydən gələnin,
Dərdləri-sərləri bil, eyni olmaz.

Bəli, Yerdə yaşamağına baxmayaraq, ruhu göylərdə qalan insanlar üçün yaşamaq çox çətin olur. Sərvər Şahbəyli də belə bir dünyanı, belə bir yaşamı qəbul etmirdi. Dürüst olmaq, dosta sədaqətli olmaq, nəinki dostlarına, hətta bir dəfə bir məclisdə görüşdüyü insanlara belə kömək etmək onun yaşam tərzi idi. Ancaq aramızda bu dürüstlükdən istifadə edən çürük insanlar da az deyil. Və təəssüf ki, cəmiyyətimiz belə insanları tez qəbul edir, nəinki, dürüst olanları. Sərvər Şahbəyli belə insanları sevmirdi, qəbul etmirdi:
Qananların qanın tökdü,
Qanmazlar dövranın çəkdi.
Pak ürəklərdə dərd əkdi,
Çürükləri sevdi dünya.

O, gələndə bu dünyada əbədi qalmağa gəlmişdi. Mənim fikrimcə, Sərvər Şahbəyli əbədi qalmaq istədiyi dünyada öz şeirləri, şeirlərinə yazılan mahnıları ilə, bu şeirləri, mahnıları dinləyərək onu duyan və yaxından tanıyan dostlarının yaddaşlarında əbədiləşə bildi. Bu gün onun 200 şeirinə yazılmış mahnılar səslənəndə (təəssüflər olsun ki, bəzi müğənnilər Sərvər Şahbəylinin haqqına girərək çox vaxt mahnının sözlərinin ona məxsus olmasını qeyd etmirlər), ssenarisi əsasında çəkilmiş dörd seriyalı "Əlvida" filmi nümayiş olunanda, el şənliklərində şeirləri oxunanda onun xalqın yaddaşında əbədiləşdiyinə əmin olursan.
Gəlmişəm qalam dünyada,
Əbədi olam dünyada,
Mən özüm yolam dünyada,
O dünyadan köçüb gəldim.

Qədim Göy Türklərdə belə bir deyim var: yol bitdi, yaşam bitdi. Bəziləri bu deyimi bir neçə formada izah edirlər. Mən isə bunun bir mifoloji deyim olduğunu düşünürəm. Yəni, insan doğulduğu andan özünə doğru müxtəlif zaman kəsiyində yol gəlir və özünə çatdıqda yol bitir. Bəziləri özünə doğru bu yolu 40 il, bəziləri 50 il, bəziləri 80 il gedir. Yol bitdiyi anda isə insan özünə qovuşur və yaşam bitir. Yəni, insan dünyasını dəyişir. Sərvər Şahbəyli isə özünə doğru 54 il yol gəldi. 1962-ci ildə özünə çatmaq üçün çıxdığı yol 2016-cı ildə bitdi. Bu bir insan ömrü üçün çox az, bir şair ömrü üçün isə bir az çox idi. Çünki şairlər dünyanı başqa rəngdə görürlər, başqa cür duyurlar. Ətrafda olan insanlar isə çox vaxt onları anlamaq istəmirlər. Bu da onlara iztirab verir. Bu iztirab sevgi üçün də ola bilir, maddi və ruhi sıxıntıdan da ola bilir. Çəkilən bu iztirablar ömrü qısaldır. Və maraqlıdır ki, şairlər öz ölümlərini hamıdan tez hiss edirlər. Tanıdığım şairlərdən bəziləri ölümlərindən bir az qabaq ÖLÜMə şeirlər həsr ediblər. Bizim dostumuz Sərvər Şahbəyli kimi:                                               
Xoş gəlmisən aparmağa,
Qadan alım, gözəl Ölüm.
Bir gün gözəl yaşamadım,
İcazə ver, gözəl Ölüm.

Qoy dostlarımla görüşüm,
Sağ ol deyim son nəfəsdə.
Çox deyildi əsil dostlar,
Çox gözləməz son nəfəs də.

Kim dünyadan nə aparıb,
Qalan kəslərə əlvida,
Nəğmələrə, sevgilərə,
Şirin səslərə əlvida.

Ağlamasın kimsə məni,
Mən göz yaşına dəymərəm.
Nə etdim ki, Vətən üçün,
Qara daşına dəymərəm.

Xoş gəlmisən, gözəl Ölüm,
Dünya məhkum təzadlığa.
Gəl bu qəddar zamanədən
Çıxart məni azadlığa.


Allah Sənə rəhmət eləsin, Ölümü şeirlərində gözəlləşdirən ŞAİR!

Seymur Şeydayevскачать dle 12.1