Bia.Az

“İPƏ-SAPA YATMAYAN İVAN...” - Putin küncə sıxışdırıldıqca, bütün əndazələri aşır

Gündəm
 23-04-2021, 12:38     623

Hələ 1956-ci ildə macarlar, 1968-ci ildə isə çexlər ölkələrinə soxulan rus qoşunlarına qarşı kütləvi etiraz aksiyalarında “İVAN, İDİ DOMOY” şüarını səsləndirirdilər. Sonradan bu şüar digər ölkələrdə də istifadə olundu. Ancaq nə o vaxt, nə ondan əvvəl, nə də sonra İvan soxulduğu, işğal etdiyi torpaqlardan, ölkələrdən öz xoşu ilə çıxmadı. Yalnız güc, təzyiq, zorakılıq dilini anlayan Rusiya iflasın, məğlubiyyətin, müflisləşmənin, çöküşün kandarına çatmamış geri çəkilmədi.

Elə indi də əslində ağır günlərini yaşayan bu imperiya təfəkkürünün hakim olduğu dövlət sanksiyalar, təzyiqlər, iqtisadi, sosial, demoqrafik və s. çətinliklər səbəbindən küncə sıxışmış halda olsa da, Ukraynadan Moldovaya, Suriyadan Liviyaya, Gürcüstandan Azərbaycana kimi, nə qədər “İvan, idi domoy” deyilsə də, heç cür “ev-eşiyinə yığışmaq”, “ipə-sapa yatmaq” istəmir...
Vladimir Putin Federal Məclisə son müraciətində bir daha Rusiyanın nə beynəlxalq hüquq, nə dövlətlər arasında bərabərhüquqlu münasibətlər, nə də adi etik davranışlar kimi anlayışlara məhəl qoymadığını göstərmiş oldu. Kriminal küçə leksikonundan istifadə etməkdən heç vaxt utanmayan Rusiya Prezidenti onu küncə sıxışdıran ABŞ-ı, həmçinin bir vaxtlar Moskvanın öz arxa bağçası hesab etdiyi, lakin sonradan NATO-ya qoşulan, indi isə Rusiyanın aqressiv davranışlarına etiraz edən və hazırda onunla diplomatik qalmaqal yaşayan Çexiya və Polşa kimi ölkələri, hətta Ukraynanı nəzərdə tutaraq, deyib: “Mən artıq demişəm ki, gah burada, gaha da orada heç bir səbəb olmadan Rusiyaya yapışırlar. Əlbəttə, onların ətrafında dərhal Şirxanın ətrafındakı kimi hər cür kiçik Tabaki (çaqqal) fırlanır. Hər şey Kiplinqdəki (məşhur yazıçı-red.) kimidir. Öz suverenlərini (“öz ağaları” mənasında deyir – red.) razı salmaq üçün züy tuturlar”.

Göründüyü kimi, SSRİ-nin dağılmasını “20-ci əsrin böyük geosiyasi fəlakəti” adlandıran Putin özünü müasir, sivil bir ölkə başçısından daha çox həm imperiya başçısı, həm də kriminal avtoritet kimi apararaq, onun yanında olmayanları hər cür ifadə ilə təhqir və təhdid etməkdən çəkinmir. Ardınca hədə-qorxu gələrək deyir ki, kimsə Rusiyanın “xoş məramını” laqeyidlik və ya zəiflik kimi qəbul edərsə və "körpüləri yandırmağa, hətta uçurmağa hazırdırsa, Rusiyanın cavabının asimmetrik, sürətli və sərt olacağını bilməlidir”. Əslində isə Rusiya və “xoş məram” anlayışlarının Putinin dililə desək, asimmetrik olduğunu dünyada bilməyən yoxdur...
Rusiyanın beynəlxalq hüquq, qonşularıyla münasibətlər, ölkələrin suveren haqları, ərazi bütövlüyünün toxunulmazlığı kimi məsələlərdə bütün yazılan və yazılmayan qanunları pozmasını, bütün əndazələri aşmasını isə Putinin aşağıdakı fikri olduqca çılpaq şəkildə ortaya qoyur: "Ümid edirəm ki, heç kim Rusiyanın “qırmızı xəttini” keçməyi düşünmür. Bu xəttin hər bir konkret halda harada olacağını biz özümüz(!) müəyyən edəcəyik".
Bu, o deməkdir ki, Rusiyanın həmin bu “qırmızı xətti” özünün kefi istədiyi yerdən, məsələn Ukraynanın, Gürcüstanın, Moldovanın, Pribaltika ölkələrinin, yaxud Azərbaycanın ərazisindən keçə bilər, necə ki, keçir də. Və belə görünür ki, dünyanın hansısa münaqişə nöqtəsində, indiki halda, məsələn, Ukraynada “burnu əzilməyincə” də bu “qırmızı xətt” hədə-qorxularından vaz keçməyəcək...
Əslində, Azərbaycana öz suveren sərhədlərinin bərpasına, Qarabağın separatçılardan tam təmizlənməsinə imkan verilməməsi, ordumuzun Xankəndinin kandarında dayandırılması, ərazimizə, “İsgəndər-M” də daxil olmaqla, raket zərbələrinin endirilməsi, daha sonra ölkəmizin buna aydınlıq gətirilməsilə bağlı müraciətinə Rusiya Müdafiə Nazirliyi səviyyəsində açıq yalandan ibarət saymazyana cavab verilməsi, həmçinin sülhməramlı adı altında torpaqlarımıza soxulan rus ordusunun davranışları və s. Rusiyanın Azərbaycandakı həmin bu “qırmızı xətti”i barədə dolğun təsəvvür yaradır.
“Strateji tərəfdaş” adlandırdığı ölkədə özünü işğalçı kimi aparan Rusiya öz niyyətlərini bəzən heç gizlətmir də. Əksinə, məsələn, Qarabağda sülhməramlı adı altında yerləşdirilən kontingent həmin torpaqlarda əməli-başlı hərbi administrasiya yaradaraq, ərazinin idarə edilməsini həyata keçirir. Artıq özünü Qarabağın qubernatoru kimi aparan general Rüstəm Muradovun rəhbərlik etdiyi həmin bu administrasiya əsl hakimiyyət strukturuna çevrilib. Bu administrasiya tikinti, abadlıq işləri aparır, ermənilərin sosial problemlərini həll edir, hətta onların vaksinasiyasını da həyata keçirir, bir sözlə, bildiyimiz hakimiyyət funksiyalarını yerinə yetirir.

Muradovun Qarabağa gəldiyi ilk günlərdə Araik Arutunyanla “öpüşüb-sevişməsinə” baxmayın, artıq Arutunyan-marutunyan vecinə alan, onun guya rəhbərlik etdiyi oyuncaq qurumu heç oyuncaq kimi də qəbul edən, kəsəsi, onu “it yerinə də qoyan” yoxdur. Sadəcə, “qubernator” Muradov hərdən Moskvadan aldığı tapşırıq əsasında qondarma rejimdə “vəzifə” verdikləri Xocalı qatillərindən olan Vitali Balasanyanı çıxarıb Azərbaycanın üstünə hürdürür, vəssalam.
Bununla yanaşı, Rusiyanın Kreml yandaşı olan KİV-ləri, bir çox rəsmi şəxsləri, deputatları, həmçinin “sülhməramlıların” rəhbər heyəti də işğal altında qalan ərazimizi “Artsax” adlandırır, Xankəndiyə Stenapakert deyir. Mayın 9-da Xankəndidə hərbi parad keçiriləcəyinin bəyan edilməsi də Rusiyanın qonşularına və “sülhməramlı missiya” anlayışına münasibətinin təzahüründən, Azərbaycana psixoloji təzyiq və Qarabağda kimin ağalıq etdiyinin nümayişindən başqa bir şey deyil. Hələ 4 il əvvəl Lavrov “Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil” demişdi. Elə indi də həmin fikirdə olduğunu gizlətmir. Putinsə müharibə günlərində Qarabağın Azərbaycan ərazisi olduğunu desə də, öz “sülhməramlılarını” oraya yeridəndən sonra həmin ərazi Putinin dilində çevrilib oldu “Rusiya sülhməramlılarının məsul olduğu ərazi”...
Bu mövzuya toxunarkən, Rusiya cəmiyyətindən də bir neçə kəlmə deməsək, olmur. Bu, o cəmiyyətdir ki, “Çar uğrunda” deyib qanlı döyüşlərə qatıldı, sonra da Çarı və ailəsini amansızcasına qətlə yetirdi. Ardınca Leninə “sonsuz sevgisini” ifadə etdi, sonra da ona güllə atdı. Daha sonra Stalini sevdi, “Stalin uğrunda” deyib ölümə getdi, müharibədə qələbə qazandı. Ölümündən sonra isə Stalini xain çıxardı və sair...
Belə bir cəmiyyətin, mentalitetin, düşüncənin Putinə “sitayişi” də sürüşkən olmaya bilməz. Bunun nəticəsidir ki, artıq Navalnının həbsinə etiraz aksiyalarında Putinin ünvanına deyilməyən təhqir, ittiham qalmayıb. Və bu ittihamların çoxuyla razılaşmamaq da olmur...

Son günlər getdikcə artan və Putin hakimiyyətinin sıxışmasında, təntiməsində xüsusi yer alan həmin aksiyalarda olduqca maraqlı şüarlara rast gəlinir. Məsələn, “Stariçok, vıpey naviçok!”, yəni “qoca, naviçok iç”. “Naviçok” deyərkən, Rusiya xüsusi xidmət orqanlarının hakimiyyətin rəqiblərini zəhərləmək üçün istifadə etdiyi ölümcül kimyəvi maddə nəzərdə tutulur. “Qoca” isə Putindir. Həmin aksiyalarda, həmçinin “Putin qatil” və “Putinsiz Rusiya” kimi şüarlar da səsləndirilir. Xüsusilə də son şüarda çatdırılan fikir əslində etiraza qalxan rusiyalılarla yanaşı, Rusiyanın qonşularının, eləcə də az qala bütün dünya birliyinin ürəyindən xəbər verir.
Çünki bəlkə Rusiyaya korrupsiyadan, oğurluqdan, talançılıqdan, kriminaldan, özbaşınalıqdan və s. neqativlərdən uzaq, qonşularına və dünya birliyinə hörmətlə yanaşmağı bacaran, beynəlxalq hüquqa riayət edən bir rəhbər gəlsə, bu ölkənin də canı qurtarar, elə bizim də. Ancaq bunun nə zaman baş verəcəyini və ümumiyyətlə baş verib-verməyəcəyini söyləmək çox çətindir...“AzPolitika.info”

BİA.AZ
скачать dle 12.1