Bia.Az

Navalnıya xəbərdarlıq edilib

Dünya
 14-04-2021, 09:42     359

Hazırda həbsdə aclıq aksiyası keçirən rusiyalı müxalif lider Aleksey Navalnı məcburi qidalandırılacağı haqda xəbərdarlıq alıb. Navalnı və tərəfdarları bunu təzyiq, hədə-qorxu kimi qiymətləndirir.

Novator.az bildirir ki, bu barədə açıqlama məhbus siyasətçinin “Twitter” hesabında yerləşdirilib.
Açıqlamada deyilir: “Həbsxana rəhbərliyi aclıq aksiyasının fəsadlarını nəzərə alaraq Navalnını hər gün zorla qidalandıracağı ilə hədələyir”.
Navalnı mart ayından aclıq aksiyası keçirir. Siyasətçi zəruri tibbi müalicədən məhrum olunmasına etiraz edir.
“Twitter” hesabında yerləşdirilən açıqlamada deyilir ki, məhbus siyasətçı aclıq aksiyasına başlayandan 8 kilo arıqlayıb. Həbs olunandan bəri isə onun ümumən 15 kilo çəki itirdiyi bildirilir.
Aclığa başlamazdan əvvəl Navalni kürəyində güclü ağrıların olduğundan şikayətlənmişdi. Məhbus siyasətçi bel ağrılarının onun bir ayağına vurduğunu, o biri ayağının isə uyuşduğunu bildirmişdi.
Navalnı həbsxana gözətçilərinin gecə saatlarında onu tez-tez oyatmasından və yuxu işgəncələrinə məruz qalmasından da şikayət etmişdi.
Aleksey Navalnının “Twitter” hesabında yayılan başqa bir məlumatda deyilir ki, məhbus siyasətçi tibb məntəqəsindən cəzaçəkmə müəssisəsinə qaytarılıb və həkim müayinəsinə buraxılmır.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib.
Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib.
Hazırda Aleksey Navalnı Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir.
O, 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzalarına məhkum edilib.
2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Aleksey Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
2021-ci il yanvarın 17-də Almaniyadan vətənə dönən Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub.
Fevralın 2-də Moskvanın Simonov Rayon Məhkəməsi Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmü Cəzaların İcrası üzrə Federal Xidmətin iddiası əsasında çıxarılıb.
Xidmətin iddiasında bildirilib ki, Aleksey Navalnı 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilərkən məhkəmə qərarı ilə ona 5 il sınaq müddəti də təyin edilib. Sonradan isə sınaq müddəti daha bir il uzadılıb. Sınaq müddəti 2020-ci il dekabrın 30-dək qüvvədə olub.
Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasında vurğulanıb ki, sınaq müddəti başa çatanadək Navalnı hər ay iki dəfə müvafiq dövlət orqanında qeydiyyatdan keçməli idi, qayda belədir. Lakin Navalnı ötən ilin ikinci yarısından sonra qeydiyyatı aparan idarəyə gəlməyib.
Siyasətçinin müdafiəçiləri məhkəmənin diqqətinə çatdırıblar ki, Navalnı ötən ilin avqustunda zəhərlənib və Almaniyada müalicə olunub.
Cəzaların İcrası üzrə Federal Xidmətin təmsilçisi isə iddianı müdafiə edərək deyib ki, Navalnının Almaniyada müalicəsi sentyabr ayında başa çatıb, lakin bundan sonrakı dövrdə də o, qeydiyyatdan keçməli olduğu idarəyə gəlməyib.
Fevralın 2-də Simonov Rayon Məhkəməsi Navalnının 2020-ci ilin ikinci yarısında ən azı 6 dəfə qeydiyyatdan keçməli olduğu dövlət orqanına gəlmədiyini əsas götürərək Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasını təmin edib.
Fevralın 20-də Moskva Şəhər Məhkəməsi rayon məhkəməsinin hökmünü qismən dəyişdirməklə qüvvədə saxlayıb. Dəyişiklik həbs müddətinin altı həftə azaldılmasından ibarət olub. Beləliklə, Aleksey Navalnının həbs müddəti 2 il 8 aydan 2 il 6 ay iki həftəyə endirilib.
Navalnı cəzasını hazırda Moskva ətrafında yerləşən 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.скачать dle 12.1